Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərxalça" 1330 ədəd xalça toxuyub, 287-sini satıb

"Xalçaçılığın çox böyük potensialı var. Dövlət vəsait ayırıb, bütün xalça fabrikləri dövlət hesabına tikilir, bütün avadanlıqlar dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq".

"Report" xəbər verir ki, bunu "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

"Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verib. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin nümunələri siyahısına daxil edilib", -V.Muradov vurğulayıb. 

Onun sözlərinə görə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında filiallar yaradıb: "Bu filialların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb, Azərbaycanda istehsal edilmiş 43 dəzgah quraşdırılıb və hazırda milli və orijinal çeşnilər əsasında xalçalar toxunur.

Ümumi sayı 900 nəfərə yaxın olan toxucularımızın əksəriyyəti gənclərdir. Filialların stabil fəaliyyətinin təmin olunması üçün ayrılmış 2 milyon manat vəsaitlə “Hyundai” markalı 18 avtobus da alınıb".

İdarə Heyətinin sədri vurğulayıb ki, filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Yerli və xarici bazarlarda “Azərbaycan brendi” olaraq 287 ədəd, 853 kvadratmetr xalça satılıb".

 

İsaq Əmənullayev,
"Xalq qəzeti”

10 Oktyabr 2018 17:03 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin