Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə həmsədr ölkə kimi ATƏT-in Minsk qrupuna cəlb edilməlidir

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkəmizin milli maraqları onun üçün hər şeydən üstündür və bütün beynəlxalq tədbirlərdə bu maraq­lardan çıxış edir. Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onla­rın həllinə nail olunur. Avqustun 12-də Azərbaycan liderinin Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng etməsi də məhz milli maraqların prinsipiallıqla müdafiəsi ilə bağlıdır. Bu barədə danışan Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru Nizami SÜLEYMANOV bildirdi:

– Prezident İlham Əliyev Vladimir Putinə iyulun 12- 16-da Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə məlumat verib, sərhədboyu kəndlərin artilleri­ya atəşinə tutması nəticəsində hərbi qulluqçularımızın və bir nəfər mülki şəxsin həlak olduğunu, bir çox evlərin dağıldığı­nı və yararsız hala düşdüyünü bildirib. Dövlət başçısı iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter aldığını, bunun Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar do­ğurduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin dediyinə görə, hərbi toqquş­madan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə etməklə bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcmi 400 tondan artıq olub. Prezident İlham Əliyev bu məsələnin aydınlaşdırılmalı olduğunu vurğulayıb.

Şübhəsiz ki, Azərbaycan ictimaiyyəti keçən əsrin 90-cı illərindən başlayaraq Rusiyanın Ermənistanı silahlandır­dığını yaxşı bilir. Bununla bağlı rusiyalı general Lev Roxlin 1997-ci il aprelin 2-də Dövlət Dumasının qapalı iclasında ifşa xarakterli çıxış edib. Elə həmin illərdə bir çox Rusi­ya rəsmiləri, o cümlədən, MDB dövlətləri ilə əməkdaşlıq məsələləri üzrə nazir Amangəldi Tuleyev Rusiyanın Ermənistana 1 milyard dollarlıq silah bağışladığını faktlarla ifşa etmişdi.

Rusiyanın Ermənistanı bu gün də silahlandırmaqda davam etməsi işğalçı ölkəyə dəstək verilməsi deməkdir və bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Eyni zamanda, Rusiyanın da həmsədri olduğu ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir. Həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT-in Minsk qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, qrupda təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir.

Söhbəti qələmə aldı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

14 Avqust 2020 04:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə