Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması ilə bağlı mühüm layihələr icra edilib və bu, hazırda da uğurla davam etdirilir. Gerçəkləşdirilən sosial siyasətin əsas istiqamətlərindən biri olan vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi sahəsində görülən genişmiqyaslı tədbirlər bunun bariz ifadəsidir.

Ümumiyyətlə, son illər dövlət başçısının müvafiq sərəncamlarına, tapşırıq və göstərişlərinə uyğun olaraq Bakının qəsəbə və kəndlərində müasir yollar salınır, vətəndaşların rifahı üçün konkret addımlar atılır, nəqliyyat sistemi yenilənir, bu sahənin maddi-texniki bazası müasir səviyyədə qurulur.

Bütün bunlar sosial məsələ olmaqla yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin də göstəricisi sayıla bilər. Şəhərimizin sürətli so­sial-iqtisadi inkişafı ilə ahəngdarlıq təşkil edən nəqliyyat konsepsiyası dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir.

Artıq bir neçə ildir ki, nəqliyyat parklarının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından və taksilərdən təhlükəsiz və rahat istifadəsini təşkil etmək üçün dövlət başçısı­nın təşəbbüsü ilə davamlı islahat­lar reallaşdırılır. Taksi xidmətinə dair yeni tələblər müəyyənləşdirilir. Bu tələblərdə şəhərdə və hava limanında hansı növ taksilərin fəaliyyət göstərməsi, tariflər öz əksini tapır. Bütün marşrut xətlərində işləyən avtobuslarda ödənişin kart sistemi ilə aparılması təmin edilir. Bu isə kölgə iqtisadiy­yatının, eyni zamanda, qeyri-for­mal iş rejiminin aradan qaldırılma­sına, sürücülərin 8 saatdan artıq işləməsinin qarşısının alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin şəffaflaşmasına imkan yaradır.

İctimai nəqliyyat sistemində elektriklə işləyən “LEVC TX” modelli yeni taksilərin Bakı­ya gətirilməsi isə paytaxtda sərnişindaşımanın bu növü üzrə xidməti daha yüksək səviyyəyə qaldırmaq istiqamətdə atılan növbəti addım kimi diqqət çəkir.

Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub. Tanışlıq za­manı dövlətimizin başçısına yeni taksilərin xüsusiyyətləri barədə məlumat verilərək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən yeni 100 ədəd “London taksi”sinin vətəndaşlar üçün xidmətə hazır olduğu bildirilib.

Yeri gəlmişkən, ölkə rəhbəri çıxışlarının birində qeyd edib ki, paytaxtımıza gətirilən ictimai nəqliyyat vasitələri əsasən dün­yanın aparıcı şirkətlərinin isteh­salıdır: ”Bu, bizim şüurlu seçimi­mizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən, nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir”.

Sirr deyil ki, bu gün hava­nı ən çox çirkləndirən sənaye müəssisələrindən və ticarət obyektlərindən daha çox nəqliyyat vasitələridir. Yeni taksilərin yana­caq əvəzinə elektriklə işləməsi də ölkəmizdə bu məsələyə mühüm önəm verilməsinin əyani göstəricisidir. Xatırladaq ki, avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin olur. Smart konfiqurasiyalı avto­mobil 130 kilometrə qədər sırf elektriklə istismar edilir, sonra isə rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sü­rücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.

Prezident İlham Əliyevə verilən məlumatda daha sonra yeni taksilərin sərnişin kabinəsinin digər “London taksi”lərindən fərqli olaraq daha geniş və altı otura­caqlı olması vurğulanıb. Eyni zamanda, avtomobillərdə USB portlarının, “Wi-Fi” və GPS-nin quraşdırılması, sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmənin yerləşdirilməsi və bunun pande­miya dövründə təcrid və sosial məsafə baxımından mühüm önəm daşıdığı xatırladılıb.

Kabinədə sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi yerləşdirilib. Avtomobil fizi­ki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişin post-terminal vasitəsilə də həyata keçirilməsi nəzərdə tutulub.

O da qeyd edilib ki, yeni gətirilən taksilərdə “Android” sis­temi mövcuddur. Bu isə sürücülər üçün geniş imkanlar açır. Başqa sözlə, sürücülər tərəfindən bütün proses monitor vasitəsilə idarə edilir.

Sonda bir məqamı da xüsu­si vurğulamaq istərdik. Belə ki, ictimai nəqliyyat vasitələrinin, eləcə də taksilərin ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir. Ölkə rəhbərinin vurğuladığı kimi, paytaxt nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir: “Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir. Çox yaxşı haldır ki, hazırda bütün nəqliyyat növləri arasında koordinasiya işləri də aparılır. Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır. Əsas məsələ tıxacların azaldılmasıdır. Əlbəttə ki, bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik. Amma o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Bu, həqiqətdir…”.

Şübhəsiz ki, son illər ərzində dövlətimizin başçısının qeyd etdiyi kimi, bu məsələyə xüsusi önəm verilir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturu­na görə, Azərbaycanın dünya miq­yasında 27-ci yerdə qərarlaşması, bu göstəricinin Davos Forumunun hesabatında əksini tapması qeyd edilən fikrin bariz ifadəsidir.

V.BAYRAMOV, “Xalq qəzeti”

14 Avqust 2020 04:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə