Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-19 pandemiyasının Xəzər regionunda təhlükəsizlik və regional əməkdaşlıq siyasəti üçün doğurduğu nəticələr Vaşinqtonda müzakirə edilib

Vaşinqtonda pandemiya şəraitində Xəzər regionunda təhlükəsizlik məsələlərinə həsr edilmiş virtual forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Xəzər Siyasi Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə ABŞ Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper, ABŞ Müdafiə Nazirliyinin Mərkəzi Asiyada siyasət məsələləri şöbəsinin direktoru Klark Adams, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, səfir Henri Enşer, ABŞ Müdafiə Nazirliyinin və Dövlət Departamentinin, ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidmətinin yüksəkvəzifəli şəxsləri, habelə Azərbaycan, Qazaxıstan və Özbəkistanın təhlükəsizlik siyasəti sahəsində aparıcı ekspertləri iştirak ediblər.

Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Nifti forumu açaraq qeyd edib ki, Xəzərin şərq və qərb sahilləri arasında regional əməkdaşlığın genişlənməsi bu region və ABŞ üçün çox ümidverici tendensiyadır.

Səfir Henri Enşerin moderatorluğu ilə keçirilən forumda Qazaxıstanın beynəlxalq münasibətlər şurasının icraçı direktoru İsgəndər Akılbayev, Özbəkustan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktorunun birinci müavini Akramjon Neymatov, Avropa İttifaqında və Belçika Krallığında ABŞ missiyası yanında ABŞ-ın Gömrük və Sərhəd məsələləri üzrə attaşesi Kristina Bell, ABŞ Avropa Komandanlığı yanında ABŞ Gömrük və Sərhəd məsələləri üzrə nəzarət xidmətinin nümayəndəsi Endrü Braythaupt, Azərbaycanın ABŞ-dakı səfiri Elin Sülemanov, Özbəkistanın Strateji İnkişaf Mərkəzinin icraçı direktoru Eldor Tulyakov çıxış ediblər. Xəzər regionunda təhlükəsizliyin cari vəziyyəti ilə bağlı məsələlər, sərhədyanı münaqişələrin həlli, COVID-19 pandemiyası şəraitində regional inkişafın dəstəklənməsi üçün Xəzəryanı ölkələr tərəfindən reallaşdırılan strategiyalar, pandemiyanın Xəzər regionunda sabitlik üçün geosiyasi nəticələri müzakirə edilib.

ABŞ Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper vurğulayıb: “Xəzər regionunda bizim əməkdaşlığımız milli müdafiə strategiyasının bir neçə mühüm məqsədini dəstəkləyir – ABŞ-ın mənafelərinin uzunmüddətli dəstəklənməsi üçün tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, ölkənin terror hücumlarından qorunması və kütləvi qırğın silahının yayılmasının qarşısının alınması”.

ABŞ Müdafiə Nazirliyinin Mərkəzi Asiyada siyasət məsələləri şöbəsinin direktoru Klark Adams deyib: Biz bu regionu Əfqanıstana logistik yolun ən mühüm komponenti hesab edirik və Mərkəzi Asiya ölkələri ilə sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və terrorizmə qarşı mübarizə potensialının artırılmasını davam etdirmək niyyətindəyik”.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev öz çıxışında deyib: “Birləşmiş Ştatların və Avropa İttifaqının Mərkəzi Asiya barədə strategiyası kontekstində biz həqiqətən inanırıq ki, əməkdaşlığın davam etdirilməsi üçün böyük potensial var. Buna görə biz Mərkəzi Asiya, ABŞ və Azərbaycan forumunun keçirilməsini təklif edirik”.

Qazaxıstanın beynəlxalq münasibətlər şurasının icraçı direktoru İsgəndər Akılbayev bildirib: “Mərkəzi Asiyada əməkdaşlıq genişlənir, lakin can atmalı məsələlər həmişə var. Qazaxıstan üçün Azərbaycandan və Gürcüstan olan tərəfdaşlarımızla əməkdaşlıq mühüm prioritetdir”.

Səfir Henri Enşer öz növbəsində bəyan edib: “Biz suverenliyin müdafiəsinə, müstəqilliyin dəstəklənməsinə və region dövlətlərinin müstəqilə qərarlar qəbul etməsinə üstünlük veririk”.

Tədbir iştirakçıları davam etməkdə olan COVID-19 pandemiyası ilə bağlı vəziyyəti, diplomatik və hərbi əməkdaşlığın dəstəklənməsi üçün görülmüş tədbirləri, həmçinin regional təhlükəsizliyə və əməkdaşlığa kömək məqsədilə ABŞ-ın istifadə etdiyi strategiyaları da müzakirə ediblər.

Avropa İttifaqında və Belçika Krallığında ABŞ missiyası yanında ABŞ-ın Gömrük və Sərhəd məsələləri üzrə attaşesi Kristina Bell deyib: “Gömrük, sərhədlərin təhlükəsizliyi xidməti və sərhəd polisi həm ticarət axınlarının və yerdəyişmələrin milli təhlükəsizliyi, həm də ölkəmizin müdafiəsi ilə ayrılmaz surətdə bağlıdır”.

ABŞ Avropa Komandanlığı yanında ABŞ Gömrük və Sərhəd məsələləri üzrə nəzarət xidmətinin nümayəndəsi Endrü Braythaupt deyib: “Milli təhlükəsizlik hətta pandemiya şəraitində də ölkələr üçün mühüm faktor olaraq qalır. Bu vəziyyət müəyyən dərəcədə birgə əməliyyatlar aparmağa imkan verir; silahlı qüvvələrin hərəkəti davam edir. Bütün bunlar transsərhəd fəaliyyətdir və pandemiya şəraitində dayandırlmayacaq”.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib: “Qoşulmama hərəkatı təkcə ideologiya və siyasət demək deyil, bu həm də çoxtərəfli təsisatlarda birgə işin praktiki nəticələri deməkdir”.

Diskussiya iştirakçıları yekdilliklə bu qənaətə gəliblər ki, COVID-19 pandemiyası ilə bağlı problemlərə baxmayaraq, Xəzəryanı ölkələr regional inteqrasiya yolunda irəliləyirlər. Forum iştirakçılarının ümumi fikrinə görə, ABŞ-ın dəstəyinin və iştirakının davam etdirilməsi Xəzəryanı region ölkələrinin suverenliyinin müdafiəsi və firavanlaşması, habelə mürəkkəb regional və beynəlxalq münasibətlərin naviqasiyası üçün həlledici əhəmiyyət kəsb edir və bu regionun Çin ilə Cənubi Asiya arasında səmərəli əlaqələndirici vasitə kimi fəaliyyətinə imkan verir.

AZƏRTAC-ın Vaşinqton bürosu 

12 Avqust 2020 15:41 -

Köhnə versiyamızdan xəbərləri izlə