Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müharibə dövrü jurnalistikası: ƏNƏNƏ VƏ ÇAĞIRIŞLAR

Son günlər ölkəmizin sərhədləri tez-tez işğalçı Ermənistanın hərbi birləşmələrinin silahlı təxribatlarına məruz qalır. Düşmən informasiya məkanında da fəallaşıb. Azərbaycan əsgər və zabitləri kimi, ölkə mediası da psixoloji təxribatlara adekvat cavab verməyə çalışaraq, hər vəchlə erməni məkrini və xislətini ifşa edir. Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru İlham Mazanlı ilə müharibə dövründə jurnalistlərin qarşısında duran vəzifə və öhdəliklər, bu sahədə artıq formalaşmış ənənə və çağdaşlar barədə söhbət etdik. Həmsöhbətim əvvəlcə mövzunun aktuallığını şərtləndirən amillərdən danışaraq dedi:

– Son illər dünyada mürəkkəb geosiyasi proseslər yaşanır və kütləvi informasiya vasitələri cəmiyyətdəki funksiyasına uyğun olaraq, bu proseslərin fəal iştirakçısına çevrilirlər.

Bu məsələ bizim üçün də aktualdır. Biz artıq 30 ilə yaxındır ki, ərazi bütövlüyümüz uğrunda vuruşmaqla bərabər, regional və qlobal informasiya məkanında da haqqımızı müdafiə etməyə çalışırıq.

Münaqişələr dövründə peşəkar hərbi müxbirlərin hazırlanması və uğurlu fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Silahlı münaqişə şəraitində jurnalistlərin öz vəzifə borclarını vicdanla və peşəkarlıqla yerinə yetirmələri üçün lazımi şəraitin yaradılmasına zərurət yaranır.

– İlham müəllim, müharibə dövrü jurnalistikasının yaranması və inkişafı ilə bağlı dünya təcrübəsinə ekskurs etməyinizi istərdik...

– Məlum olduğu kimi, XVII əsrin əvvəllərində Avropada ilk qəzetlər meydana çıxmağa başladı. Müharibə ilə bağlı məlumatlar qəzetlərin sayının və tirajının artmasına səbəb olurdu. Məsələn, Böyük Britaniyanın ilk qəzeti sayılan “Weekly news”da Avropada almanların hegemonluğu uğrunda gedən Otuzillik müharibə (1618- 1648) haqqında məlumatların dərc olunması ehtiyacından yaranmışdır.

Müharibə mövzusu jurnalistləri və yazıçıları çoxdan maraqlandırsa da, ilk hərbi müxbirlər Krım müharibəsi (1853-1856) dövründə fəaliyyətə başlamışdılar. Məşhur rus müxbiri N.Berqin Sevastopoldan göndərdiyi yazılar “Moskvityanin” jurnalında çap olunurdu. İngilislər tərəfindən isə Sevastopolun mühasirəsini tanınmış hərbi müxbir V.Rassel işıqlandırırdı.

Rusiya-Türkiyə müharibəsi (1877- 1878) zamanı hərbi əməliyyatları 20- dən çox rus və xarici, Rusiya-Yaponiya müharibəsi (1904-1905) zamanı isə 102 rus və 38 xarici hərbi müxbir izləyir və mətbuatda işıqlandırırdı.

– Böyük Vətən müharibəsi illərində də jurnalistika faşizmlə döyüşüb, deyilmi?

– Əlbəttə, elədir. Bu barədə onlarca fakt və misal çəkmək olar. Məsələn, məşhur yazıçı, şair, hərbi jurnalist Konstantin Simonov kəşfiyyat qruplarının tərkibində düşmənin nəzarətində olan ərazilərdə, daha sonra isə Qara dəniz donanmasının döyüşlərində iştirak etmişdir.

Onun müharibə illərində yazdığı əsərlər təkcə gerçəkliyin təsviri deyildi. Bu əsərlər həmçinin döyüşə yollanan əsgərlərin arxasınca oxunan duaları xatırladırdı. K.Simonovun 1941-ci ilin yayında sovet kino ulduzu Valentina Serovaya həsr etdiyi məşhur “Məni gözlə” (“Jdi menya”) şeiri bu gün də gündəmdən düşməyib.

1941-45-ci illər müharibəsində SSRİ hərbi jurnalistikasının səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, döyüşlərin KİV-də işıqlandırılması ilə birbaşa cəbhə zonalarında olan hərbi jurnalistlər məşğul ola bilərdilər. Onların reportajları ciddi senzuraya məruz qalırdı. 1992-ci ildən postsovet məkanında hərbi münaqişələri mülki jurnalistlər də işıqlandırmağa başlayırlar.

– Bu günlərdə 145 yaşı qeyd olunan Azərbaycan mətbuatı müharibə və sülh, ordu quruculuğu mövzularına kifayət qədər yer ayıra bilibmi?

– Qədirbilənlik hissi ilə vurğulamaq lazımdır ki, mətbu nəşrlərimiz, jurnalistlərimiz tərəfindən bu mövzuda böyük tarixi salnamə yaradılıb.

Lap əvvəldən başlayaq. “Əkinçi” qəzeti çar Rusiyasının ciddi senzurasının qadağalarına baxmayaraq, “Təzə xəbərlər” rubrikası altında hərbi mövzuya həsr olunmuş (1875-1877-ci illər) materiallar çap etmişdir. “Molla Nəsrəddin”, “Babayi-Əmir”, “Tuti”, “Zənbur”, Füyuzat” jurnalları və bir sıra qəzetlər bu istiqamətdə daha cəsarətli addımlar atmışlar.

Azərbaycan Demokratik Cümhuriyyətinin mətbu orqanı olan “Azərbaycan” qəzetinin elə ilk sayında (15 sentyabr 1918-ci il) milli ordu quruculuğu sahəsində atılan addımlar, hərbi xidmətin tənzimlənməsinin hüquqi bazasının yaradılmasının vacibliyi və s. məsələlərə həsr olunmuş analitik yazı dərc olunmuşdur. Qəzetin 11-ci sayında (16 oktyabr 1918- ci il) dərc olunan məqalədə isə ordu quruculuğunda özünü büruzə verən bəzi təşkilati və mənəvi-psixoloji problemlər, onların yaranma səbəbləri və həlli yollarının müəyyən edilməsinə cəhdlər göstərilmişdir.

Azərbaycanda ilk hərbi mətbu orqan “Qırmızı əsgər” qəzeti 1920-ci ildə nəşrə başlamışdır, 1925-ci ildə qəzetin adı dəyişdirilmiş və “Qızıl əsgər” adı ilə 10 ildən çox nəşr olunmuşdur. Həmin illərdə “Qızıl əsgər” qəzeti ilə yanaşı, “Dəmir mübariz”, “Qızıl topçu”, “Döyüşçü səsi”, “Qızıl bayraq”, “Fəhlə-kəndli qızıl ordusu” və s. adlı çoxsaylı alay qəzetləri nəşr olunurdu.

İkinci Dünya müharibəsi illərində Azərbaycan dilində bir sıra cəbhə qəzetləri də nəşr edilirdi. Bu qəzetlər Azərbaycan müharibə jurnalistikasının yaranmasına və inkişafına öz töhfəsini vermişdir.

– Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Ordu quruculuğuna diqqət artmışdır. Ölkəmizdə hərbi nəşrlərin fəaliyyətini necə dəyərləndirirsiniz?

– “Hərbi bilik” jurnalı SSRİ-nin süqutundan sonra 1993-cü il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi-elmi tədqiqatlar və nizamnamələr şöbəsinin xətti ilə yenidən nəşrə başlamışdır.

Son illər “Azərbaycan ordusu” qəzeti yüksək peşəkar səviyyədə hazırlanaraq nəşr olunur. Burada şanlı əsgər və zabitlərimizin şücaət və qəhrəmanlıqlarını həvəslə işıqlandıran fədakar qələm əhli çalışır.

Yeri gəlmişkən, yarandığı ilk günlərdən etibarən, əvvəlcə Azərbaycan radiosu və televiziyası hərbi mövzuda bir-birindən maraqlı verilişlərin hazırlanmasına xüsusi diqqət və qayğı ilə yanaşıb.

Bu gün ölkə mediasının, jurnalistlərimizin qarşısında duran ən mühüm vəzifələrdən biri Dağlıq Qarabağla bağlı həqiqətləri bütün dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır. Bu istiqamətdə sosial şəbəkə iştirakçılarının qarşısında da mühüm vəzifələr durur.

Təəssüf ki, sosial şəbəkələrdə bəzi nadan, məsuliyyəsiz və xain şəxslər Azərbaycan əsgərinə şər və böhtan atmağa cəhd edirlər. Bu, xalqa və millətə xəyanətdir. Belələri, əslində düşmən dəyirmanına su tökürlər. Belə mənfi halların qarşısının alınması üçün ən sərt tədbirlər görülməlidir.

Azərbaycan xalqı müdrik, sivil xalqdır. Xalqımız görür ki, möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə Azərbaycan Ordusu günbəgün güclənir və möhkəmlənir. Bu sahədə hərbi jurnalistikamız da əlindən gələni edir ki, bunu yalnız alqışlamaq olar.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

14 Avqust 2020 04:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə