Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT-in Minsk qrupunun fəaliyyəti qeyri-qənaətbəxşdir

Azərbaycan Cənubi Qafqaz regionunda dayanıqlı və möhkəm sülh istəyir, ancaq Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi bu istəyin reallaşmasını ləngidir. Rəsmi İrəvan bütün gücü ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonun saxlanılmasına çalışır, Azərbaycanın dünya ictimaiyyəti tərəfindən tanınan sərhədlərinin bərpasına mane olur. Digər ölkələrdən hərbi və maliyyə yardımı alan Ermənistan xarici havadarlarına ümid bağlayaraq, özünə məxsus olma­yan torpaqlardan çıxmaq istəmir. Amma rəsmi İrəvan unutmamalıdır ki, Azərbaycan heç bir halda işğal faktı ilə barışmayacaq və problemi beynəlxalq hüquq çərçivəsində həll edəcək.

Heç kimə sirr deyil ki, Azərbaycan Ermənistanın təcavüzündən əziyyət çəkir. Ermənistan beynəlxalq hüququn normala­rını kobud surətdə pozur, bununla yanaşı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Təbii ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. Bununla bağlı 1993- cü ildə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilmişdir. Lakin Ermənistan beynəlxalq hüquq normalarını heçə sayaraq işğalçılıq siyasətinə son qoymur, əksinə, ələ keçir­diyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti həyata keçirir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avro­pa Parlamenti, Avropa Şurasının Parla­ment Assambleyası, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatların oxşar qətnamələrinə hörmətsizlik nümayiş etdirən Ermənistan regionda daya­nıqlı sülhün yaranmasına mane olur. Ermənistanın işğal etdiyi ərazilərdən çıxmaq istəməməsi, hətta Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayonu işğal altında saxlaması sülhə və təhlükəsizliyə böyük təhdid törədir. Ermənistanın niyyəti bəllidir, rəsmi İrəvan münaqişə ətrafında yaranmış status-kvonu saxlamağa çalışır. Lakin Prezident İlham Əliyevin dediyi kimi, status-kvo qəbuledilməzdir, davam edə bilməz və münaqişə beynəlxalq hüqu­qun normalarına uyğun həllini tapmalıdır.

Təəssüf doğurur ki, beynəlxalq ictimaiyyətin hüquq və normalarına sayğı­sızlıq göstərən Ermənistana qarşı hər han­sı bir ciddi sanksiya tətbiq olunmamışdır. Əksinə, bəzi ölkələrin hərbi və maliyyə yardımlarını alan rəsmi İrəvan işğalçılıq siyasətini davam etdirir. Xüsusilə də Rusiyadan kreditlə aldığı silahlar hesabına Ermənistan regionda sülhün yaranması­na əngəl törədən addımlar atır, regional təhlükəsizliyin möhkəmlənməsinə qarşı çıxş edir. Qeyd etmək yerinə düşər ki, Rusiya ATƏT-in Minsk qrupunun üzvü olsa da, Ermənistana silah verməkdə davam edir və əlbəttə ki, Rusiyanın Ermənistanı silahlandırmada davam etməsinin işğalçı ölkəyə dəstək kimi qiymətləndirmək olar. Aydındır ki, silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir, əksinə, Ermənistanı hərbi təxribatlar törətməyə həvəsləndirir. Bundan başqa, Ermənistanın silahlan­dırılması mövcud status-kvonun sax­lanmasına da xidmət edir və bu, rəsmi İrəvanın strateji məqsədlərinə cavab verir. Mütəxəssislərin sözlərinə görə, Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırma­sı onun ATƏT MQ-nin həmsədri statusu­na, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin “Böyük səkkizlik”in İtali­yanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir.

Xatırladaq ki, 1997-ci ilin əvvəllərində Rusiyadan Ermənistana qa­nunsuz olaraq dəyəri 1 milyard dollardan çox olan müasir silahların verilməsi haq­qında faktlar üzə çıxmışdı. Belə ki, Dövlət Dumasının qapalı iclasında mərhum general Lev Roxlin Cənubi Qafqazdakı vəziyyətlə bağlı məruzəsində bildirmişdi ki, yeni silahlar Ermənistana göndərilir və sənədlərə görə, göndərilən silahlar dəmir-dümür qiyməti ilə silinir. Məlum olmuşdu ki, Ermənistana texnika, silah və sursatın qəbulu və təhvil verilməsinə Ermənistan müdafiə nazirinin xarici hərbi əlaqələr üzrə müavini general-mayor A. Stepanyan rəhbərlik etmişdi. L.Roxlinin verdiyi məlumata görə, Rusiyanın Ermənistana tədarük nəticəsində maddi itkisi 1 milyard dollara yaxın olmuşdu. Azərbaycan hakimiyyəti tərəfindən Rusiyanın Ermənistana silah tədarükünün artması ilə bağlı narahatlıqları barədə Moskvaya dəfələrlə məlumat verilməsinə baxmayaraq, Rusiyanın yüksək dövlət və hərbi rəhbərləri buna təəccüblü laqeyd münasibət göstərmişdilər. Təəssüf ki, məhz bu silahlar 1993-cü ildən etibarən, yəni Ermənistan ilə Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatlar getdiyi bir zamanda göndərilməyə başlanmış və bu da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə şərait yaratmış, atəşkəs elan ediləndən sonra da bu proses davam etmişdir. Xatırladaq ki, 3 iyul 1998-ci ildə Lev Roxlin Moskva yaxınlığındakı bağ evində odlu silahdan açılan atəşlə qətlə yetirilmişdi. Hələ ki, istintaqla öz təsdiqini tapmasa da, bu terror aktının arxasında da ermənilərin olduğu qənaəti mövcuddur.

Əlbəttə, Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsi­piallıqla müdafiə edir. Ölkə başçısının Rusiya Federasiyasının Prezidenti Vla­dimir Putinlə baş tutan sonuncu telefon danışığında bir sıra mühüm məsələlərə toxunması və onların aydınlaşdırılmasını istəməsi milli maraqlarımızın qorun­ması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Prezi­dent Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat ver­miş, Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları­nın və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulamışdır. Bundan başqa, Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü də Rusiya liderinin diqqətinə çatdırmış­dır. Ölkə başçısı həmçinin Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu da vurğulamışdır. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezi­dentinin diqqətinə çatdırmışdır. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşma­dan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublika­sının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan ar­tıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdı­rılması olduğunu vurğulamışdır.

Təbii ki, Rusiyanın işğalçı ölkəni silahlandırması hər şeydən öncə beynəlxalq hüquqa ziddir. Bundan başqa, ATƏT-in Minsk qrupunun həmsədri kimi onun üzərinə götürdüyü missiyaya uyğun deyil. Etiraf etmək lazım gəlir ki, Ermənistanın silahlandırılması rəsmi İrəvana Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir. Ən əsası, Ermənistana silah göndərməsi Rusiyanın strateji müttəfiq hesab etdiyi Azərbaycanın milli maraqları­nı nəzərə almaması anlamına da gəlir. Mütəxəssislərin fikrincə, Rusiya Federa­siyası hazırki mürəkkəb tarixi mərhələdə Cənubi Qafqaz regionunda işğalçı Ermənistanı silahlandırmaqla vəziyyəti daha da gərginləşdirməməyə çalışmalı və problemin həllinə öz töhvəsini verməlidir. Heç kimə sirr deyil ki, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu­nun fəaliyyətsizliyi Ermənistanı daha da həyasızlaşdırır. Rusiyanın da üzv olduğu bu qrupun fəaliyyətsizliyi uzun müddətdir ki, davam edir. Təbii ki, belə olduğu halda beynəlxalq ictimaiyyətdə və tanınmış ekspertlərdə də Minsk qrupuna inam sıfırlanmışdır. 25 ildən artıq bir müddətdə üzərinə götürdüyü vəzifəni icra edə bilməyən bu qrupa Ermənistanın beynəlxalq hüquq normalarını pozmasına əhəmiyyətsiz və hadisəyə dəxli olma­yan söz yığımından ibarət bəyanatlar səsləndirməklə işini bitmiş sayır. Xüsusilə qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT-in Minsk qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, ATƏT-in Mink qrupunda təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir.

“Xalq qəzeti”

14 Avqust 2020 04:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə