Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seroloji testlərin keçirilməsi zəruridir

Korononavirus təhlükəsi bəşəriyyətin başı üzərini alan gündən ölkəmizdə bu virusun geniş yayılmaması məqsədilə düşünülmüş şəkildə qabaqlayıcı tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızda pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən ölkə vətəndaşlarının sağlamlığının qorunması prioritet vəzifə kimi qarşıya qoyuldu. Bütün dövlət qurumlarının əsas diqqəti bu sahəyə yönəldildi və virusun daha ciddi fəsadlar törətməməsi üçün bütün imkanlardan istifadə edildi. Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, fəaliyyəti dayandırılmış müəssisədə çalışanların həyat səviyyəsinin yaxşılaşdırılması, eləcə də sahibkarlara dəyən ziyanın dövlət vəsaiti hesabına ödənilməsi əhalinin bu bəladan az itki ilə çıxacağına inamını artırdı.

Dövlət başçısının sosial şəraitin qorun­ması, işsizliyin səviyyəsinin aşağı salınması, özünüməşğulluğun təmin olunması ilə bağlı imzaladığı sərəncam, həmçinin bu istiqamətdə qəbul edilən qərarlar, Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı öz bəhrəsini verdi. Bunlarla yanaşı, səhiyyə sistemində aparılan genişmiq­yaslı islahatlar, paytaxtda və regionlarda modul tipli xəstəxanaların quraşdırılması bu virusun geniş yayılmasının qarşısını almaqda mühüm rol oynadı.Son 15 gündə virusa yoluxanların sayının kəskin azalması və sağalanların sayının sürətlə artması dünyada pandemiyaya qarşı mübarizədə Azərbaycan modeli kimi təqdim edilir.

Tədbirlər Planı çərçivəsində hazırda dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunmasına ciddi nəzarət edilir. Həmçinin işsiz insanlar qeydiyyata alınaraq onlara ölkə üzrə yaşayış minimumu səviyyəsində – 190 manat birdəfəlik ödəmənin avqust ayında da verilməsi əhalinin həyat tərzinin yaxşılaşdı­rılmasının dövlət başçısının diqqət mərkəzində saxlanıldığının göstəricisidir.

Koronavirusdan sağalanlarının sayının yolu­xanların sayını qat-qat üstələməsi heç kimdə ar­xayınlıq yaratmamalıdır. O cümlədən virusa qarşı mübarizə davam etdirilir. Hazırda ölkəmizdə bu istiqamətdə tədbilər davam etdirilir. COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində yaxın günlərdə əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının zəruri sahələrindən biridir. Bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən də mühüm addımlar atılır.

Seroloji testlərin aparılmasında əsas məqsəd nədir? Mütəxəssislərin fikrincə, belə testlərin keçirilməsi çox vacibdir. Çünki əhali arasında COVID-19 infeksiyasının keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsi zəruridir. Məhz bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını müəyyən etmək müm­kün olur. Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalara imkan verir.

Dünyanın müxtəlif ölkələrində, xüsusilə, indiyədək əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb. Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticism testindən keçirilib.

Bütün bunları nəzərə alaraq, Azərbaycanda da seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə apa­rılacaq. Bu məqsədlə müvafiq tədbirlər hazır­lanıb. Belə ki, təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan qanalma üzrə xüsusi təlim keçmiş tibb bacısı göndəriləcək. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Alınmış qan nümunələri qısa müddətdə labo­ratoriyaya çatdırılaraq analizdən keçiriləcək. Mütəxəssislər tərəfindən analiz nəticələrinin tibbi və statistik təhlili aparılacaq, yekun nəticələr barədə ictimaiyyət məlumatlandırılacaq. Analiz verən hər bir könüllü şəxs öz nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər.

İlkin mərhələdə tədqiqatların Bakı, Sumqa­yıt və Gəncə şəhərlərində aparılması planlaş­dırılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə aparılacaq­dır. Mütəxəssislərin fikrincə, insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar – anticismlər yaranır. Viruslara qarşı anticismlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Bu baxımdan, seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

13 Avqust 2020 03:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə