• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Viktor Orban: Macarıstan Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcək

Viktor Orban: Macarıstan Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfəri başa çatıb. Səfər çərçivəsində Ərdoğan Macarıstanın Baş naziri Viktor Orban və parlamentin sədri Laslo Keverlə görüşüb. Məlumatı “Anadolu” verib. 
Budapeştdə Türkiyə Prezidenti ilə birgə keçirilmiş mətbuat konfransında çıxış edən Orban bəyan edib ki, ölkəsinin təhlükəsizliyi birbaşa Türkiyə ilə bağlıdır. Onun sözlərinə görə, Türkiyə regionda sabitliyin qorunub saxlanmasında və nəzarətsiz miqrasiya proseslərinin qarşısının alınmasında böyük rol oynayır. Eyni zamanda, Avropa İttifaqı ilə Türkiyə arasında bağlanmış qaçqınlarla bağlı müqavilə qitənin təhlükəsizliyi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. 
Macarıstanın baş naziri Türkiyənin Aİ-yə qəbulu ilə bağlı qeyri-konstruktiv mövqe tutan Avropa hakimiyyət orqanlarını tənqid edib. Onun fikrincə, Aİ özü üçün dünya mərkəzlərindən biri statusunu təmin etmək istəyirsə, Ankara ilə əməkdaşlığı genişləndirməlidir. “Avropa İttifaqı qeyri-səmimilik nümayiş etdirir. Türkiyənin üzvlüyü ilə bağlı qərar qəbul olunmalıdır. Əgər biz əhəmiyyətli güc mərkəzi olmaq istəyiriksə, o zaman Türkiyə ilə əməkdaşlıq yollarını tapmalıyıq. İndi biz səhv edirik. Danışıqlar prosesində çoxlu məsələlər açılmışdı, ancaq onlardan heç biri başa çatdırılmadı”, – deyə Orban bildirib. 
Baş nazir əmin edib ki, Budapeşt Türkiyənin Aİ-yə qəbulu məsələsini bundan sonra da dəstəkləyəcək. İqtisadi sahədə əməkdaşlıq isə daha da genişləndirilərək keçən ildəki 3 milyard dollardan 5 milyard dollara çatdırılacaq. Budapeşt və Ankara müdafiə sahəsində də əməkdaşlığı gücləndirmək niyyətindədir. “Macarıstan effektiv ordu yaratmaq istəyir və ümid edir ki, bu sahədə də Türkiyə ilə əməkdaşlıq edəcəyik”. 
Ərdoğan Macarıstan Milli Məclisinin sədri Laslo Keverlə də bağlı qapılar arxasında görüş keçirib. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

9 Oktyabr 2018 23:11 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin