Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ salnaməsinin fədakar yazarı əbədiyyətə qovuşdu

Vida sözü

Azərbaycan jurnalistikasına ağır itki üz vermişdir. Avqustun 11-də tanınmış qələm sahibi, Əməkdar jurnalist, “Xalq qəzeti”nin Qarabağ üzrə bölgə müxbiri Ziyəddin Kamal oğlu Sultanov uzun sürən xəstəlikdən sonra ömrünün və yaradıcılığının məhsuldar dövründə dünyasını dəyişmişdir.

Ziyəddin Sultanov 1951-ci ildə Ağdam rayonunun 27 ildən bəri erməni işğalı al­tında qalan Kolanı obasının Mollalar kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirən gələcəyin jurnalisti yeniyetməlik illərindən mətbuatda müxtəlif yazılarla çıxış etmiş, taleyi­ni ömürlük söz yaradıcılığı ilə bağlamışdır. Həmkarımız 1969–1974-cü illərdə Bakı Dövlət Universitetinin jurnalisti­ka fakültəsində ali ixtisas təhsili almış, tələbəlik illərindən aktual mövzularda yaradıcılıq istedadı­nı və bacarığını sübuta yetirmiş, təcrübəli qələm sahiblərinin yüksək etimadını qazanmışdır.

Jurnalistika aləminə ictimai ideallara sadiq, milli mətbuatımızın ən yaxşı ənənələrinə bağlı, çağdaş jurnalistika nəzəriyyəsinə və təcrübəsinə mükəmməl yiyələnmiş qələm sahibi kimi qədəm qoyan Ziyəddin Sultanov peşəkar fəaliyyətə nəşriyyat redaktoru kimi başlamışdır. “Gənclik” nəşriyyatında buraxılan bir sıra maraqlı kitabların ədəbi-bədii dil normalarına uyğun çapa hazırlanmasında fəal iştirak etmişdir. O dövrdə gəncliyin istək və maraqlarını dərindən öyrənmiş jurnalist kimi Ziyəddin Sultanov 1978–1980- ci illərdə “Azərbaycan gəncləri” qəzetinə dəvət olunmuş, bu populyar nəşrin səhifələrində dərc olunmuş silsilə analitik və publisistik yazıları ilə geniş oxucu auditoriyasının diqqətini cəlb etmiş, o dövrün rəhbər və ustad jurnalistlərində mərkəzi mətbuat üçün perspektivli kadr olduğuna dərin inam yaratmışdır.

Qısa müddətdə səriştəli qələm sahibi kimi tanınmış Ziyəddin Sultanov 1980-ci ildə Azərbaycan dövri mətbuatının avanqardı, akdemik jurnalistika məktəbi sayılan “Kommunist” (1991-ci ildən “Xalq qəzeti”) qəzetində fəaliyyətə başlamış, 1982-ci ildən Dağlıq Qarabağda artmaqda olan separatçı əhval-ruhiyyə səbəbindən bu mux­tar vilayətdə milli maraqları qorumağa qadir jurnalist kimi Xankəndiyə bölgə müxbiri göndərilmişdir.

Uşaqlıq illərindən qonşuluq­da yaşayan nankor ermənilərin riyakarlığına və xainliyinə yaxşı bələd olan gənc Ziyəddinin ayıq-sayıqlığı və prinsipiallı­ğı bir sıra hallarda erməniləri açıq təxribatlardan çəkinməyə məcbur etmişdir. Vilayətin daşnakxislət kommunist rəhbərliyi bu səbəbdən dəfələrlə həmkarımızı Xankəndidən uzaq­laşdırmağa cəhd göstərmişdir. Lakin redaksiya rəhbərliyinin qətiyyəti və Ziyəddinin ekstre­mal şəraitdə çalışa bilmək baca­rığı buna imkan verməmişdir.

Redaksiyanın Dağlıq Qarabağ müxbirinin xidməti məruzələrində irəlicədən göstərildiyi kimi, 1988-ci ilin fevralında Xankəndidə millətçi elementlər vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə meydana çıxanda Ziyəddin Sultanovun necə haqlı olduğu və hansı çətin şəraitdə çalışdığı öz təsdiqini tapmışdır. Bölgədə hadisələr faciəli məcraya qədəm qoyanadək müxbir postu Xankəndidə yerləşən Qarabağ üzrə bölgə müxbirimiz 1989-cu ildən fəaliyyətini Ağdamda, 1993-cü ildən sonra isə Bərdədə davam etdirməyə məcbur olmuşdur.

Bir qərinədən artıq davam edən Dağlıq Qarabağ münaqişəsinin canlı, operativ xronikası Ziyəddin Sultanovun silaha çevrilmiş qələmi ilə böyük və mükəmməl bir salnamə təşkil edir. Cəbhə bölgəsi müxbiri adını bütün ölçüləri ilə doğruldan Ziyəddin Sultanov bugünümüz və gələcəyimiz üçün qiymətli bir Qarabağ salnaməsi yaratmaq missiyasını yorulmaq bilmədən davam etdirmişdir. Onun bu materiallar əsasında hazırladığı “Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var”, “Əsirlər, itkinlər, girovlar”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr...”, “Ürək dözmür ayrılığa”, “Göylərdən gələn gəlin” kimi kitablarda Qarabağ müharibəsində xalqımızın üzləşdiyi faciə və itkilərin bitkin mənzərəsini yaratmışdır.

Yetkin söz adamı olan Ziyəddin Sultanov Qarabağ müharibəsinin dəhşətlərini əks etdirən silsilə qəzet yazılarında, sənədli, bədii əsərlərində erməni separatizminin və təcavüzünün, terror və vandalizminin insanlığa zidd mahiyyətini, qanlı səhnələrini sistemli olaraq qələmə almışdır. Erməni silahlı quldur dəstələrinin qarşısında canlı sipər yaratmış əsgər və zabitlərimizin hünəri, şəhidlərimizin qəhrəmanlığı, məcburi köçkünlərin düçar olduqları hədsiz məhrumiyyətlər, cəbhəyanı bölgənin əhalisinin qayğıları və quruculuq işləri də Ziyəddin Sultanovun jurnalistik fəaliyyətində və ədəbi yaradıcılığında geniş yer tutur. O, yurdsevər ziyalı, cəsarətli bir jurnalist kimi Qarabağ müharibəsi başlanandan cəbhə bölgəsini tərk etməmişdi. Bu illərdə Ziyəddin həmişə Qarabağ münaqişəsindən yazan jurnalistlərə, cəbhə müxbirlərinə öz davranış və yaradıcılıq nümunəsi göstərmişdir.

Ötən illərdə Azərbaycan oxucuları Dağlıq Qarabağda baş verən hadisələri bir çox hallarda müxtəlif səbəblərdən gecikdiril­miş rəsmi məlumatlardan qabaq, Ziyəddin Sultanovun qəzetimizə göndərdiyi operativ yazılarla izləmişlər. Dünyanı sarsıdan Xocalı faciəsi, onun qurbanları və şahidləri barədə çoxsaylı ya­zılar və bu mövzuda kitablar isə müəllifin yaradıcılığında ayrıca yer tutur.

Ziyəddinin cəbhə yaradı­cılığını nəzərdən keçirdikcə, o dəhşətli günlərin ağrı-acılarının, qan-qadalarının miqyasını, çəkisini yenidən hiss edib-anla­dıqca gözümüz önündə bu xro­nikanı söz-söz, cümlə-cümlə öz tale yazısı kimi ərsəyə gətirmiş döyüşçü-yazarın mətin, yetkin obrazı da canlanır. Bir daha əmin olursan ki, bu alovsaçan, qan qoxuyan xronikanın müəllifi xalqımızı ayıq-sayıqlığa, birliyə çağıran, düşmənə zərbə vurmağa ruhlandıran əsl cəbhə müxbiri olmuşdur.

Ziyəddin Sultanovu “Qarabağın baş yazarı” kimi tanıdan və sevdirən bu əhatəli, qanlı xronikanı onun həssas bədii düşüncəsinin və humanist diləklərinin əks-sədası olan “Məni də sevən var”, “Ömür keçdi, gün keçdi”, “Burdan bir atlı keçdi”, “Kəklik”, “Bir qonağam bu dünyada”, “Xatırla məni” kimi kitabların oxuculara həayt eşqi aşılayan ədəbi dünya­sı tamamlayır.

Həmkarımızın jurnalistika və ədəbiyyatımız qarşısın­da xidmətlərini dövlətimiz yüksək qiymətləndirərək, onu “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görmüş, “Tərəqqi” medalı ilə təltif etmişdir. Ziyəddin Sul­tanov ölkə jurnalistlərinin “Qızıl qələm, “Ali media” və bir çox digər yaradıcılıq mükafatlarını da ilk qazanan jurnalistlərdən olmuşdur.

Ağır xəstəlik, amansız ölüm Azərbaycan milli jurna­listikasının ən yaxşı ənənələri ilə tərbiyələnmiş Ziyəddin Sultanovu ürəkdən sevdiyi, möhkəm bağlandığı, yarım əsrlik bir müddətdə pillə-pillə ucaldığı fəaliyyət sahəsindən, doğmalarından və dostların­dan vaxtsız ayırdı. Qarabağın bəlalı xronikasının baş yazarı əbədiyyətə tez qovuşdu. Onun həyat yolu, yaradıcılıq örnəyi isə jurnalistikamızı zənginləşdirmiş və şərəfləndirmişdir.

Ustad jurnalist, bacarıqlı və məsuliyyətli bölgə müxbiri, qeyrətli vətəndaş, mehriban və qayğıkeş dost olmuş Ziyəddin Sultanovun əziz xatirəsi onu tanıyıb-sevənlərin qəlbində daim yaşayacaqdır. Qoy, Qarabağda qazanacağımız Böyük Qələbə Ziyəddinin torpaqlarımızın itkisi ilə göynəyən nisgilli, nigaran ruhuna tezliklə təsəlli olsun.

Allah rəhmət eləsin!

Xalq qəzetinin kollektivi

13 Avqust 2020 03:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə