Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2020-ci ilin dekabr ayında Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin ana­dan olmasının 100 illiyi tamam olur.

Həsən Seyidbəyli ssenari müəllifi oldu­ğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə yeni səhifələr yazmışdır. Onun həyat həqiqətlərinə sədaqətlə yaradılan və mənəvi zənginlik, əxlaqi saflıq, dərin zövq aşılayan uğurlu ekran əsərləri, xüsusilə “Nəsimi” tarixi bədii filmi milli kinematoqra­fiyanın nailiyyətləri sırasında özünəməxsus layiqli yer tutur. Həsən Seyidbəyli Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi uzun illər ərzində dünya ki­nosunun qabaqcıl təcrübəsindən lazımınca bəhrələnməklə respublikada kinematoqra­fiya fəaliyyətinin təşkilinə və kino sənətinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Meydana gətirdiyi sanballı nəsr nümunələri Həsən Seyidbəyliyə ədəbiyyat aləmində geniş şöhrət qazandırmışdır.

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan kinematoqra­fiyasının inkişafında təqdirəlayiq xidmətlər göstərmiş Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Res­publikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 avqust 2020-ci il

20 Avqust 2020 01:03 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə