Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avrasiya məkanında yükdaşımaları sahəsinə böyük töhfələr verir

Azərbaycanda son 17 il ərzində inkişaf edən infrastruk­tur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanları, körpülər, tunellər və yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması ilə bağlı mühüm işlər görülüb. Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilib, o cümlədən, Avropa-Qaf­qaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənib, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olub, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib.

Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı şərait yaradıb, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub.

Hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşru­tundan və onun tərkib hissəsi kimi Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəli olduğu bildirilir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüs­tanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüs­tandan keçməklə Avropa ölkələrinə qədər uzanır.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu gün regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal- Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanma­sı, müasir gəmiqayırma zavodu, müa­sir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də getdikcə əhəmiyyətli dərəcədə artır.

Onu da vurğulayaq ki, Azərbaycan müasir nəqliyyat və lo­gistika infrastrukturu yaratmaqla mü­hüm nəqliyyat mərkəzinə çevrilməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığı genişləndirir. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında münasibətlərin dərinləşdirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü də nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

Artıq Azərbaycanda nəqliyyat sektoruna qoyulan iri investisiya­lar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu fəaliyyət göstərir. Bu sahədə Ələt Beynəlxalq Dəniz Ticarət Limanı mühüm önəm daşıyır. Mütəxəssislərin fikrincə, 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik olan bu ticarət limanının gələcəkdə imkan­ları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər.

Azərbaycan bu gün, eyni zaman­da, Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Respublikamızda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən indiyədək 10 gəmi tikilib, 140 gəminin və platformala­rın təmiri həyata keçirilib. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. Gələn il əlavə gəmilərin tikilməsi nəzərdə tutulub. Bu gəmilərin Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılması­na xidmət edəcəyi nəzərdə tutulub.

Ələt azad iqtisadi zonasının (Azad Zona) yaradılması da yük­daşımaların inkişafına müsbət təsir edəcək. “Azərbaycan Dəmir Yolla­rı” QSC-nin məlumatına görə, bu qurumun törəmə şirkətləri olan “ADY Express” MMC və “ADY Kontey­ner” MMC-nin mütəxəssislərinin fikrincə, Ələt qəsəbəsində yaradılacaq Azad Zona Bakı-Tbilisi-Qars dəmir yolunu bir qədər də cəlbedici edəcək. Belə ki, Azad Zona Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq fəaliyyət göstərəcək. Yaxın gələcəkdə Azad Zona Avro­pa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaq. Bununla da yeni Bakı limanı Avrasiyanın ən əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək.

Son illər ərzində Çindən Avropa istiqamətində artan yükdaşımaların mühüm hissəsi Qazaxıstan dəmir yolları vasitəsilə həyata keçirilir. Mərkəzi Asiya və Əfqanıstandan Avropa istiqamətində olan nəqliyyat marşrutu isə Türkmənistandan keçir. Qazaxıstan və Türkmənistan son illər ərzində iri infrastruktur layihələri həyata keçiriblər. Regionda həcmi artan yüklərin bir qismi Qazaxıstanda yeni inşa edilən Kurık və yenidən qurulan Aktau limanlarından, digər hissəsi isə Türkmənistanın yenilənmiş Türkmənbaşı limanından bərələr və fider gəmiləri vasitəsilə yeni Bakı limanına çatdırılacaq və daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropaya nəql ediləcək.

Türkiyə tərəfindən Bosfor boğa­zında dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi də Bakı-Tbilisi-Qars dəmir yolunun və Azad Zonanın əhəmiyyətini artırır. Bununla da, yüklərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçirməklə Avropa və Asiyaya çatdırılması təmin olunacaq.

Ələt azad iqtisadi zonasının fəaliyyəti Çin, Hindistan, İran, Rusiya və Mərkəzi Asiya regionu ilə Türkiyə və Qərb dövlətləri arasın­da ticarətin inkişafında və daha da sürətləndirilməsində böyük rol oynayacaq.

Qeyd edək ki, bu il mayın 22-də Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azad Zona və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib.

Azərbaycanda tranzit potensia­lının reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-iyun ayları ərzində 7,2 milyon ton yük, 1 323,3 min sərnişin daşınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,1 faiz artım, sərnişin daşınmasında isə 16,1 faiz azalma müşahidə olunub.

Məlumata əsasən, hesabat dövründə orta hesabla sutkada 315 vaqon yüklənib, 370 vaqon isə boşal­dılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,4 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Bu ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin 11 217,1 min tonu və ya 59,6 faizi avtomobil nəqliyyatı, 5 450,1 min tonu və ya 28,9 faiz dəmir yolu nəqliyyatı, 2 158,9 min tonu və ya 11,5 faiz dəniz nəqliyyatı ilə daşınıb.

Məlumata əsasən, dəhliz vasitəsilə daşınmış yüklərin 19,5 faiz və ya 3 677,7 min tonunu tranzit yüklər təşkil edib.

V.BAYRAMOV, “Xalq qəzeti”

13 Avqust 2020 03:21 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Sentyabr 2020 | 00:58
Neft hasilatı 10 faiz azala bilər
26 Sentyabr 2020 | 04:28
Neftin qiyməti artmağa başlayıb

Köhnə versiyamızdan xəbərləri izlə