Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın Bolqarıstandakı səfirliyinin yalanları ifşa olunub

Azərbaycanın Bolqarıstandakı səfirliyi işğalçı ölkənin Sofiyadakı səfirliyinin yanlış informasiyalara söykənən məlumatına cid­di arqumentlərlə cavab verib. Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumatda bildirilir ki, Ermənistanın Bolqarıstanda­kı səfirliyi yaydığı məlumatda Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun tarixi-hüquqi aspektlərini təhrif edərək Bolqarıs­tan ictimaiyyətini yanlış məlumatlandırmağa təşəbbüs göstərib. İşğalçı dövlətin nümayəndəliyinin məlumatında “tarixi” fərziyyələr, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə bağlı yalanlar, mövzu xüsu­sunda guya beynəlxalq hüququn “tələbləri” və Ermənistan-Azərbaycan sərhədində törətdikləri təxribatla bağlı əsassız iddialar yer alıb.

Ermənistan səfirliyinin məkrli və böhtana söykənən təşəbbüsünə cavab olaraq Azərbaycanın Bolqarıstandakı səfirliyi dərhal aidiyyəti bolqar KİV-ləri ilə əlaqə saxlayaraq Azərbaycan tərəfinin mövqeyinin işıqlandırılmasını tələb edib. Bu məqsədlə, aidiyyəti KİV-lərə rəsmi məktub ünvanlanıb, işğalçı dövlətin təmsilçisindən fərqli olaraq həm tarixi faktlara, həmdə hüquqi sənədlərə istinad olunmaqla, ermənilərin məkrli niyyəti ifşa olunub. Səfirliyin mövqeyi Bolqarıs­tanın www.actualno.com, www.club.bg və www.novini247.com xəbər portalları­nın səhifələrində dərc olunub.

Azərbaycan səfirliyinin məlumatında bildirilib ki, iyulun 12-də Ermənistanın silahlı birləşmələri iri çaplı silahlar­dan və artilleriyadan istifadə etməklə Azərbaycan ordusunun mövqelərinə hücum edib. Azərbaycanın sərhəd rayon­larındakı mülki əhalinin qəsdən hədəfə alınması nəticəsində mülki infrastruk­tura, o cümlədən yaşayış binalarına ciddi ziyan vurulub və mülki şəxslər arasında ölən və xəsarət alanlar olub. Azərbaycan tərəfi bu barədə beynəlxalq ictimaiyyətə, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoruna məlumat verib. Metsamor AES-lə bağlı şərhlər isə Ermənistan tərəfinin Azərbaycanın Mingəçevir su anbarını hərbi hədəf hesab etməsi barədə mediada yaydığı xəbərlərə cavab olaraq verilib. Eyni zamanda, Azərbaycan Silah­lı Qüvvələri heç vaxt mülki şəxsi və ya infrastrukturu hədəfə almayıb və yalnız BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək Ermənistanın silahlı hücu­muna qarşılıq verib.

Qeyd olunub ki, Ermənistanın son təxribatı işğalçı dövlətin münaqişənin həllində maraqlı olmadığını sübut edib. Ermənistan silahlı qüvvələrinin Şah­buz və Culfa bölgəsində də təcavüzkar təşəbbüslərinə yer verilən məlumatda Tovuz bölgəsindəki təxribatın da “hərbi təhlili” diqqətə çatdırılıb. Vurğulanıb ki, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin düşmən mövqelərinə UAZ avtomobili ilə hücum etdiyini iddia edir. Bu ağlasığmaz iddiadır, ona görə ki, hücum etmək niyyəti olan Azərbaycan bunu bir UAZ avtomobili ilə deyil, məhz ordusunun arsenalındakı güclü və dağıdı­cı vasitələrlə edə bilərdi.

“Böyük Ermənistan” ilə bağlı fərziyyələrə cavab olaraq vurğula­nıb ki, e.ə. IX–VI əsrlərdə mövcud olmuş Urartu dövlətinin ermənilərə heç bir aidiyyəti yoxdur və həmin dövlət indiki Ermənistan kimi digər xalqlara qarşı soyqırımı və deportasiyalar nəticəsində formalaşdırılmış monoetnik bir dövlət olmayıb. Assur kralı I Salmannassarın kitabələrində “Uruadri ölkəsi”nin 8 ölkə və 51 şəhərdən, Tukulti-Ninurtanın dövrünə aid olan yazılarda isə 43 kral­lıqdan ibarət olduğu göstərilib. Yaxın tarixlə müqayisə etsək, 15 respublikadan ibarət olan SSRİ-ni nə qədər erməni dövləti hesab etmək olarsa, Urartu da o qədər erməni dövləti ola bilərdi. Ardınca diqqətə çatdırılıb ki, hayların-ermənilərin Balkanlardan Kiçik Asiyaya gəlişi e.ə. VIII əsrə təsadüf etdiyi halda e.ə. IX əsrdə yaranmış Urartu dövlətini onlar necə qura bilərdi? Hayların Frakiyadan Kiçik Asiya­ya e.ə. VIII əsrdə gəldiyini məşhur erməni tədqiqatçısı Nikolay Adonç hələ 1912-ci ildə çap edilmiş kitabında yazıb.

Qarabağ adının mənşəyinə və Azərbaycan SSR daxilində DQMV-nin yaradılmasına ciddi arqumentlərlə diqqət çəkən səfirlik DQMV-nin Qara­bağ adlı coğrafi ərazinin bir hissəsində yerləşdiyini və ölkənin bu bölgəsinin adının iki Azərbaycan sözünün birləşməsindən yarandığını vurğula­yıb. Bildirilib ki, tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, bundan sonra da belə qalacaq bölgə ermənilərin iddiasından fərqli olaraq Azərbaycana verilməyib, əksinə Azərbaycanın tərkibində saxlanılıb. Azərbaycan SSR daxilində DQMV-nin yaradılması qərarı, ermənilərin yalandan bildirdiyi kimi İ.Stalinin şəxsi mövqeyi deyil, iki azərbaycanlıdan, bir neçə ermənidən və başqalarından ibarət kollektiv bir qurum - Bolşevik partiyasının Qafqaz Bürosu tərəfindən qəbul olunub. Dağlıq Qaraba­ğın Azərbaycan SSR daxilində muxtar bölgə statusu 1936 və 1977-ci illər SSRİ konstitusiyalarında təsbit olunub.

Ardınca münaqişənin hüquqi aspektlərinə diqqət yetirilərək qeyd olunub ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, ittifaq respublikaları arasındakı sərhədlər, SSRİ tərəfindən təsdiqləndikdə, yalnız müvafiq respub­likaların qarşılıqlı razılığı ilə dəyişdirilə bilərdi. Bu müddəa Azərbaycan SSR və Ermənistan SSR konstitusiyaları­na da daxil edilib. Dağlıq Qarabağın Azərbaycandan Ermənistana verilməsi ilə bağlı 20 fevral 1988-ci il tarixli müraciətə cavab olaraq, 17 iyun və 18 iyun 1988-ci il tarixində Azərbaycan SSR Ali Soveti və SSRİ Ali Soveti onu qanunsuz hesab edib və rədd edib. Eyni zamanda xatır­ladılıb ki, oxşar yanaşma Sovet İttifa­qının dağılmasından sonra ortaya çıxan müstəqil dövlətlərə münasibətdə Avropa dövlətlərinin siyasətində də aydın görü­nüb. Bu baxımdan, 1991-ci il 10 dekabr tarixində Avropa Şurası tərəfindən Sovet İttifaqında parçalanma prosesi haqqında qəbul olunmuş bəyannamədə xatırladılıb. Helsinki Yekun Aktının müddəalarına hörmət edilməsinin vacibliyini vurğula­yan həmin bəyannamənin müddəalarına görə Avropadakı bütün dövlətlərin sərhədləri toxunulmazdır və yalnız sülh və razılaşma yolu ilə dəyişdirilə bilər.

Məlumatın sonunda Ermənistanın öz müqəddəratını təyin etməklə bağ­lı iddiasına cavab olaraq qeyd olunur ki, öz müqəddəratını təyinetmə iddi­aları beynəlxalq hüququn, xüsusən də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya güc tətbiq etməyi qadağan edən imperativ normala­rın (jus cogens) pozulması ilə müşayiət edildikdə qeyri-mümkündür. Qeyri-qanuni güc tətbiq etməklə ərazi əldə etmək mümkün olmadığından, dövlətlər qanunsuz əldə edilmiş ərazi üzərində səlahiyyətin tanınmasına da hüquqi eti­mad göstərməməyə borcludur. Bu mövqe Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən açıq şəkildə ifadə edilib və dövlətlərin praktikasında ardıcıl olaraq izlənilib. Xarakterikdir ki, BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrdə də həmin tələb gözlənilərək nəinki “öz müqəddəratını təyinetmə hüququ” xatırlanmayıb, əksinə Azərbaycana qarşı gücün tətbiq olunması və ərazilərimizin işğalı pislənib.

“Xalq qəzeti”

14 Avqust 2020 04:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə