Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə – Azərbaycan münasibətlərində yeni mərhələ

Hər iki dövlət xarici diplomatiya və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini artırır

Həm Türkiyənin, həm də Azərbaycanın dövlət başçılarının yeni seçkilərdən sonra ilk səfərini məhz qardaş ölkəyə reallaşdırmaları artıq ənənəyə çevrilib. Bu, iki qardaş ölkənin bütün sahələr üzrə əməkdaşlığının sarsılmazlığı barədə dünya birliyinə bir mesajdır. Bu ənənə hər iki ölkənin yeni təyin olunmuş nazirləri üçün də ənənə şəklini alıb. Ceyhun Bayramovun respublikanın xarici işlər naziri seçildikdən sonra ilk səfərini məhz Türkiyəyə etməsi də dostluq və qardaşlıq əlaqələrinin qırılmaz tellərlə bağlı olduğundan xəbər verir. Bu səfər ona görə diqqət mərkəzində olub ki, həm də müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə reallaşıb. Hər iki nazirimiz Türkiyədə ən yüksək səviyyədə, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunub.

Xarici İşlər naziri kimi ilk xarici səfərini məhz Türkiyəyə etdiyini qeyd edən baş diplomatımız qardaş ölkə ilə ikitərəfli münasibətlərin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bil­dirib. İndiyədək iki ölkə ara­sında müxtəlif sahələri əhatə edən 241 sənədin imzalan­ması çox mühüm faktdır. Hazırda 29 əlavə müqaviləyə baxıldığını və onların da ya­xın günlərdə imzalanacağına şübhə ola bilməz.

Baş diplomatla Müdafiə nazirinin qardaş ölkədə yüksək səviyyədə qarşı­lanması hər iki dövlətin xarici siyasət və hərbi sahədə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini ar­tırmaq niyyətində olduğunu bir daha təsdiqlədi. Diqqət çəkən məqamlardan biri də odur ki, bu səfər iki qardaş ölkənin birgə möhtəşəm hərbi təlimlərinin son gününə təsadüf etdi. Bir neçə ildir ki, iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq , ölkəmizdə quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artil­leriya qurğuları və minaatan­ları, həmçinin hərbi aviasi­ya və hava hücumundan müdafiə vasitələri cəlb edilir.

Xatırladaq ki, qardaş ölkə hərbçiləri ilə keçirilən təlimlərə quru qoşunlarının da cəlb edilməsi ilə təşkil olunan təlimlər Bakıda və Naxçıvanda, hərbi aviasi­ya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi. İki ölkə arasında hərbi təlimlər region ölkələri tərəfindən də diqqətlə izlənilirdi. Belə təlimlər Türkiyə və Azərbaycanın hərbi sahədə güclərinin birləşdirilməsində, eyni zamanda, hərbçilərimizin döyüş qabiliyyətinin artırıl­masında, bu sahədə daha böyük təcrübə toplamasında mühüm rol oynayır.

Birgə təlimlərin keçirilməsi ekspertlər tərəfindən də yüksək dəyərləndirilir. Ölkəmizdə keçirilən ge­nişmiqyaslı təlimlərlə bağlı Türkiyənin terror və təhlükəsizlik üzrə tanınmış eksperti Abdullah Ağarın fikirləri də diqqəti cəlb edir: “Biz iki qardaş ölkə, iki dövlət – tək millət anlayışına uyğun şəkildə, digər türk dövlətlərini də yanımıza alacaq şəkildə bir güc birliyi formalaşdır­maq məcburiyyətindəyik. Görünən budur ki, ayrı-ayrı olduğumuz müddətdə bizi həmişə arxadan vuracaqlar. Ayrılığımızdan həmişə bizə qarşı istifadə edəcəklər. Bu baxımdan mən Azərbaycan- -Türkiyə silahlı Qüvvələri tərəfindən həyata keçirilən təlimlərin olduqca önəmli olduğunu düşünürəm. Bu təlimlər dosta güvən, düşməni qorxuya salması səbəbi ilə, ölkələrimiz ara­sında olan qardaşlığın döyüş meydanlarında da özünü göstərməsi, bərabər olduğu­muz zaman gücümüzün necə artmasının nümayişi baxımın­dan olduqca önəmlidir”.

Müdafiə nazirimiz Zakir Həsənovun Türkiyəyə səfəri zamanı keçirdiyi görüşlərdən sonra qardaş ölkənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana gələcəyi ilə bağlı məlumat yayılmışdı. Artıq qardaş ölkənin ali rütbəli hərbçiləri və müxtəlif qoşun növlərinin komandan­ları artıq ölkəmizdə rəsmi səfərdədirlər.

Xarici İşlər ilə Müdafiə nazirlərinin qardaş ölkəyə səfəri zamanı keçirdikləri görüşlərdə hər iki tərəfin nümayəndələri tərəfindən səsləndirilən fikirlər, o cümlədən Türkiyənin hərbi-siyasi rəhbərliyinin Ermənistanın işğalçı siyasəti, sərhədboyu ərazilərdə, xüsusilə iyulun 12- də Tovuz rayonu ərazisində törətdikləri təxribatlar və Dağlıq Qara­bağ barəsində verdiyi sərt mesajlar həm Ermənistana, həm də onun havadarları­na, eləcə də ikili standartlar mərəzindən hələ də xilas ol­mayan ermənipərəstlərə ciddi siqnal idi. Görüş zamanı Türkiyə xarici işlər naziri Möv­lud Çavuşoğlunun sərt və qəti mövqeyi, xüsusilə, yad­daqalan oldu: “Tovuz təxribatı zamanı nə demişiksə, hamısının üstündə dururuq, bütün potensialımızla qardaş Azərbaycanın yanındayıq”.

Nikol Paşinyanın Ermənistanın baş naziri seçiləndən sonra dövlət başçısına xas olmayan hərəkətləri, beynəlxalq tədbirlərdə dediklərini bir saatdan sonra danması, qey­ri- ciddi davranışları və yersiz bəyanatları münaqişənin danışıqlar yolu ilə həllinin üstündən xətt çəkib. Paşin­yanın tez-tez işğal altında olan Azərbaycan ərazilərinə səfərləri, hətta oğlunun həmin ərazidə ”hərbi xidmət keçməsini” şouya çevirməsi, üstəlik, problemin həlli yollarının müzakirəsində Ermənistan və Azərbaycanla yanaşı, üçüncü tərəf kimi qondarma “Dağlıq Qarabağ respublikası”nın iştirakının vacibliyini iddia etməsi onun qeyri-konstruktiv münasibətinin göstəricisidir. İşğalçı ölkə rəhbərinin müxtəlif bəhanələrlə sta­tus-kvonun saxlanılmasına yönəldilmiş bu hərəkəti beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən də qəbul edilmədi.

Münaqişənin nizam­lanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanın­mış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq norma­ları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizam­lanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğal­çılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. İndi isə danışıqlarda qondarma Dağlıq Qarabağ respublikası­nın iştirakının irəli sürülməsi növbəti cığallıqdır. Təbii ki, ATƏT-in Minsk qrupunun həmsədrləri təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bü­tövlüyünü kobud surətdə pozan hüquqazidd addım­larını pisləməli, müxtəlif sanksiyalar tətbiq etməklə onun qarşısını almalıdır. Əks təqdirdə, Ermənistan ordusu 2016- cı ilin Aprel döyüşlərində və 2020- ci ilin Tovuz əməliyyatında aldığı ciddi zərbənin növbətisi, daha ağırı ilə üzləşməli olacaqlar. Elə bu günlərdə Ankaradan verilən müştərək mesajlardan biri də bu mövzuda oldu. Ermənistan rəhbərliyinə bəyan edildi ki, əgər düşmən tərəf Azərbaycanın baş diplomatı ilə konstruktiv danışıqlar aparmaq istəməsə, o zaman Müdafiə naziri Zakir Həsənovla danışmalı olacaq. Yəni, Ermənistan ordusu bu dəfə canını qurtara bilməyəcək.

Bütövlükdə, iki qardaş ölkə hərbçilərinin başa çatan ortaq təlimlərini də nəzərə alsaq, Azərbaycanın iki nazirinin, eləcə də qardaş ölkənin ali rütbəli hərbçilərinin qarşılıqlı səfərləri gələcək işlərdə mühüm əhəmiyyət kəsb edəcəyindən xəbər ve­rir. Xatırladaq ki, ötən günlər Azərbaycanın Müdafiə Nazi­rinin iki müavini də Ankarada səfərdə olmuşdur. Yəqin ki, belə ikitərəfli səfərlərin uğurlu nəticəsini tezliklə görəcəyik. Elə düşmənlərimiz də bu ünsiyyətin nəticələrinin şahidinə çevriləcəkdir.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

14 Avqust 2020 04:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə