Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan nümayəndə heyəti ÜST-ün sessiyasında iştirak edib

Azərbaycan nümayəndə heyəti ÜST-ün sessiyasında iştirak edib

Bu günlərdə İtaliyanın paytaxtı Roma şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Komitəsinin (ARK) 68-ci sessiyası keçirilib. səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyəti sessiyanın işində iştirak edib. 

ÜST Avropa Regional Komitəsinin 68-ci sessiyası ərəfəsində keçirilən ÜST ARK İcraiyyə Komitəsinin iclasında bu quruma üzv seçilmiş ölkələrin nümayəndə heyətlərinin rəhbərləri sessiyanın gündəliyini, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələlərini müzakirə ediblər.

Sessiyanın açılışında ÜST Avropa Regional Direktoru Jujanna Yakab hesabat nitqi ilə çıxış edib. O, Ümumdünya Səhiyyə Assambleyasının qətnamələrinin Avropada həyata keçirilməsi, səhiyyənin maliyyələşməsi, səhiyyə proqramlarının həyata keçirilməsi üzrə donor ölkə və qurumlarla əlaqələrdən danışıb, müzakirə ediləcək məsələlərdə ÜST rəhbərliyinin mövqe və tövsiyələri haqqında məlumat verib.

 Sessiyaya müraciətlə çıxış edən ÜST Baş Direktoru Tedros Gebreyesus ÜST-də gedən islahatlardan danışıb, onların davam etdirilməsində üzv ölkələrin ekspertlərinin daha yaxından iştirakının zəruri olduğunu bildirib.

 Əsas donor ölkələrinin Avropa Regionunda olduğunu deyən Baş Direktor problemin həllində bu region ölkələrinin müstəsna rolunu qeyd edib.

 Sessiya iştirakçıları ÜST islahatları, səhiyyədə texniki məsələlər, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, “Səhiyyə -- 2020” strategiyası, qlobal səhiyyə sistemlərinin strateji idarəetməsi, reproduktiv sağlamlıq, tibb kadrlarının təkmilləşdirilməsi, QİÇS və vərəmlə mübarizə, Beynəlxalq Səhiyyə Qaydaları, səhiyyə və sosial sektorun maliyyələşdirilməsi və digər məsələləri müzakirə ediblər.

 Qlobal Fondla vərəm üzrə fəaliyyət planının müzakirələri zamanı Azərbaycanın müsbət təcrübəsi üzv ölkələr tərəfindən qeyd olunub. Tədbir çərçivəsində səhiyyə naziri Oqtay Şirəliyevin Avropa Regional Komitəsinin rəhbərliyi, ÜST-nin Azərbaycan ofisinin yeni rəhbərliyi, habelə üzv ölkələrdən Avstriya, Türkiyə, Belarus və Özbəkistanın səhiyyə rəsmiləri ilə işçi görüşləri keçirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 Oktyabr 2018 13:54 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin