• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib

Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli alim Aida İmanquliyevanın məzarını ziyarət edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 79-cu ildönümündə alimin məzarını ziyarət edib.
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, direktor, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva çıxışında Aida İmanquliyevanın həm bir alim kimi dünya şərqşünaslıq elminə dəyərli töhfələrini, həm də bir qadın və bir ana kimi Azərbaycan qadınına örnək ömür yaşadığını qeyd edib.
Bildirib ki, Aida İmanquliyeva öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirib və inkişaf etdirib. Onun bir alim kimi maraq dairəsi geniş və çoxşaxəli olub, lakin elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatıdır. “Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi”, - deyə Gövhər Baxşəliyeva bildirib.
Görkəmli alimin elmi və təşkilati fəaliyyətindən danışan Gövhər Baxşəliyeva Aida xanımın elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçdiyini, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəldiyini qeyd edib.
G.Baxşəliyeva A.İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini, elmi tədqiqat işlərinin miqyasının genişləndirilməsi, nəzəri səviyyəsinin, əməli əhəmiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrin dərinləşdirilməsi sahəsində xeyli iş gördüyünü vurğulayıb.
Xatırladıb ki, görkəmli alim Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə yüksək səviyyədə təmsil edib. Aida İmanquliyeva, həmçinin yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb, onun rəhbərliyi ilə qısa müddətdə bir çox namizədlik dissertasiyaları müdafiə edilib.
Bu gün də Aida İmanquliyevanın əsərlərinin dönə-dönə oxunduğunu, təhlil və tədqiq edildiyini, tərcümə və nəşr olunduğunu deyən Gövhər Baxşəliyeva görkəmli alimin həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını bildirib, əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını deyib.
Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov Aida İmanquliyevanın ərəb ədəbiyyatşünaslığında bir məktəb yaratmış alim olduğunu, onun açdığı elmi cığırların bu gün də davam etdirildiyini deyib. Fərda Əsədov görkəmli şərqşünas alimin əsərlərinin ərəb aləmində geniş yayıldığını, bu əsərlərdə onun öz dövrünü bir neçə onillik qabaqlayaraq, Şərqlə Qərb arasında qarşılıqlı təsiri gözəl əks etdirdiyini vurğulayıb.

11 Oktyabr 2018 01:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin