Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət karantin rejimini yumşaldır: Vətəndaşlar qaydalara daha məsuliyyətlə əməl etməlidirlər

Bu gün bəşəriyyət COVID-19 üzərində qələbə çalmaq üçün əzmlə mübarizəni davam etdirir. Pandemiyanın ya­yılma arealı və tempi, eləcə də aparılan mübarizə tədbirləri onu deməyə əsas verir ki, virusun yox olması və əvvəlki normal həyatın bərpası üçün vətəndaşlar məsuliyyətlərini daha da artırmalı, qaydalara riayət etməyi unutmamalıdır­lar. Son zamanlar Azərbaycanda virusa yoluxma tempində azalma müşahidə edilməkdədir. Görülən zəruri tədbirlər nəticəsində təqdirəlayiq haldır ki, sağalanların sayı yolu­xanların sayını qat-qat üstələyir. Gündən günə virusdan ölənlərin sayı da azalır. Avqustun 3-də 241 (647 nəfər sağal­ma), 4-də 226 (588 sağalma), 7-də 129 (421 sağalma), 8-də 105 (360 sağalma), 9-da 87 (308 sağalma) yoluxma faktı qeydə alınıb. Bu statistik göstəricilərə nəzər salsaq, görərik ki, artıq ölkəmizdə müsbət dinamika müşahidə edilir.

Yeni növ koronavirus infeksiya­sının geniş yayılmasının qarşısının alınması üzrə 2020-ci il iyunun 21-dən etibarən tətbiq olunmuş sərtləşdirilmiş tədbirlərin nəticəsidir ki, artıq avqus­tun əvvəllərindən sanitar-epidimioloji vəziyyətdə sabitləşmə müşahidə olun­maqdadır. Önləyici tədbirlərin nəticəsidir ki, stabilləşmə davam edir. Əlbəttə, burada vətəndaşların əksəriyyətinin məsuliyyətli davranışı, vəziyyətə nəzarət edən polis əməkdaşları və hərbi qul­luqçuların fəaliyyəti də xüsusi qeyd edilməlidir.

Odur ki, Nazirlər Kabineti yanında operativ qərargah mütəmadi olaraq, vəziyyəti nəzarətdə saxlamaqla yana­şı, mütəxxəssislərlə məsləhətləşərək, tədricən yumşaldılma prosesi ilə bağlı qərarlar qəbul edirlər.

Avqustun 5-də saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazəsi, xidməti vəsiqə, icaze.e.- gov.az portalı vasitəsilə tərk etmək siste­mi ləğv olunub. Bu qərar sərtləşdirilmiş karantin rejiminin yumşaldılmasında ilkin qərar kimi cəmiyyət və vətəndaşlar tərəfindən müsbət qarşılandı. Artıq bu qərara qədər hər kəs SMS icazəsi ilə ən zəruri hallarda evdən çıxırdılarsa, artıq buna ehtiyac qalmadı.

Bundan başqa, sərt karantin reji­minin yumşaldılması istiqamətində növbəti tədbirlər paketinin qüvvəyə minməsi də bir sıra istehsalat sahələrinin fəaliyyətinin bərpasına şərait yaratdı. Belə ki, Nazirlər Kabinetinin müva­fiq qərarı ilə sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqa­yıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində avqustun 10-dan etibarən bır sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilir. Buraya maşın və avadanlıqla­rın istehsalı, elektrik avadanlıqlarının, kompüter, elektron və optik məhsulların, avqomobil, qoşqu və yarımqoşqula­rın, poliqrafik məhsulların, zərgərlik məmulatlarının, musiqi alətləri, idman mallarının, tütün məmulatlarının, dəri və dəri məmulatlarının, eləcə də geyim və ayaqqabı istehsalı daxildir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmçinin müəyyən sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki –hüquqi müqavilə ilə işləyən şəxslərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilib.

Bərbər və gözəllik salonlarının fəaliyyətinin bərpası, çimərliklərin açıl­ması da karantin rejiminin yumşaldılma­sında növbəti addım oldu. Vətəndaşların yayda səbirsizliklə gözlədikləri çimərlik mövsümü, gec də olsa, açıldı və vətəndaşlar çimərliklərdən istifadə edə bildilər. Təbii ki, pandemiya şəraitini nəzərə alaraq, müəyyən qaydalara əməl etmək məcburidir. Çimərliklərdə insanların təhlükəsizliyinin təminatı və sağlamlığının qorunması üçün qaydalar müəyyən edilib. Operativ qərargahın qərarı ilə çimərliklər pandemiya şəraitinə uyğunlaşdırılıb. Beynəlxalq təcrübəyə uyğun olaraq, 120 çimərlikdə xüsusi zonalar təşkil olunub. Çətir və stollar bir-birindən 4 metrlik məsafədə quraşdırılıb, çətirlərin altı rəngli taxtalarla bölünərək kəndirlə əhatələnib. Ümumi istifadə üçün nəzərdə tutulmuş soyunub-geyinmə otaqları və sanitar qovşaqların qarşısında dezinfeksiyaedici məhlullar yerləşdirilib. Çimərliklərdə, həmçinin giriş-çıxışın yoxlanılması və ümumi nəzarət üçün mindən çox könüllü cəlb olunub.

Lakin avqustun 31-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlər qüvvədədir. Buraya yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandı­rılması; (xüsusi və çarter reysləri istisna olmaqla), xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilase­dici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları­nın dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qada­ğan olunması, iri ticarət mərkəzlərinin və “mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai-iaşə məkanlarının, mədəniyyət obyektlərinin fəaliyyətinin dayandı­rılması, tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətin qadağan olunması, kütləvi tədbirlərin təşkilinin qadağan edilməsi və s. buraya daxildir.

Bu qadağalarda məqsəd insanla­rın sağlamlığının qorunması, virusa yoluxma sayının azalmasına nail olmaq, cəmiyyətin əvvəlki normal həyatını maksimum qısa vaxtda bərpa etməkdir. Hər kəsə məlumdur ki, insanların daha çox toplaşdığı əyləncə tədbirləri, idman yarışları, toy və nişan mərasimlərinin keçirilməsi pandemiya dövründə daha çox insanın yoluxması baxımından böyük risk və təhlükədir. Hətta, təcrübə göstərir ki, ev şəraitində belə daha çox insanın iştirakı ilə keçirilmiş tədbirlərdə– ad günləri və yas mərasimlərində kütləvi yoluxma hallarının qeydə alınması bu qadağanın ölkəmizdə hələlik qüvvədə olması qərarının düzgün olduğunu sübut edir.

Sərtləşdirilmiş karantin rejiminin yumşaldılması və yoluxma sayının azal­ması vətəndaşları əsla arxayınlaşdırma­malıdır. Təcrübə göstərir ki, may ayında tətbiq edilən yumşalma qərarı nəticəsində bir sıra vətəndaşların arxayınlaşması və məsuliyyətsizliyi yoluxma sayının yenidən artmasına səbəb olmuşdu. Odur ki, bunu nəzərə alan sakinlər, bir qayda olaraq, yumşalmanın səviyyəsindən və əhatə dairəsindən asılı olmayaraq, qoruyucu maskalardan istifadə etməli, insanların çox olduğu məkanlarda sosial məsafəni gözləməlidirlər.

Ölkədə pandemik vəziyyət dövlətin, xüsusilə də Prezident İlham Əliyevin nəzarəti altındadır, keçirilən müzakirələrdə pandemiyaya qarşı görülən işlər daim diqqət mərkəzindədir. Dövlət başçısının koronavirus pande­miyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial iqtisadi vəziyyətlə bağlı videoformatda söylədiyi fikirlər tezliklə bu bəlanın ölkəmizdən sovu­şacağına inam yaradır: “...Üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır.Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanla­rımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itki ilə çıxaq.”

Vəziyyətdən az itki ilə çıxmaq, ölkəmizi və ümumilikdə, bəşəriyyəti pandemiyadan xilas etmək üçün isə görülən önləyici tədbirlərlə yanaşı, vətəndaş məsuliyyəti də öz sözünü deməlidir. Hər kəs sərtləşdirilmiş karan­tin rejiminin yumşaldılma tədbirlərindən yararlanmaqla yanaşı, həm də qaydalara əməl etməklə, COVID-19 pandemiya­sı dövrünün tezliklə bitməsinə töhfə verməlidir.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

13 Avqust 2020 03:26 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Sentyabr 2020 | 23:02
Qələbə soraqlı günlər

Köhnə versiyamızdan xəbərləri izlə