Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hücum diplomatiyası Azərbaycan diasporunun fəallığını artırır

Hazırda Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi, eləcə də Qarabağ haqqında həqiqətlərin daha dolğun, real faktlara və mənbələrə əsaslanaraq obyektiv şəkildə istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinə çatdırılması olduqca zəruridir. Bu baxım­dan, ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinin, erməni təbliğatının ifşası üçün əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək lazımdır. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin ziyalılar, diplomatlar və ictimaiyyət qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı – hücum diplomatiyasına əsaslanaraq, faşiz­mi qəhrəmanlaşdıran və terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşasına nail olmalıyıq.

Bu baxımdan, Azərbaycan Res­publikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ameri­kanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciətində azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət or­qanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qey­ri-insani nifrət hissi ilə üzləşdiyi diqqətə çatdırılır. Müraciətdə bildirilir ki, onilliklər boyu aşıla­nan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar.

Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olduğunu xatırladan Birinci vitse-prezident bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilmişdir. Erməni təbliğat-təşviqat şəbəkəsinin 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çox­saylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı apardığını diqqətə çatdıran Birinci vitse-prezi­dent Mehriban Əliyeva müraciətində demişdir: “Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diaspo­ru tərəfindən inspirasiya edilir və maliyyələşdirilir”.

Qeyd etmək lazımdır ki, hər bir dövlətin milli-mənəvi sərvəti, əsas təsir qüvvəsi və təbliğatçılıq fəaliyyətində mühüm faktor kimi güvənə biləcəyi strateji silahlardan sayılan diaspor məsələsi bu gün də beynəlxalq münasibətlər sistemində əsas amillərdən sayılır. Məhz bu baxımdan diaspor siyasəti hər bir dövlətin öz mədəniyyətini, dilini, tarixini, adət-ənənəsini təbliğ etmək yolunda əhəmiyyət verdiyi əsas amillərdəndir.

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra məhz xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə, tarixi soykökünə, xüsusilə dövlətçilik prinsiplərinə sadiq qalaraq, Azərbaycanın ideo­loji fəaliyyət strategiyasını da məhz bu amillər üzərində qurdu. Bundan sonra Azərbaycanın siyasi kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorun­masına yönəlmiş əməli dəyişikliklər edildi. Bununla yanaşı, həmin dövrdə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ilk səsləndirdiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”, yaxud, “Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər.

Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını tarixi keçmişimizlə, xalqımızın adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olduğunu vurğu­layırdı. Sovet ideologiyasının təsiri ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız yalnız ölkəmiz yenidən müstəqillik qazanan­dan sonra formalaşmağa və inkişaf yolunu tutmağa başladı. Onu da qeyd etmək vacibdir ki, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Məhz 1991-ci il dekabrın 16-da ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqın­da” qərar qəbul etmiş və bu hadisə azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilərək əlamətdar bayram kimi ilk dəfə Naxçıvanda geniş qeyd olunmuşdur.

Diaspor quruculuğu işinə ya­xından kömək göstərən və xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlər, milli həmrəylik və azərbaycançılıq ideyası prinsipləri kontekstində formalaşmasına çalışan ümummilli lider Heydər Əliyevin diaspor məsələlərinə xüsusi diqqət yetirməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesini sürətləndirmişdir. Bu baxımdan, azərbaycançılıq ideya­sının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə ölkəmizin bütün məsələlərdə milli maraqları­nın və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atılmışdır. Bu ba-xımdan, ümummilli liderin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayı keçirilməsi haqqında 23 may 2001-ci il tarixli sərəncamı diaspor quru­culuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və genişmiqyaslı olduğunu “Xaricdə ya­şayan azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi bir daha təsbit etdi. Ümum­milli liderin 2002-ci il dekabrın 27-də imzaladığı fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılma­sı, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır.

Bir qədər əvvəl isə 2002-ci il iyulun 5-də ümummilli lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqın­da” imzaladığı fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideo­loji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur.

2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın sərhədlərindən, eləcə də tarixi torpaqlarından kənarda yaşayan soydaşlarımızın Vətəndən uzaqda milli həmrəylik ətrafında birləşdirilməsi, eləcə də diaspor qu­ruculuğu sahəsində dövlət siyasətinə xidmət edəcək belə bir Komitənin yaradılması məhz ümummilli liderin uzaqgörən şəxsiyyət olması ilə yanaşı, dünya ölkələri üçün də bir nümunəyə çevrildi.

Bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının rəhbər tutduğu əsas prinsiplər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 2016-cı il iyunun 3-də Bakıda dövlət başçısı­nın təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində mühüm rol oyna­yaraq azərbaycançılığın böyük tarixi imkanlara, birləşdirmə, səfərbər etmə gücünə malik olduğunu bir daha təsdiqlədi.

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə diqqəti bir daha cəlb edərək Dünya Azərbaycanlılarının IV Qurultayında­kı çıxışında demişdir: “İlk növbədə, əlbəttə, biz istəyirik ki, dünyada yaşa­yan azərbaycanlılar öz tarixi vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək. Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar”.

Eyni zamanda, dövlət başçısı bildirmişdir ki, diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha çox olmalıdır.

Dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsinin həlli ilə bağlı in­formasiya təminatında görürük”. Eyni zamanda, Prezident İlham Əliyev Qarabağ həqiqətlərinin dünyaya çat­dırılması məsələsinə diqqəti bir daha cəlb edərək demişdir ki, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır və Ermənistandan başqa heç bir ölkə ilə heç bir problemimiz yoxdur.

Hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulmuş, bu prosesi keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədilə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış digər xalq­ların təcrübəsindən faydalanmaqla, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zaman­da, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Di­asporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Heç şübhəsiz ki, komitənin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarını yeni platformalarda birləşdirir.

Bu baxımdan, hər bir diaspor təşkilatının qarşısına qoyduğu əsas məqsəd aid olduğu ölkənin ma­raqlarını beynəlxalq münasibətlər sistemində təbliğ etmək, ictimai, si­yasi və mədəni sferada geniş əlaqələr yaratmaqla düşünülmüş ideoloji fəaliyyət strategiyasını reallaşdırmaq və konkret nəticələr qazanmaqdır. Dövlət komitəsinin nəzdində yaradıl­mış Azərbaycan Diasporuna Dəstək Fondunun məqsədi dünyadakı diaspor təşkilatlarımıza maliyyə dəstəyi göstərməkdir. Bununla yanaşı, xarici ölkələrdə diasporun təşkilatlanmasına xidmət edən 11 Koordinasiya Şurası yaradılmışdır ki, bunlar da ümumilikdə 29 ölkəni əhatə edir. ABŞ və Türkiyədə şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılmış və bu istiqamətdə fəaliyyət “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir. Dünya azərbaycanlılarını birliyə çağıran, xüsusilə İrəvandan, Borçalıdan, Cənubi Azərbaycandan dünyaya səpələnən azərbaycanlılar üçün “Vətən uzaqda deyil” birlik kon­sepsiyası, həmçinin ilk dəfə olaraq yaradılmış və açıq istifadəyə təqdim edilən infoqrafik diaspor xəritəsi olduqca əhəmiyyətlidir. Hazırda xəritədə 48 ölkədən 538 təşkilat haq­qında informasiya yerləşdirilmişdir.

(ardı var)

Qüdrət PİRİYEV, “Xalq qəzeti”

14 Avqust 2020 04:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə