Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəran rayonunda çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri

Lənkəran rayonunda çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonunun Girdəni, Veravul, Boladi, Vilvan kəndləri ərazisində 15 hektar kələm əkini sahəsində müşahidələr aparılıb.

Müşahidələr zamanı 5 hehtar sahənin çılpaq ilbizlərlə sirayətləndiyi müəyyən olunub və 3 hektar sahədə Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat sahibləri tərəfindən mübarizə tədbirləri aparılıb. İlbizlərə qarşı kimyəvi mübarizə tədbirləri “Metaldehid”tərkibli preparatla aparılıb. Azərbaycanda çılpaq ilbizlər əsasən Lənkəran, Şəki-Zaqatala və Quba- Xacmaz bölgələrində geniş yayılıb.

Bu zərərverici kənd təsərrüfatı bitkilərindən taxıl, bostan-tərəvəz, paxlalı, qismən texniki və meyvə bitkilərinə zərər vurur. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.

Onlar növ tərkibindən asılı olaraq ildə 1- 2 nəsil verirlər və 1 ildən 3 ilə qədər yaşayırlar. Yay və payız ayları yağmurlu keçdikdə ilbizlər daha da çoxalır. Kütləvi çoxalma illərində isə kənd təsərrüfatı bitkilərinə zərər verirlər. Əsasən bitki yarpaqlarının yumşaq hissəsini gəmirib yeyirlər.

Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından, bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti çılpaq ilbizlərlə mübarizə aparmaq üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, mübarizə işləri isə hüquq və fiziki şəxslərin özləri tərəfindən aparılır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

10 Oktyabr 2018 11:37 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə