Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət büdcəsinə dəyişiklik müxtəlif layihələrin reallaşmasına zəmin yaradır

Xəbər verdiyimiz kimi, Milli Məclisin növbədənkənar sessiyasının avqustun 7-də keçirilmiş plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III – sonuncu oxunuşdakı müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Bildirilir ki, “2020-ci il dövlət büdcəsi haqqında” qanuna əsasən, büdcənin gəlirləri 24 134 500 min manat, xərcləri 26 894 700 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 336 950 min manat, yerli gəlirləri 797 550 min manat, mərkəzləşdirilmiş xərcləri 26 044 596 min manat, yerli xərcləri 850 104 min manat) məbləğində təsdiq edilmişdi.

Dəyişikliklə isə 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.

Dünyanı bürüyən koronavirus xəstəliyinin yaratdığı pandemiya şəraiti istər-istəməz ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməkdə, sosial sferanı çətin sınaqlara çəkməkdədir. Azərbaycanda dövlət səviyyəsində bütün zəruri tədbirlər görülür ki, ölkəmiz bu sınaqdan layiqincə çıxa bilsin. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu yöndə həyata keçirilən tədbirlər -- səhiyyə sisteminin tam səfərbərliyə alınması, əhalinin sağlamlığının önə çəkilməsi, sosial müdafiəsinin gücləndirilməsi yönündə atılan əməli addımlar karantin reimi­nin vurduğu ziyanın minimuma endirilməsini şərtləndirən amillərdəndir. Əsaslandırılmış qabaq­layıcı tədbirlər, o cümlədən iqtisadi ahəngdarlığın qorunub saxlanması, cari ilin dövlət büdcəsinə yenidən baxılaraq onun dürüstləşdirilməsi də elə həmin zərurətlə bağlıdır.

Bildiyimiz kimi, büdcə illik xərcləri və gəlirləri əhatə edən maliyyə planıdır. İrəlicədən müəyyənləşdirilir ki, bu sarıdan korluq çəkilməsin. Ölkəmizdə cari ilin dövlət büdcəsi hesablanan zaman hələ koronavirus pandemiyası üstümüzə ayaq açmamışdı, üstəlik də dünya baza­rında neftin qiyməti yetərincə yüksək idi. Amma yaz aylarından bəşəriyyəti sarsıdan yeni növ virusun geniş yayılması, həmçinin bununla paralel olaraq birjalarda neftin qiymətinin aşağı düşməsi gəlir və xərc balansında profisit deyil, defisit eh­timalını gücləndirdi və mənfi saldo olmasın deyə, hökuməti büdcə məsələsinə yenidən qayıtmağa, gəlir və xərcləri korreksiya etməyə vadar elədi ki, sonda, necə deyərlər, əlimyandıda qalmayaq.

Bu baxımdan ötən həftə Milli Məclisin növbədənkənar iclasında müzakirəyə çıxarılan məsələlərdən birincisinin “Azərbaycan Respub­likasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” sənəd layihəsinin olması təsadüfi deyildi. Sənədin ikinci oxunuşda təqdimatında qeyd edilmişdir ki, koro­navirus (COVID-19) infeksiyasının aylardan bəri dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. İşgüzar mühit və artım sürəti zəifləyib. Bunun nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması əndişəsini yaradıb.

Sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsinə, dürüstləşmələrə gedilməsinə ehtiyac ya­ranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min ma­nat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq. Pandemiya­dan irəli gələn çağırışlar rəhbər tutulub və dövlət büdcəsinin xərcləri artırılıb. Belə ki, dövlət təhlükəsizliyi, səhiyyə islahatları, iqtisadi fəaliyyət subyektləri, həmçinin rəqəmsallaşma istiqamətlərində dürüstləşdirilmiş büdcədə əlavə xərclər müəyyənləşdirilib.

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə diqqəti büdcəyə düzəliş zərurətinə cəlb edərək vurğula­yıb ki, məqsəd bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək, əhaliyə maksimum dərəcədə kömək göstərməkdir.

Dövrün başlıca çağırışı budur ki, hər kəs büdcə müzakirələrini zəruri edən və şərtləndirən pandemiyanın yaratdığı iqtisadi, sosial və maliyyə gerçəkliklərinin fərqində olsun. Əsas məsələlələrdən biri pandemiya şəraitində kiçik və orta sahibkarlara dövlət tərəfindən dəstək göstərilməsidir. Bununla yanaşı, sosial vəziyyəti çətinləşən ailələrə müavinətlər verilir, ictimai iş yerlərinin sayı yetərincə artırılıb. Bir sıra digər əlavə xərclər də 2020-ci ilin dövlət büdcəsinə nəzərdə tu­tulan dəyişiklikləri qaçılmaz edib. Deməli, hökumətin, operativ qərargahın qərarları doğrudur.

Ölkəmizdə pandemiyanın yaratdığı iqtisadi gerçəkliklər, əhalinin sağlamlı­ğının qorunması sahəsində görülən işlər, modul tipli yeni xəstəxanaların tikilməsi və müasir maddi-texniki təchizatı, təhsil haqları ilə bağlı büdcə vəsaitinin artı­rılması, milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən ölkənin bəzi bölgələrində su qıtlığı problemlərinin həlli ilə bağlı həyata keçirilən layihələr milli iqtisadiyyatımızın məhz sosialyönümlü olduğunu bir daha təsdiqləyir. Elə “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020- ci il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də vətəndaşlarımızın rifahına hesablanan sənəd olaraq müzakirəyə çıxa­rılıb. Bildirilib ki, təqdim olunmuş sənədə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fon­dunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə edilsə də, ilin əvvəlindən fondun hesabında forma­laşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.

“İşsizlikdən Sığorta Fondunun 2020- ci il büdcəsi haqqında” Qanuna olunan dəyişikliklər də nikbinlik yaradır. Sənədlə bağlı fikirlərini bildirən deputat Tahir Mirkişili qeyd edib ki, fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif olunur. Bu isə o deməkdir ki, cari ilin təsdiq edil­miş proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fon­dunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin reallaşmasına (əlavə olaraq 15 milyon manat) imkanlar yaradacaq. Həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanma­sına imkan verir.

Hökumətin təklifi ilə dəyişikliklər olunan sənədlərdən biri də “Məşğulluq haqqında” qanundur. Həmin qanuna dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunan əhalinin daha geniş təbəqəni əhatə etməsi və digər məqamlar öz əksini tapıb. Qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşğul şəxslərin dairəsi və on­ların elektron reyestrinin yaradılması müəyyənləşdirilib.

Fərəhlə qeyd edək ki, pandemiya dövründə həyata keçirilən islahatlar maddi-mənəvi dəyəri, əhatəliliyi baxımın­dan daha aktual və diqqətçəkəndir. Son aylarda dövlət sektorunda çalışan, yaranan vəziyyətlə bağlı işləməyən 900 min insanın əmək haqqı dövlət vəsaiti hesabına ödənilib. Ən çox zərər çəkən, özəl sektor­da çalışan 760 min insanın iş yerlərinin qorunması üçün böyük məbləğdə maliyyə resursları xərclənib. İşsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslərin sosial müdafiəsinin qorunması naminə nəzərdə tutulan 190 manatla bağlı ödəniş aprel, may, iyun aylarında tam şəkildə icra olunub. Bu məqsədlə 280 milyon manat vəsait xərclənmişdir.

Göründüyü kimi, Prezident İlham Əliyevin idarəetmə strukturlarından baş­lıca tələbi iqtisadi dayanıqlığı qorumaqla, insanların sağlamlığına, əhalinin sosial vəziyyətinə diqqətin artırılmasıdır. Sübut etməyə ehtiyac yoxdur ki, bütün sahələrdə qazanılan uğurların təməlində güclü iqtisa­di inkişaf, məmur--vətəndaş məsuliyyəti, maliyyə nizam-intizamı kimi başlıca prinsiplər durur. Pandemiya dövründə bu amillərin önə çəkilməsi bir daha özündə əhalinin sosial müdafiəsinin etibarlılığına nail olmaq məramını ehtiva edir.

Bir daha diqqəti koronavirusla mübarizə sahəsində görülən tədbirlərlə bağlı videoformatda keçirilən müşavirəyə cəlb etməklə xatırlatmaq yerinə düşər ki, həmin tədbirdə sosial-iqtisadi vəziyyət barədə geniş açıqlama verən dövlətimizin başçısı İlham Əliyev sosial sahədə sabitliyi prioritet saydığını yenidən nümayiş etdir­miş oldu: “Bu çətin pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Onu da bildirməliyəm ki, Azərbaycan bu siyahı­da yoxdur, biz öz hesabımıza yaşayırıq. Neftin qiyməti kəskin aşağı düşür, buna baxmayaraq, biz bu işləri görürük. Budur siyasət”--sözlərini dönə-dönə diqqətə çatdıran Azərbaycan rəhbəri pandemiya dövründə belə sosial layihələrin nəzərdə tutulduğu vaxtda yerinə yetirildiyini insan amilinə diqqət və qayğının ifadəsi adlandırdı.

Bəli, yuxarıda sadalanan faktlar Azərbaycan dövlətinin istənilən qlobal böhrana hazırlıq əzmini və əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq qətiyyətini göstərir.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

14 Avqust 2020 04:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə