Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Apostolakis: Heç bir dövlət Afinaya görə Ankara ilə münasibətlərini korlamaz

Yunanıstan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, sabiq müdafiə naziri Yevangelos Apostolakis paytaxt Afinada “Mega” telekanalına müsahibəsində Aralıq dənizinin şərqində baş verən gərgin hadisələri şərh edib. Bu barədə yunan mediasına istinadən “Anadolu” agentliyi məlumat yayıb.

Keçmiş nazir bildirib ki, baş verənləri real qiymətləndirməyə çalışmaq lazım­dır. Nəzərə alınmalıdır ki, heç bir ölkə Yunanıstanın problemlərinə görə Türkiyə dövləti ilə münasibətlərini pozmaq istəməz.

Qeyd edək ki, Y.Apostolakis hazırda “ana müxalifət” sayılan “Syriza” partiyası­nın iqtidarda olduğu dönəmdə Yunanıstan hökumətində təmsil olunub. O, xəbərdarlıq edib ki, rəsmi Afina Ankara ilə növbəti dəfə gərginlik mərhələsinə daxil olmağa cəhd etsə, böyük ehtimalla sonda rəqibi ilə təkbətək qala bilər. Y.Apostolakis NATO üzvü olan iki ölkə arasında gərginliyin açıq silahlı qarşıdurmaya çevriləcəyini istisna edib. Onun fikrincə, münaqişə hazırda hər iki dövlətin və xalqın mənafeyinə uyğun deyil.

Dünən Türkiyə Prezidenti Rəcəb Tay­yib Ərdoğan bildirib ki, onun ölkəsi Aralıq dənizinin şərqində yaranmış mübahisənin diplomatik yolla həllinə tərəfdardır. Dövlət başçısı hesab edir ki, açıq, səmimi dialoq yolu ilə bütün tərəfləri qane edən variant tap­maq olar və bunu mümkün qədər tez etmək lazımdır.

Qeyd edək ki, Yunanıstan ötən ay Türkiyənin “Oruc Rəis” seysmik gəmisinin Kipr adası yaxınlığında geoloji araşdırma aparmasına kəskin etiraz etmişdir. Almaniya­nın diplomatik səyləri ilə Türkiyə və Yunanıs­tan arasındakı gərginliyin qarşısı alınmışdır. Lakin Yunanıstanın keçən həftə Misirlə dəniz sərhədlərinin məhdudlaşdırılması haqqında saziş imzalaması bölgədə gərginliyi yenidən artırmışdır.

M.HACIXANLI, “Xalq qəzeti”

14 Avqust 2020 04:41 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə