Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə ədalət mühakiməsinin təkmilləşdirilməsi və hakimlərin iş yükünün azaldılması istiqamətində kompleks tədbirlər həyata keçirilir

Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də KİV-in, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Bu da insanların məhkəmə-hüquq sahəsində maariflənməsinə müsbət təsirini göstərir. Bu baxımdan, dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

Bu istiqamətdə həyata keçirilən növbəti tədbirlərdən biri kimi, avqus­tun 12-də “Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər” mövzu­sunda onlayn qaydada ictimai müzakirə təşkil olunub.

İctimai müzakirədə iştirak edən Məhkəmə-Hüquq Şurası Aparatı­nın Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektorunun mü­diri Seyfəlpaşa Əliyev bu istiqamətdə işin təşkili, atılan addımlar barədə ətraflı məlumat verib.

Bildirilib ki, ölkəmizin məhkəmə-hüquq sistemində islahatlar müa­sir çağırışlara uyğun olaraq yeni mərhələdə həyata keçirilir. Belə ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində isla­hatların dərinləşdirilməsi haqqında” Fərman bu sahədə islahatların yeni mərhələsinin başlanğıcı olmaqla yanaşı, aidiyyəti qurumların qarşısında mühüm vəzifələr qoyub.

Fərmanın icrası istiqamətində məhkəmə hakimiyyətinə ictimai etimadın və məhkəmə fəaliyyətində şəffaflığın artırılması, məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən ictimaiyyətlə qarşılıqlı əlaqələrin səmərəli qurulması üzrə müvafiq qərarlar qəbul olunub, Məhkəmə-Hüquq Şurasının özündə və məhkəmələrdə ictimaiyyətlə əlaqələrə məsul şəxslər ayrılıb.

Qeyd edilib ki, ölkəmizdə məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası 2005-ci ildən fəaliyyətə başlayıb. Onun səlahiyyətlərinə məhkəmə hakimiyyəti ilə bağlı bir çox, o cümlədən, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların intizam məsuliyyətinə cəlb edilməsi, iş yerlərinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, məhkəmə sisteminin müstəqilliyinin təmin olunması daxildir. İndiyədək məhkəmə-hüquq sistemində mühüm islahatlar həyata keçirilib və Məhkəmə-Hüquq Şurasının səhiyyələri ilbəil genişləndirilir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il aprelin 3-də Fərmanının icrası üzrə ötən dövrdə çoxsaylı tədbirlər reallaşdırılıb. Fərman məhkəmə-hüquq islahatların dərinləşməsini ehtiva edir və indiyədək ölkəmizdə həyata keçirilən mühüm tədbirlərin məntiqi davamıdır. Məhkəmə və ədalət mühakiməsi sisteminin müxtəlif spektrlərini əhatə edən fərmanda yeni məhkəmələrin yaradılması, hakimlərin və məhkəmə aparatı işçilərinin təminatının yaxşılaşdırılması, özəl icra və ekspertiza institutlarının yaradılması, mediasiya, arbitraj və digər istiqamətlərdə yeniliklər nəzərdə tutulub. Bu sənəd qəbul olunduqdan sonra onun icrası məsələləri Məhkəmə- Hüquq Şurasının iclasında müzakirə olunub və bununla bağlı İşçi Qrup yaradılıb, fərmanın ictimaiyyətə çatdırılması məqsədilə müxtəlif görüşlər təşkil edilib.

Həmçinin, fərmandakı tapşırıq­lardan irəli gələrək ölkədə yeni kom­mersiya və inzibati məhkəmələrin yaradılıb. Dövlətimizin başçısının sərəncamları ilə 12 regional kom­mersiya və inzibati məhkəmə təşkil edilib. Bu ilin yanvarından fəaliyyətə başlayan həmin məhkəmələrə 42 yeni hakim təyinatı aparılıb. Eyni zamanda, hakimlərin maddi təminatı yaxşılaşdırılması istiqamətində qanunvericiliyə dəyişikliklər edilib və hakimlərin əməkhaqqı iki dəfəyədək artırılıb. Fərmanın icrası çərçivəsində Ali Məhkəmədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı yeni mexanizmin müəyyənləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunvericilikdə köklü dəyişikliklər edilib.

Vurğulanıb ki, fərmanda nəzərdə tutulan mühüm tədbirlərdən biri də hakim ştatlarının 200 vahid artırılması olub. Yeni ştatların komplektləşdirilməsinin hakimlərin iş yükünün azaldılmasında mühüm rol oynayacağı qeyd edilib. Bildirilib ki, Azərbaycanda hakimliyə namizədlərin imtahanı prosesi Avropada ən mütərəqqi təcrübələrdən hesab olunur. Bu günədək həmin proseslərdən uğurla keçən 415 nəfər yeni qaydada hakim vəzifələrinə təyin olunub.

Qeyd olunub ki, fərmanla əlavə ayrılmış 200 hakim ştatının çevik komplektləşdirilməsi məqsədilə şura tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilərək bu proses davamlı xa­rakter alıb. Artıq yeni qaydada – müasir informasiya texnologiyalarının tətbiqi ilə keçirilən imtahanlarda uğur qazan­mış 108 nəfər müsabiqənin müxtəlif mərhələsindədir. Həmin namizədlərin tərkibinin 75 faizinin 35 yaşadək, o cümlədən, hər dördündən birinin 30 yaşadək gənclərin təşkil etməsi məmnuniyyətlə vurğulanıb.

Məhkəmələrdə iş yükünün azal­dılması üzrə başqa tədbirlərin də həyata keçirildiyinin vurğulandığı ictimai müzakirədə diqqətə çatdırılıb ki, ölkəmizdə qanunvericiliyə edilmiş dəyişikliklər, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, 2021-ci ildən etibarən respublikamızda media­siya institutunun fəaliyyətə başlaması məhkəmələrin iş yükünün daha da azaldılmasına gətirib çıxaracaq.

Qeyd edilib ki, fərmanda Məhkəmə-Hüquq Şurasına bir sıra mühüm tövsiyələr verilib, o cümlədən məhkəmələrdə qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi üzrə monitorinqlərin aparılması nəzərdə tutulub. Həmin tövsiyələrin icrası üzrə şuranın aparatında yeni strukturlar yaradılıb. Belə ki, “Korrupsi­ya qarşı mübarizə və Məhkəmə monito­rinqi” və “İnformasiya texnologiyaları və innovasiyalar” sektorları təşkil olunub. Məhkəmə-Hüquq Şurası tərəfindən indiyədək 60-dan çox məhkəmədə monitorinqlər keçirilib. Aşkarlanan pozuntular 150-dən çox hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırı­lıb. İşlərin elektron bölgüsünün həyata keçirilməsi ilə bağlı xüsusi monitorinqlər də aparılıb. Bu, həm yerlərdə, həm də “Elektron məhkəmə” informasiya sis­temi vasitəsilə distant formada həyata keçirilib. Bu zaman müəyyən olunan pozuntular 20-dək məhkəmə sədrinin diqqətinə çatdırılıb. Daha ciddi pozuntu­larla bağlı isə iki məhkəmə sədri barədə intizam icraatı başlanılıb. Ümumilikdə, fərmanın qəbul edildiyi dövrdən 44 ha­kim intizam məsuliyyətinə cəlb edilib.

Bildirilib ki, tədbirlərin əsas məqsədi ədalət mühakiməsinin təkmilləşdirilməsi və hakimlərin məsuliyyət hissinin artırılmasıdır. Bu istiqamətdə, həmçinin qarşıda duran vəzifələrə dair Məhkəmə- Hüquq Şurası tərəfindən videokonfrans formatında ölkənin bütün məhkəmə sədri və müavinləri, kollegiya sədrlərinin iştirakı ilə keçirilən müşavirədə qanu­nun aliliyinin və qərarların ədalətliliyinin təmin edilməsi ilə bağlı dövlət başçısı­nın tövsiyələri diqqətə çatdırılıb. Qanun pozuntularına ciddi reaksiya verilməsi, korrupsiya və digər neqativ hallara qar­şı barışmaz münasibət göstərilməsinin vacibliyi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qəti tədbirlər vurğulanıb.

Həyata keçirilən tədbirlər qısa müddətdə öz müsbət bəhrəsini verərək, hakimlərin özlərinə və məhkəmə əməkdaşlarına qarşı daha tələbkar olmaları ilə nəticələnib, bir çox neqa­tiv halların aradan qaldırılmasına nail olunub.

Məlumat verilib ki, fərmanın icrası çərçivəsində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları qəbul edi­lib. Yeni qaydalar məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə mühüm töhfələr verəcək. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə avropalı ekspertlərlə qiymətləndirmə qayda­larının ilkin layihəsi hazırlanıb. Bu ilin martında qəbul edilən hakimlərin fəaliyyətinin qiymətləndirmə qayda­ları müxtəlif istiqamətləri əhatə edir. Yüzdən çox hakimin fəaliyyətinin isə bu ilin sonunadək yeni qaydalarla qiymətləndirilməsi nəzərdə tutulur.

İctimai müzakirədə xüsusi karantin rejimi dövründə ədalət mühakiməsinin həyata keçirilməsi, mövcud karantin rejimində məhkəmələrin fəaliyyətindən də söz açılıb. Qeyd olunub ki, Ali Məhkəmə tərəfindən bununla bağlı məhkəmələrə iş qaydası tövsiyə edilib. Karantin rejimində təxirəsalınmaz qay­dada olan işlərə məhkəmələrdə baxılıb. Eləcə də “Elektron məhkəmə” informa­siya sisteminin nailiyyətlərindən istifadə etməklə məhkəmələrdə müəyyən mülki işlərə də baxılır. Məhkəmələrdə, eləcə də işlərə videobağlantı yolu ilə baxılma­sı da müəyyən edilib.

Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunun fəaliyyəti, gələcəkdə görüləcək işlər barədə məlumat verilərkən qeyd olunub ki, bu sektor fərmandan irəli gələn mühüm tapşırıqların bir hissəsidir. Sektorun fəaliyyətlərindən biri fiziki, hüquqi şəxslərin müraciətlərinin araş­dırılmasıdır. İndiyədək fəaliyyətində korrupsiya hüquqpozmalarına yol verən və vətəndaşın hüquqlarına süni maneə yaradılması hallarına görə 39 hakim intizam məsuliyyətinə cəlb olunub. Həmin hakimlərdən 9-nun səlahiyyətinə xitam verilib, 4-ü isə daha aşağı işə keçirilib. Bundan başqa, məhkəmələrdə qeyri-proses münasibətlərin yolverilməzliyinin qarşısının alınması məqsədilə monitorinqlər keçirilir. Eləcə də məhkəmələrdə maarifləndirmə işləri aparılır, müvafiq təkliflər hazırlanır.

Onlayn ictimai müzakirədə, ümumilikdə son vaxtlar qəbul edilmiş qanunlar sayəsində məhkəmə-hüquq sahəsində çoxlu sayda təqdirəlayiq is­lahatlar aparıldığı vurğulanıb, həmçinin sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılıb.

AZƏRTAC

13 Avqust 2020 03:22 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Sentyabr 2020 | 23:02
Qələbə soraqlı günlər

Köhnə versiyamızdan xəbərləri izlə