Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

...Havalansın Xanın səsi – Qarabağın Şikəstəsi...

Ustadlar ustadı, xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir ) 1901-ci il avqustun 20-də Şuşada doğulub. 16 yaşında ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürdi-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.

XX əsrin 20-ci illərində Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. Repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. O, xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni çalarlar qatıb. 1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya Xalqlarının I İncəsənət Olimpiadasında böyük uğur qazanaraq, birinci mükafata layiq görülüb. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaradıb və burada gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslini yaradıb. Sara Qədimova, Yaqub Məmmədov və daha neçə ünlü sənətkarın ustadı Xan Şuşinski olub.

Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub. Yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu anlamda, Üzeyir Bəy Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

Respublikamızda "Xan Şuşinski Fondu" fəaliyyət göstərir. Fondun direktoru xanəndənin qızı Bəyimxanım Verdiyevadır. B.Verdiyeva atası ilə bağlı maraqlı hadisələri danışıb. Deyir, Nəriman Nərimanov Xan Şuşinskinin ifasında "İzmir” marşını -- "Yaşa, yaşa, yüz yaşa, Mustafa Kamal Paşa” mahnısını dinləməkdən zövq alarmış. “Atam danışardı ki, Nəriman Nərimanov hər dəfə Azərbaycana gələndə onu yanına çağırıb, Atatürkə həsr olunmuş bu mahnını dönə-dönə oxudarmış”…

1943-cü ildə Moskvadan folklor sənətini təhlil edən bir qrup musiqişünas alim heyəti Bakıya gəlir. Məşhur müğənni Bülbül Xan Şuşinskini dəvət edib, onlar üçün "Mahur hindi” muğamını oxumağı xahiş edir. Qonaqlar Xanı ardıcıl olaraq bir neçə dəfə oxutdurub, dinlədikdən sonra bu səsin gücünə heyran qaldıqlarını gizlətmədən, icazə istəyib, Xanın ağzına və boğazına diqqətlə baxırlar. Xan Bülbüldən soruşur ki, bunlar nə istəyir. Bülbül deyir: "Xan, bunlar elə bilir sən boğazında mikrofon gizlətmisən, inana bilmirlər ki, insanda bu qədər geniş diapazonlu, güclü səs ola bilər”…

Ustadın musiqi mədəniyyətimizə bəxş etdiyi mükəmməl ifalar  "Azərbaycanın Xalq artisti" fəxri adı (1943),  "Şərəf Nişanı" (1959),  Azərbaycan Ali Sovetinin “Fəxri Fərman”ı (1971) və bu kimi yüksək mükafatlara, təltiflərə layiq görülüb.

Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Xalq artistinin haqqında olan ədəbiyyatlardan örnəklər: Muxtaroğlu V. “Havalansın Xanın səsi” (1971), Şuşinski F. “Azərbaycan xalq musiqiçiləri” (1985), Çəmənli M. “Muğam dünyasının Xanı (xatirələr; 2001) və s.

Ağdam Uşaq Muğam Musiqi Məktəbi, Bakının Nərimanov rayonundakı küçələrdən biri Xan Şuşinskinin adını daşıyır.

İnşallah, Xan əminin dogma şəhəri Şuşanı azad edib, orada xatirə muzeyinin açıldığı günü görmək nəsibimiz olsun!

Ruhu şad olsun!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

21 Avqust 2020 11:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
27 Yanvar 2021 | 01:29
Ənənələr bərpa edilir

Köhnə versiyamızdan xəbərləri izlə