Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan kinosunun Şahmarı

Onu yaxşı tanıyırdım. “Azərbaycanfilm” kinostudiyasında  tez-tez  görüşərdik. Sadə, səmimi insan idi. Sənət  dostları ondan həmişə ağızdolusu razılıqla  danışardılar. Sənətinə də ki, söz  yox idi.

Şahmar Ələkbərov 1943-cü ildə anadan olmuşdu. O, kinonu tamaşaçıya sevdirən, yaratdığı müxtəlif səpkili tipik obrazlarla həmişəlik yaddaşlara həkk olunan sənətkarlardandır. Şahmarın ilk uşaqlıq illəri Bakıdan kənarda, Gəncədə keçsə də 9 yaşından etibarən ailəsi ilə birgə paytaxta köçür. Sənətə böyük həvəs göstərən aktyor Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ III kursda təhsil alarkən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. "Ustalar" tamaşasında qazandığı ilk uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanan Şahmarı bundan sonra məşhur sənətkar Adil İsgəndərov kinostudiyanın nəzdində özünün yaratdığı "kino aktyorluğu" studiyasına dəvət edib. "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib.

Təhsilini başa vurduqdan sonra, xüsusi istedadı ilə hər kəsin diqqətini cəlb edən Şahmar müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərovun kinoda ilk işi 1967-ci ildə kinorejissor Kamil Rüstəmbəyovun yazıçı-jurnalist Əhmədağa Qurbanovun "Tikanlı məftillər" povestinin motivləri əsasında ekranlaşdırdığı "Dağlarda döyüş" filmindəki Fərrux obrazı olmuşdu. Filmdə dövlət sərhədinin qorunması, kimliyindən asılı olmayaraq, torpağımıza pis niyyətlə soxulan hər bir insanın cəzalandırılması ideyası qabardılıb. Filmdə aktyorların emosional, maraqlı dialoqlarında biz Vətən anlayışını zəif mənəviyyatına qurban verən ata və doğulduğu, böyüyüb boya-başa çatdığı, sevgisini tapdığı torpağa qətiyyən xəyanət etməyəcəyinə and içən örnək timsallı kamil bir övlad obrazını görürük. Şahmar Ələkbərovun yaratdığı Fərrux obrazı minlərlə insana sübut etdi ki, valideynsiz, təkbaşına böyüməklə də həyatda müsbət cəhətli əsil vətəndaş olmaq olar. Belə qüsursuz mövqedə olan bir gəncin həyat amalı filmin bədii keyfiyyətini, ekran həllini bu gün də qoruyub saxlamasına təkan verir. Aktyorun yaradıcılıq karyerasında xarakterik rollarından biri də 1969-cu ildə kinorejissorlar T. Tağızadənin və A.Quliyevin birgə çəkdiyi "Mən ki, gözəl deyildim" filmindəki Məzahir obrazıdır. Bu filmdə Məzahir Böyük Vətən müharibəsi illərində (1941-1945) arxa cəbhədə çalışan fədakar gəncin obrazıdır. Aktyor Məzahir obrazının təfsirində müharibənin dəhşətlərindən bezmiş, pessimistliyə qapılmış insanlarda daim ruh yüksəkliyi yaratmağa çalışan, onları sevməyə, yaşamağa ruhlandıran əslində isə, çətinliklərin məngənəsində sıxılan, sıxıntısını da əsil kişiliyə məxsus bir cəhət kimi gizlədən həyati bir qəhrəman obrazını yaradır. Şahmar Ələkbərovun personajları həm ideya-bədii cəhətdən, həm də kişilik simvolunun monumental təcəssümü kimi həmişə tamaşaçıda maraq yaradıb. O, müraciət etdiyi hər bir prototipin xüsusiyyətlərini özününküləşdirməyi, real personaj kimi tamaşaçıya çatdırmağı bacarırdı. Məsələn, rejissor A. Babayevin "Arxadan vurulan zərbə" filmindəki müstəntiq Gündüz Kərimbəylinin sakit, təmkinli görünüşü, mənalı və ağıllı gözləri, təbii jestləri aktyorun ifasında bizə işinin peşəkarı olan bir obrazın həyat mövqeyini, ciddi iş prinsipini tamlığı ilə açıb göstərir. Şahmar Ələkbərovun rəngarəng obrazlarına nəzər salanda, onun çalışqan, öz yaradıcılığı üzərində daim işləyən bir aktyor kimi diqqəti cəlb edir. O, kinorejissor E.Quliyevin "Babək" filmində xürrəmilərin başçısı, cəsur sərkərdə Cavidan obrazını bacarıqla yaradıb. Tarixi-dram janrında çəkilən bu filmdə Cavidan obrazının vətən sevgisini, yanğısını, bütövlükdə, dramaturji əsərin şərhini aktyorun canlı, təbii ifalarından görmək mümkündür. Aktyorun peşəkarlığı iştirakçısı olduğu filmlərin ekran həllini itirməməyinə rəvac verir. Aktyor ikinci planlı və epizodik rollarını da filmin aparıcı qüvvəsi səviyyəsində canlandırıb. Aktyorun kinorejissor Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmində yaratdığı İman obrazı da maraqlı personajlardandır. Kinorejissor T.Tağızadənin "Yeddi oğul istərəm" filmindəki Qəzənfər obrazı onun yaradıcılıq imkanlarının üzə çıxarılmasında əhəmiyyətlidir. Bu filmdə "yeddi oğuldan" biri olan Qəzənfərin özünəməxsus fərqliliyi həyatsevərliyindən irəli gələn fərdi xüsusiyyətidir. Filmdəki Qəqəni ilə maraqlı görüşləri obrazın daxili keyfiyyətlərini üzə çıxarılması baxımından maraq doğurur. Qəhrəmanlıq simvolu kinoda onun yaradıcılıq kredosuna çevrilmişdi.Böyük bir yaradıcılıq irsi ilə səciyyələnən aktyor bir-birindən fərqli rollarında insan xarakterlərinin açılmasında dəyişir, müxtəlif mimika və jestləri ilə öz fikirlərini geniş bir auditoriyaya - kinosevərlərə təqdim edir. Kinorejissor Rasim Ocaqovun tarixi-bioqrafik janrda çəkdiyi "Qatır Məmməd" filminin baş qəhrəmanı xalqın əmin-amanlığının keşiyində dayanan cəsur bir simadır. Zəiflərin bədbəxtliyi üzərində xoşbəxtliyini quranlara qarşı həyatını mübarizəyə həsr edən Qatır Məmmədin bir arzusu var: elində-obasında tərəqqi və sabitliyi bərqərar etmək.

Aktyorun xarakterinə uyğun düzgün verilmiş rejissor traktovkaları, güclü yaradıcılıq potensialına malik olan tərəf-müqabillərinin (Səməndər Rzayev, Yusif Vəliyev və b.) dəqiq oyunları onun ifaçılığını daha da zənginləşdirirdi. Hər dövrün kəskin ictimai məsələlərinə ekran dili ilə aydınlıq gətirən geniş diapazonlu aktyor ifası, iştirak etdiyi bütün filmlərin dərin bədii təcəssümünü diqqətəlayiq tərzdə yarada bilirdi. Sənətkar dram aktyoru kimi ona həvalə olunan bütün rolların öhdəsindən məharətlə gəlirdi. O, nəinki özünün çəkildiyi 30-a yaxın filmdə, eyni zamanda, dublyajda səsləndirdiyi onlarla personajların xarakterlərini də tam dolğunluğu ilə tamaşaçıya çatdırmağa çalışırdı. Aktyorun filmoqrafiyasına daxil olan 100-dək dublyaj filmlərdən "O qızı tapın", "Uşaqlığın son gecəsi", "Şərikli çörək" və "Mozalan" studiyasında istehsal olunmuş çoxlu sayda filmlərin adlarını çəkmək olar. O, 1987-ci ildə ilk olaraq G. Əzimzadə ilə birlikdə "İmtahan" bədii televiziya filmini ekranlaşdırdıqdan sonra müstəqil olaraq "Sahilsiz gecə" və "Qəzəlxan" filmlərini çəkib.

Şahmar Ələkbərov, həmçinin, teleradio sahəsində də fəallığı ilə seçilib. Ş.Ələkbərovun radioda ilk çıxışı "Ulduz" proqramının aparıcısı kimi olub. Bundan başqa onlarca televiziya tamaşasında yaddaqalan obrazların ifaçısı kimi tanınıb. Sonralar "Molla Nəsrəddin" radio verilişinin aparıcısı olub. Bir çox filmlərin dublyajında iştirak edən xalq artisti, dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci ilin sonunda 50 yaşında ikən vəfat edib.

Zaman keçəcək, uzun illər onun yaratdığı obrazlar sənətsevərlərin yaddaşından silinməyəcək və daim xatırlanacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 Avqust 2020 10:46 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
27 Yanvar 2021 | 01:29
Ənənələr bərpa edilir

Köhnə versiyamızdan xəbərləri izlə