Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni taksilərdən istifadə hamıya sərfəli olacaq

Son illər Azərbaycanda fəaliyyəti güclənən sahələrdən biri də taksi xidməti təklif edən firmalardır. Sayı gündən-günə artan bu firmalar sərnişinlərə də xeyli variantlar irəli sürürlər. Səfərlər daha da ucuzlaşır, kom­fort daha yüksək səviyyəyə çatır. Nəticədə hətta maşını olan vətəndaşlar da taksi xidmətindən istifadəyə üstün­lük verir. Çünki bəzən şəhərə gedib parkinq yeri tapmaq, təkcə iki saatlıq parkinq üçün 3 manata yaxın vəsait ödəmək heç də sərfəli deyil.

Bakıda 10-15-ə yaxın taksi firması fəaliyyət göstərir. Tariflər isə bir-birindən fərqlidir. Əksəriyyəti müştərini ilk 10 dəqiqə gözləmək üçün heç bir məbləğ tələb etmir, sonrakı hər dəqiqə üçün isə 5 qəpik hesablayır. Bir kilo­metr məsafə isə 0,4-2 manat arasında qiymətləndirilir. Bəzi firmalar tarifi fərqli əsaslarla müəyyənləşdirib. Belə ki, 4 kilometrə qədər 2,40 manat təklif edən də var, 2 kilometrə görə 2,20 manat təklif edən də. Amma bəzi firmaların tıxac saatları üçün fərqli tələbləri var. Axşamüstü 17.00-19.00 radələrində gediş haqqına 1 manat əlavə tələb edən firmaları da yaddan çıxarmaq olmaz. Bütün hallarda seçim bizim – taksi xidmətindən istifadə edənlərindir.

Masazırda yaşayır, Res­publika Klinik Xəstəxanasında çalışıram. Taksi xidmətindən daimi istifadə edən biri kimi onu da demək istəyirəm ki, firmalarla əməkdaşlıq edən taksi sürücüləri ilə çalışmaq heç də hər zaman sərnişinə rahatlıq gətirmir. Bəzən şəhəri yaxşı tanımayan, naviqator sistemi mükəmməl səviyyədə çalışmayan sürücülərlə sərnişinlər arasında narazı­lıq yaranır. Müştəri evinə, iş yerinə taksi sifariş edir, amma sürücü verilən ünvanın naviqatorda görünmədiyini deyərək, məsafəni uzadır. Bəzən dəqiqələrlə taksi sürücüsünə yeri başa salmaq lazım gəlir ki, bu da əlavə əsəb deməkdir. Ona görə də taksi xidməti ilə məşğul olan firmalar sürücülərlə müqavilə bağlayarkən bunu mütləq diqqətdə saxlamalıdırlar. İlk “London taksi”ləri Bakıya gələndə ona alışmamış­dıq. Amma sonralar ən çox istifadə etdiyimiz məhz həmin taksilər oldu. Hətta 2015-ci ildə, Azərbaycan tarixinin ən böyük idman tədbirinə hazırlıqların davam etdirildiyi bir vaxtda beynəlxalq aləmdə Bakının rəmzlərindən biri kimi tanınan 250-dən çox “London taksi”ləri yeni di­zaynla – “Bakı- 2015” loqosu ilə sərnişinlərin istifadəsinə verildi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ‘’Bakı Taksi Xidməti’’ Məhdud Məsuliyyətli Cəmiyyəti 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən “TX” modelli yeni 100 ədəd “London taksi”sinin vətəndaşlar üçün xidmətə hazır olduğunu bildirib. Nazir Ra­min Quluzadə Prezident İlham Əliyevə avqustun 12 - də yeni taksilərin xüsusiyyətləri barədə məlumat verərək bildirib ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub. “TX” modelli yeni taksilərin bir sıra üstünlükləri var. Belə ki, bu model taksilər yanacaq əvəzinə elektriklə işləyir. Avtomobillərin cərəyanla təmin olunması çətinlik yaratmayacaq. Çünki taksiləri həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin etmək mümkündür. Smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyan vurulmaması deməkdir.

Avtomobilin üstünlükləri çoxdur. Belə ki, özü yoldakı sürət həddi barədə sürü­cünü xəbərdar etdiyindən, Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.

Bildirildiyinə görə, yeni taksilərin sərnişin kabinəsi digər “London taksi”lərindən fərqli olaraq daha genişdir və altı oturacağı var. Bu da ailəvi istifadə üçün maddi cəhətdən sərfəlidir. Avtomobillərdə USB portlar, “Wi-Fi” və GPS quraşdırılıb. Sürücü ilə sərnişin arasında əlaqəni mi­nimuma endirmək üçün şüşə arakəsmə mövcuddur. Bu isə pandemiya dövründə təcrid və sosial məsafə baxımından da olduqca əlverişlidir. Kabinədə sürücü ilə əlaqə üçün xüsu­si mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi var. Avtomobil fiziki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişi post-terminal vasitəsilə də həyata keçirmək mümkün olacaq. Bir sözlə, sərnişin rahatlığı baxımından təmin olunmuş salona malik taksilər əminik ki, hamı tərəfindən rəğbətlə qarşılanacaq və ona tələbat çox olacaq.

Prezident İlham Əliyev taksilərlə tanış olarkən, ona məlumat verildi ki, hazırda paytaxtda “Bakı Taksi Xidməti’’ Məhdud Məsuliyyətli Cəmiyyətinin 1200 taksisi sakinlərə xidmət göstərir. London “TX4” modelləri 5 nəfərlikdir.

Onu da qeyd edək ki, yeni gətirilən taksilər “Android” sistemi ilə təchiz olunub. Bu isə sürücülər üçün geniş im­kanlar açır. Belə ki, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edəcəklər.

Ölkənin gündən – günə inkişaf etdiyi, pandemiya dövründə də sosial tədbirlərin həyata keçirildiyi, abadlıq-qu­ruculuq işlərinin davam etdiyi bir vaxtda, sakinlərin istirahəti üçün yeni parkların salınması, onlara şəhər nəqliyyatından istifadəni daha asanlaşdırmaq üçün Bakıya yeni taksilərin gətirilməsi xəbəri inanıram ki, hər kəsin ürəyindəndir. Çünki ən uzun yolu da cüzi məbləğlə yaxın etmək, vacib hadisələrə tez yetişmək baxımından taksi xidmətinin əvəzi yoxdur.

Bütün şəhər sakinləri adından dövlət başçımıza xalqın firavanlığı, rahatlığı naminə gördüyü işlərə görə minnətdarlığımızı bildirir, uğurlar arzulayırıq. Görürük ki, Prezidentin istədiyi odur ki, xalqımız rahat və sağlam yaşasın, əziyyət çəkməsin.

Günel MƏMMƏDZADƏ, Bakı şəhər sakini

14 Avqust 2020 04:34 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Sentyabr 2020 | 23:02
Qələbə soraqlı günlər

Köhnə versiyamızdan xəbərləri izlə