• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtkin düşmüş jurnalistlə bağlı tədqiqat davam edir

İtkin düşmüş jurnalistlə bağlı tədqiqat davam edir

Səudiyyəli jurnalist Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-ın narahatlığına səbəb olub. Amerikalı senator Lindsi Qrem ölkəsinin münasibətini bəyan edərək bildirib ki, əgər jurnalistin itkin düşməsində Ər-Riyadın iştirakı sübut olunarsa, bu, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlərin pozulmasına səbəb ola bilər. “Bunun cavabı ağır olacaq. Yalnız iqtisadi baxımdan deyil, bütün sahələrdə” – deyə senator Tvitter hesabında yazıb. 
Türkiyə isə Ər-Riyaddan jurnalistin yoxa çıxmasının təfərrüatlarının müəyyən edilməsi üçün konsulluqda axtarış aparmağa icazə verməsini istəyib. Türkiyə rəsmiləri Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünə inandıqlarını bildiriblər.
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman keçən həftə deyib ki, ölkəsi Türkiyə hökumətinin konsulluqda axtarış aparmasına etiraz etmir. Onun bildirdiyinə görə, Camal Xaşuqcinin yoxa çıxması ilə əlaqədar gizlədilməli heç nə yoxdur.
Lakin Türkiyə rəsmilərinin konsulluğa daxil olmasına icazənin verilib-verilmədiyi hələ aydın deyil. Səudiyyə Ərəbistanı rəsmiləri Türkiyə tərəfinin Xaşuqcinin öldürüldüyü haqda iddialarının əsassız olduğunu bildiriblər.
Baş vermiş hadisəni birbaşa nəzarətində saxlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Səudiyyə Ərəbistanı rəsmiləri Camal Xaşuqcinin çərşənbə axşamı konsulluğa daxil olduqdan sonra oranı tərk etdiyini sübuta yetirməlidirlər. Çünki jurnalistin türk nişanlısı Hatice Çengiz Camal Xaşuqcinin konsulluq binasından çıxmadığını bildirir. Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanının ölkədəki səfiri Valid Əlkərədcini bazar günü yenidən Xarici İşlər Nazirliyinə çağıraraq, ona Ər-Riyadın tam əməkdaşlıq edəcəyini gözlədiklərini bildiriblər.
 “Amerikanın səsi”nin yazdığına görə, 59 yaşlı Camal Xaşuqci Məhəmməd bin Salman hökumətinin kəskin tənqidçilərindən biri idi. O, siyasi görüşlərinə görə təqiblərdən sonra ölkəni tərk edib Birləşmiş Ştatlarda yaşayırdı. “The Washington Post” qəzetinə məqalələr yazan Xaşuqci mütəmadi olaraq Səudiyyə Ərəbistanındakı vəziyyəti, hökumətin daxili siyasətini tənqid edirdi. 

Aida AYSA, “Xalq qəzeti”

9 Oktyabr 2018 23:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin