• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nursultan NAZARBAYEV: Qazaxıstana son 27 ildə 300 milyard dollar sərmayə qoyulub

Nursultan NAZARBAYEV: Qazaxıstana son 27 ildə 300 milyard dollar sərmayə qoyulub

“Biz 1991-ci ilin 16 dekabrında müstəqilliyimizi elan etdikdən sonra ölkəmizə yatırılan xarici sərmayənin həcmi 300 milyard dollara çatıb”. “Anadolu” agentliyi yazır ki, bu sözləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astanada bir neçə xarici ölkənin yeni səfirləri ilə görüşü zamanı səsləndirib. 
Dövlət başçısı bildirib ki, Qazaxıstanın strateji məqsədi dünyanın 30 yüksək inkişaf etmiş ölkələri sırasına çıxmaqdır. Onun sözlərinə görə, bu istiqamətdə bütün lazımi proqramlar uğurla həyata keçirilir. Qazaxıstan hökuməti ölkə iqtisadiyyatının modernləşdirilməsi üçün kompleks islahatların icrasını davam etdirir. 
2017-ci ildə Qazaxıstan iqtisadiyyatının artım sürəti 4 faiz olub ki, bu da orta ümumdünya göstəricisindən xeyli yüksəkdir. Ölkəyə yatırılan sərmayənin həcmi ilbəil artır. Bu, ilk növbədə ona dəlalət edir ki, dünyanın böyük şirkətləri, iş adamları Qazaxıstan iqtisadiyyatının gələcəyinə inanırlar. 
Yeri gəlmişkən, bu yaxınlarda Astanada Beynəlxalq Maliyyə Mərkəzi fəaliyyətə başlayacaq. Prezident əmindir ki, bu qəbildən olan addımların sayəsində yaxın gələcəkdə Qazaxıstanın dünyanın maliyyə bazarlarında reytinqi daha da yüksələcək. 
N.Nazarbayev qeyd edib ki, “Rəqəmsal Qazaxıstan” proqramı da uğurla həyata keçirilir. 2022-ci ilədək bu layihənin icrasına 400 milyon dollar vəsait ayrılacaq. 
Qazaxıstan Prezidenti ölkəsinin bir sıra böyük xarici dövlətlərlə, o cümlədən Avropa İttifaqı (Aİ) ölkələri ilə əlaqələrinə də toxunub. Qeyd edib ki, 2018-ci ildə Qazaxıstanla Aİ arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olub. Rəsmi Astana Aİ rəhbərliyi ilə 2015-ci ildə imzaladığı əməkdaşlıq haqqında müqavilənin uğurla həyata keçirilməsində maraqlıdır. 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

9 Oktyabr 2018 23:12 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin