Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həyata keçməyən arzuları, planları qaldı...

Azərbaycanın Dövlət Mükafatı laureatı, görkəmli aktyor, ssenarist, rejissor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov 1943-cü il avqustun 23-də Gəncədə doğulub. 9 yaşı olanda ailəsi ilə birgə Gəncədən Bakıya köçüb və orta məktəbi 15 yaşında bitirib. Atası əslən Cəbrayıllı, anası (İzulət xanım) Tiflisli olub.

O, Teatr İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ III kursda ouyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Bundan sоnra məşhur sənətkar Adil İsgəndərov оnu kinоstudiyanın nəzdində özünün yaratdığı "Kinо aktyоrluğu" studiyasına dəvət edib. Ş.Ələkbərov ali təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi universitetdə saxlanılıb.

Ş.Ələkbərоv teleradiо sahəsində də fəal оlub. Оnun radiоda ilk çıхışı "Ulduz" prоqramının aparıcısı kimi оlub. Bundan başqa оnlarca televiziya tamaşasında yaddaqalan оbrazlar yaradıb. "Mоlla Nəsrəddin" radiоverilişinin aparıcısı və bir çох filmin dublyajında iştirak edib.

Teatrda ilk dəfə Vilyam Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. "Ustalar" tamaşasında qazandığı uğurdan sоnra böyük tamaşaçı auditоriyasının rəğbətini qazanıb. Kinoda ilk rolu “Dağlarda döyüş”lə başlayıb (1967).

Ş.Ələkbərov "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib.

Onun yaradıcılığında elə filmlər var ki onlar milli-mənəvi dəyərlərimizin ən qiymətli örnəkləri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün gerçək ovqatını canlı əks etdirməsidir. Ş.Ələkbərovun yaradıcılığında özünəxas yeri olan "Mən ki, gözəl deyildim" filminin qəhrəmanı, sadə, səmimi gənc Məzahir obrazı elə bil onun xarakterinə biçilib. Aktyor heç bir impovizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırıb. Məzahir kinomuzda yeni bir obraz idi. Bu sürücü oğlanın nikbin ruhu filmin faciəli yükünü xeyli azaldır. O, həmişə gülür, zarafat edir, sanki insanların qəlbinə çökmüş müharibə ağrılarını dəf etmək istəyir. Məzahirin sevgisində də bir səmimiyyət var. Filmi rejissor Tofiq Tağızadə çəkmişdi.

Görkəmli sənətkarın rejissor kimi fəaliyyəti də, diqqətə və təqdirəlayiq olub.

O, rejissor kimi ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə "İmtahan" filmini çəkib. Bu ictimai motivli filmdə Ş.Ələkbərov, çox böyük həvəslə işləyib. (Filmin ssenarisini ANAR özünün "Şəhərin yay günləri" povesti əsasında yazıb). Ssenari müəllifi də, G.Əzimzadə də, tamaşaçılar da filmdən razı qalıb, bu da, Ş.Ələkbərovun rejissor kimi ilk işinin uğurlu olması demək idi.

1990-cı ildə Ş.Ələkbərov öz ssenarisi əsasında "Qəzəlxan"ı çəkməyə başlayıb. Baş rola gənc aktyor Loğman Kərimovu dəvət edib. Çəkilişlər dayanmadan gedib, hər şey öz qaydasında olub. Sonra material çoxluğunu görən Ş. Ələkbərov filmi iki hissədə çəkib. Film 1991-ci ildə ekranlara çıxıb. "Qəzəlxan"da Bakı kəndlərinin adət-ənənəsi, XX əsr ədəbi mühiti çox gerçək şəkildə əks olunub. Əfsus ki, Ş.Ələkbərov filmin ekran taleyini izləyə bilmədi, amansız ölüm 1992-ci ildə onu kinodan çəkiliş meydanlarından uzaqlaşdırdı…

Görkəmli sənətkar bir çox arzusunu, planını həyata keçirməyə macal tapmadı. Məşhur Bakı milyonçusu Ağa Musa Nağıyevə həsr etdiyi bir ssenari yazmışdı – özü çəkmək istəyirdi onu. Vəfatından sonra onun arzusunu görkəmli rejissor Rövşən Almuradlı gerçəkləşdirdi (1995). (Hər ikisinin ruhu şad olsun)!

Əlbəttə, görkəmli sənətkarın əsas uğurlarını aktyor kimi qazanıb.

Ş.Ələkbərovun canlandırdığı Qəzənfər ("Yeddi oğul istərəm..."), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Rizvan ("Qızıl qaz"), oğlanlardan biri ("Bizim küçənin oğlanları"), Azad ("Bakıda küləklər əsir"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlar olsa da, onları Ş.Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi birləşdirir. Ş.Ələkbərov o qədər qayğıkeş, o qədər səmimi insan olub ki, onunla həmsöhbət olan hər kəs ondan məmnunluqla ayrılıb, xoş xatirələrə qərq olub... Nikbinlik onda Tanrı vergisi idi; insanları sevirdi və bu sevgi onun təbiətindən irəli gəlirdi. Onun xoşhal, insancıl duyğuları sənətinə də keçmişdi. Təsadüfi deyil ki, rolları da özünə oxşayır...

20 illik peşəkar yaradıcılıq dövründə müxtəlif rejissorlarla işləyən Ş.Ələkbərov, unudulmaz yaradıcılıq yolu keçib. Bunlar haqqında o, öz "Xatirələrim" adlı yazısında gözəl məqamlara toxunub; lakin ömür bu yazıları kitab halında çap etməyə ona imkan vermədi... Orada təkcə sənətkarın özkeçmişi deyil, bütövlükdə Azərbaycan kinosunun 20 illik dövrünün canlı salnaməsi əks olunub...

Görkəmli sənətkarın fiziki ömrü 50 il sürüb. Amma bu müddətdə yaratdığı obrazlar, çəkdiyi filmlər onun mənəvi ömrünü 50 ilə sığmayacaq miqyasda böyüdüb. Azərbaycan, Azərbaycan mədəniyyətinin daşıyıcıları durduqca, Şahmar sənəti də yaşadılacaq, yaşayacaq – bu əbədilik qazanmaq deməkdir...

Ruhu şad olsun!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

24 Avqust 2020 10:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
27 Yanvar 2021 | 01:29
Ənənələr bərpa edilir

Köhnə versiyamızdan xəbərləri izlə