Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musiqisevərlər onu həmişə qədirbilənliklə və sevgi ilə xatırlayır

Əfsanəvi tarzən, respublikamızın ilk Xalq artisti Qurban Pirimovun anadan olmasının 140-cı, vəfatının 55-ci ildönümü və əfsanəvi tarzənin ruhuna ehtiram əlaməti olaraq, Fəxri Xiyabana getdik, qəbrini ziyarət edib, ruhuna dualar oxuduq. Eyni zamanda böyük ustadın nəticəsi və adını daşıyan Qurban Pirimovla geniş fikir mübadiləsi apardıq.

Qurban Baxşəli oğlu Pirimov XVIII əsrdə Qarabağda məşhur olmuş Aşıq Valehin nəticəsidir. O, XIX əsrin sonlarında ifaçılığa başlayıb, həm solo, həm trio, həm də orkestrin tərkibində mahir ifalar nümayiş etdirib. Hələ 15 yaşında olanda, müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Pirimov, Qarabağ el şənliklərində seçilən görkəmli xanəndələri müşaiyət edib. Toyların birində xanəndə İslam Abdullayev ona bir yerdə işləməyi təklif edib. 1905-ci ildə Qurban Pirimovun taleyində uğurlu dönəm olub. Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib.

Tarzən 1905-ci ildən, ustad müğənni Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradıb, 20 ilə qədər öz fəaliyyətini bu üçlüklədavam etdirib. Q.Pirimov həmin fəaliyyəti dövründə ün qazanıb, müxtəlif yerlərdə Qafqaz, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906-1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılıb. Qurban Pirimov dramatik və musiqili səhnə əsərlərində tarda ifaları ilə şöhrətinə şöhrət qatıb. O, Üzeyir Bəy Hacıbəylinin 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan "Leyli və Məcnun" əsərində orkestri tarda müşaiyət edib.

Qurban Pirimov 1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. O, Qliyerin "Şahsənəm" operasının tamaşaya qoyulmasında bilavasitə iştirak edib. Eyni zamanda, 1934-cü ildə Tiflisdə keçirilən “Zaqafqaziya xalqlarının Olimpiadası”nda birinci yeri tutub, habelə 1939-cu ildə Moskvada keçirilmiş “Musiqiçilərin Ümumittifaq Baxışı”nın qalibi olub.

Ü.Hacıbəyli ilə, M.Maqomayevlə, Z.Hacıbəyovla yaxından dostluğu, həmçinin yaradıcılıq münasibətləri Q.Pirimovun Azərbaycan professional musiqisinin inkişafında da müstəsna rolundan xəbər verir. Niyazi, Q.Qarayev, T.Quliyev, F.Əmirov, S.İbrahimova kimi bəstəkarlar tarzən Pirimovun iştirakı ilə bir neçə muğam, xalq mahnı və təsniflərini nota yazıblar.

Qurban Pirimov həmçinin pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1925-ci ildə Ü.Hacıbəylinin başçılığı ilə muğam proqramının hazırlanmasında da yaxından iştirak edib. Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov onun tələbələri olub.

Ustad tarzənimizə bir daha ulu Tanrıdan rəhmət diləyir, sənət yolunu davam və inkişaf etdirərək, onun ruhunu şad edən sənətkarlarımıza uğurlar arzulayıram!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

31 Avqust 2020 14:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə