Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan--Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir

“Müstəqil Azərbaycan uğurlu xarici siyasət nəticəsində beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində Azərbaycan dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlarla fəal əkməkdaşlıq əlaqələri həyata keçirib. Məhz bunun nəticəsində də Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi qəbul olunur. Hazırda pandemiya şəraitinin davam etməsinə baxmayaraq, ölkəmiz geniş beynəlxalq əlaqələrini davam etdirir, pandemiyaya qarşı mübarizədə qlobal təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslərin dəstəklənməsi də ölkəmizin artan nüfuzundan xəbər verir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S. Fətəliyeva bildirib ki, Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əsasda fəal əməkdaşlıq edir. Müstəqil siyasət həyata keçirən dövlətimizin xarici siyasətində milli maraqlarımız əsas götürülür. Məhz bu amil xarici siyasətdə, beynəlxalq müstəvidə uğurlarımızı şərtləndirən əsas amillərdən biridir. Onun sözlərinə görə, xarici siyasətimizdə qonşu dövlətlərlə münasibətlərin inkişafı xüsusi yer tutur: Bu məqamda Azərbaycanın qardaş Türkiyə əlaqələrini də xüsusi vurğulamaq yerinə düşər. Məlumdur ki, ölkəmizin Xarici İşlər və Müdafiə nazirləri qardaş ölkəyə səfər ediblər. Səfər zamanı Türkiyə Prezidenti, eləcə də digər müvafiq dövlət qurumlarının rəhbərliyi ilə görüşlər keçirilib, mühüm müzakirələr aparılıb. 

Deputatın fikrincə,  Azərbaycan--Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir: “İki dövləti tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan --Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etdirilir. Xüsusilə, qeyd etmək lazımdır ki, qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir birini birmənalı olaraq dəstəkləyir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Ermənistanın işğalçı siyasəti davam etdirdiyi üçün Türkiyə onunla bütün əlaqələri dayandırıb, sərhədlərini bağlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlərini qəbul etməsi, bu  zamanı aparılan müzakirələr bir daha iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir”.

S. Fətəliyeva  bildirdi ki, qardaş Türkiyənin nümayiş etdirdiyi mövqe haqlı mübarizəmizdə Azərbaycanın yalnız olmadığını təsdiqləyir. Eyni zamanda, Azərbaycan --Türkiyə birliyi bölgədə sülhün və təhlükəsizliyinin başlıca faktorlarından biridir.  Azərbaycan və Türkiyə bu gün regionda söz sahibi olan dövlətlərdir. Təbii ki, bu bölgədə baş verən proseslərdə  qardaş  ölkələrin mövqeyi həlledici əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, dövlətlərimiz qlobal enerji layihələrinin təşkilatçılarıdır, onda iki qardaş ölkənin nəinki regionda, eləcə də, dünyada nüfuzu daha da artmaqdadır.

Deputat Azərbaycan və türk diasporunun da xarici ölkələrdə vahid mövqedən çıxış etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, həm, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin, həm də uydurma “erməni soyqırımının” beynəlxalq müstəvidə  ifşa olunmasında hər iki xalqın diasporu fəal əməkdaşlıq edir: “Ermənistanın iyul ayında Tovuz rayonu istiqamətində hərbi təxribatı ilə əlaqədar xaricdə yaşayan soydaşlarımız dövlətimizlə, ordumuzla həmrəylik nümayişləri keçirərək düşmənin işğalçılıq siyasətini, Tovuz istiqamətində törətdiyi növbəti təxribatı pisləyib, ordumuza, dövlətimizə dəstək nümayiş etdiriblər. Ermənilərin isə xaricdə yaşayan soydaşlarımızın keçirdikləri dinc aksiyalara dözümsüz yanaşmaları onların əsl simasını, terrorçu niyyətlərini açıb göstərir. Bütövlükdə , bu fəaliyyət Azərbaycan diasporunun son illər mütəşəkkil qüvvəyə çevrilməsinin göstəricisidir”.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

14 Avqust 2020 10:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə