Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın neft tarixində yeni mərhələnin başlanğıcı

Avqustun 10-da Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Dərin Səniz Ğzülləri zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasiminin baş tutması müasir Azərbaycanın neft tarixində yeni bir mərhələnin başlanğıcı sayıla bilər. İlk baxışdan həm də simvolik məna kəsb edən "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması Azərbaycanın potensial enerji daşıyıcıları ölkəsi və hasilatçısı olaraq öz mövqeyini möhkəmləndirdiyini və yeni inkişaf səviyyəsinə yüksəldiyini əyani surətdə nümayiş etdirir.

"Qarabağ" yatağında yeni qazma-bərpa işlərinə start verilməsi eyni zamanda "Əsrin müqaviləsi"nin dayanıqlılığını və etibarlılığını bir qədər də artıracaq. Bu tarixi hadisə son zamanlar bir qədər passivləşmiş şirkətlərin (payçıların) yenidən fəallaşmasına və eyni zamanda onların yeni yataqların işlənməsində SOCAR şirkəti ilə əməkdaşlığı daha da dərinləşdirmələrinə stimul verəcək. Bu fakt eyni zamanda

Azərbaycanın enerji sektoruna xarici şirkətlərin marağının artmasına təkan verəcək.

Koronavirus pandemiyasının dünya neft bazarını və istehsalçı ölkələrin yerli neft sənayelərini kəskin mənfi təsirlərə məruz qoymasından və dünya birjalarında neftin qiymətinin total şəkildə ucuzlaşmasından sonra həm beynəlxalq ekspertlərdə, həm də ölkə ictimaiyyətində bir qədər bədbin əhval-ruhiyyə və ümidsizlik ovqatı yaranmışdı. Lakin "Qarabağ" yatağında yeni qazma-bərpa işlərinə start verilməsi bu ümidsizlikləri ciddi şəkildə aradan qaldırmağa imkan verəcək. Başqa sözlə desək, Azərbaycan hökuməti “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasını həyata keçirməklə iqtisadiyyatın şaxələndirilməsi siyasətini yürütməklə bərabər, eyni zamanda neft və qaz sənayesinin bundan sonrakı inkişafına da xüsusi önəm verdiyini nümayiş etdirdi.

Azərbaycan tərəfi neft sənayesinin gələcəyi ilə bağlı nikbindir. Bu nikbinliyi ölkə Prezidenti cənab İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərdən də hiss etmək, sezmək mümkün idi. Prezident bildirdi ki, “Bu gün "Qarabağ" yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənilməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycanda inşa edilibdir. Azərbaycan mütəxəssisləri tərəfindən və bu gün artıq dənizə yola salınır. Bu gün Azərbaycan vaxtılə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu nəhəng dayaq bloku bunun əyani sübutudur. Bizim indi əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir”.

Gördüyümüz kimi ölkə başçısı qlobal enerji siyasətimizin əsas istiqamətləri üzrə fəaliyyətlərin bir an belə dayanmadığını xüsusi əminliklə qeyd edib. Eyni zamanda Prezidentin çıxışı onu göstərir ki, məhz neft və qaz sahəsində görülmüş işlərin nəticəsidir ki, bu gün həm Azərbaycan əhalisinin və iqtisadiyyatının daxili tələbatı fasiləsiz olaraq ödənilir, həm də dünya ölkələrinə neft məhsullarımızın və qazın ixracı uğurla davam edir. Deməli, artıq Azərbaycanın özü bu gün enerji daşıyıcıları sahəsində beynəlxalq müstəvidə investisiya siyasəti həyata keçirə bilən ölkələrdən birinə çevrilib.

 

Ölkəmiz qlobal enerji siyasətinin əsas oyunçularından biridir və bu gün azərbaycanlı mütəxəsislər tərəfindən hazırlanmış “Qarabağ” yatağının dayaq blokunun yola salınması hadisəsi Azərbaycanın xarici investorlarla neft-qaz sektorunda birgə əməkdaşlıq etməsi ilə bərabər, eyni zamanda heç bir kənar dəstək olmadan, yalnız öz daxili imkanlarından istifadə etməklə yatırım qoymaq gücünə malik olduğunu göstərir. Prezident İlham Əliyev hər iki istiqamətdə çox ustalıqla paralel və çevik siyasət yürütməyi bacarır. Sözügedən “Qarabağ” layihəsi də, TAP layihəsi də Prezidentin bu sahədəki uğurlu layihələri sırasındadır. Bunlar strateji layihələrdir.

Mən burada bir məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm. Prezidentin müsahibəsindəki nikbinliyin əyani təsdiqini onun “Qarabağ” yatağına qayıdışla işğal altındakı qədim yurd yerimizə -- Qarabağa qayıdacağımız günü əlaqələndirməsində görə bilərik. Bu çox uğurlu müqayisə və bənzətmə idi:”Bu gün Azərbaycan vaxtılə -- 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu nəhəng dayaq bloku bunun əyani sübutudur. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Bəli, tezliklə biz doğma Qarabağımıza qayıdacağıq. Bunun yolu isə ilk növbədə güclü iqtisadiyyata sahib olmağımızdan keçir. Prezident də məhz bunun mesajını verdi və Şuşaya, Xankəndinə qayıdacağımız günün uzaqda olmadığını bəyan etdi.


Əlisahib HÜSEYNOV,

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

 

13 Avqust 2020 11:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə