• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaliblər mükafatlandırıldı

Qaliblər mükafatlandırıldı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə jurnalistlər arasında keçirdiyi “Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsinin  qaliblərinin mükafatlandırılmasına həsr edilmiş tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə açan Ailə, ­Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova  Azərbaycan tarixində qadınların rolu və mövqeyindən danışdı və keçilən tarixi mərhələlər barədə məlumat verdi.  Bildirdi ki, Azərbaycan qadını tarixin bütün mərhələlərində fəallığı, milli-mənəvi dəyərlərə, ailəyə ehtiramı ilə seçilmişdir. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi onlara olan etimadın göstəricisi, bu il 100 illiyini qeyd etdiyimiz AXC-nın demokratik ənənələrə bağlılığının göstəricisi idi.
Onun sözlərinə görə, xalqımızın inkişafında və maariflənməsində, dövlətçilik ənənələrinin formalaşdırılmasında xidmətləri olan qadınların həyat və fəaliyyətinin öyrənilməsi və ictimaiyyətə çatdırılması olduqca önəmlidir. Sədaqət Qəhrəmanova vurğuladı ki, Azərbaycan tarixi, cəmiyyəti və ictimai-siyasi, mədəni həyatında iz qoymuş qadınların fəaliyyətinə mətbuatın diqqət ayırması həmişə gündəmdə olmalıdır.
Daha sonra çıxış edən Milli Televiziya və Radio Şurası sədrinin müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva Azərbaycan qadınının  yüksək potensialı, dünyagörüşü, eləcə də, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən danışdı.  Qeyd etdi ki, hələ sovet dövründə qadınların müxtəlif sahələrdə – təhsildə, istehsalatda, kənd təsərrüfatında fəallıq göstərməsi, ölkənin ictimai-siyasi həyatında iştirak etmələri bir həqiqətdir.  Həmin dövrdə qadınların ictimai-siyasi fəallığının artırılması, onlara etimadın göstərilməsi o vaxt ölkəyə rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin diqqəti və fəal qadınların əməyini qiymətləndirməsi danılmazdır. Ötən əsrin əvvəlində  maarifçilik hərəkatında ziyalı azərbaycanlı qadınların roluna toxunan Sona Vəliyeva mətbuat tariximizdə mühüm yer tutan  “İşıq” qadın jurnalının yaranması barədə danışdı.  Dedi ki, ziyalı xanım Xədicə Əlibəyovanın nəşr etdirdiyi bu nəşr Azərbaycan qadınını daha güclü, savadlı, yüksək dünyagörüşə malik xanım kimi görmək arzusundan irəli gəlirdi.  Azərbaycan xanımları bu gün də dövlətimizin  istər ictimai-siyasi, istərsə də elmi, mədəni həyatında fəaldırlar.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin   əhatəli fəaliyyəti ilə yanaşı, həm də tariximizdə iz qoyan qadınların rolunu araşdırdığını vurğulayan natiq  gərgin fəaliyyət nəticəsində “Cümhuriyyətə işıq saçan qadınlar” adlı maraqlı bir kitabın nəşrini yüksək qiymətləndirdi.
Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı belə bir müsabiqənin keçirilməsini yüksək qiymətləndirdi.  Qeyd etdi  ki, bu cür tədbirlərin, müsabiqələrin keçirilməsi gənclərdə yaradıcılığa, elmi fəaliyyətə həvəs oyadacaq.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, tarix üzrə fəlsəfə doktoru Lətifə Əliyeva və digər çıxışçılar Azərbaycan qadınının cəmiyyətdə rolundan, qarşıda duran vəzifələrdən danışdılar.
Sonda müsabiqənin qalibləri mükafatlandırıldı. 
Qeyd edək ki, müsabiqəyə 50-yə qədər yazı təqdim olunmuşdur. Yazılar məzmununa, tarixi məlumatlara və faktlara, peşəkarlıq səviyyəsinə, oxucu üçün mövzunun əhəmiyyəti və informasiyalılıq dərəcəsinə görə qiymətləndirilib.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

 

11 Oktyabr 2018 01:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin