Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlərin xatirəsinə həsr edilmiş videoanım mərasimi

YAP Nəsimi rayon təşkilatı və Gənclər Birliyi bu il iyulun 12- də  işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu ərazisindəki sərhədlərinə  təxribat xarakterli silahlı təcavüzünün qarşısını alarkən şəhid olmuş zabit və əsgərlərimizin xatirəsinə həsr edilmiş videoanım mərasimi   keçirib.  Tədbirdə 70-dən çox gənc və şəhid polkovnik İlqar Mirzəyevin oğlu, YAP Nəsimi təşkilatı Gənclər Birliyinin fəalı Elvin Mirzəyev,  Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatı qadınlar şurasının üzvü Fatma Yıldrım da iştirak edib.

Videoanım  mərasimini açan  YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı  bu il  iyulun 12- də işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu ərazisi boyunca sərhədlərini  və sərhəd bölgələrini ağır  artilleriya silahları ilə atəşə tutmasından və törədiyi  hərbi cinayətdən danışdı. O, dünya birliyinin və ATƏT-in Minsk qrupunun susqunluğunu və fəaliyyətsizliyini kəskin tənqid edərək, tezliklə Azərbaycan xalqının, onun qüdrətli Milli Ordusu və fəaliyyəti boyu dövlətçiliyimizi və milli maraqlarımızı qətiyyət və prinsipiallıqla müdafiə edən, Ali Baş Kamandanın əzmi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyini bildirdi.

M. İbrahimqızı Ali Baş Komandan, möhtərəm  Prezidentimizin rəhbərliyi ilə uğurla həyata keçirilmiş qisas əməliyyatı haqqında  gənclərə məlumat verdi. Dedi ki, Tovuzdakı təxribat  Azərbaycan xalqının “xalq-ordu-Ali Baş Komandan” sarsılmaz birlik və həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi.  Deputat Fatma Yıldrım Tovuzdakı təxrribatda  Azərbaycanın  Ordusunun  düşmənə qarşı göstərdiyi şücaətdən, onların bu müharibədə, Qarabağın azad olunma tarixinə qəhrəmanlıq səhifəsi yazdıqlarından danışdı.

YAP Nəsimi rayon gənclər birliyinin sədri Salman Salmanov şəhidlərimizin tariximizin əbədi ölməzlik və şərəf səhifəsi, şəhidliyin əlçatmaq zirvə olmasından,  şəhidlərimizin arzusunu  yerinə yetirəcəklərindən danışdı. O, çıxışını möhtərəm  Prezidentimizin  “Azərbaycanın hər bir gənci qəhrəman şəhidlərimizdən örnək götürməli və onlara oxşamalıdır” --  fikirini xatırladaraq şəhidlərin bugünkü və sabahkı gənclər üçün nümunə və amal olacağını söylədi.

Tədbir YAP Nəsimi rayon təşkilatı tərəfindən hazırlanmış Tovuz şəhidlərinin xatirəsinə həsr edilmiş xüsusi proqramla davam etdi.  Həmin əməliyyatda  şəhid olanların  xatirəsinə həsr edilmiş video çarxın təqdimatı, YAP Nəsimi Gənclər Birliyinin üzvləri Səddam  Məmmədovun  ifasında şəhid Xəyyam Daşdəmirovun  son nəfəsində anasına yazdığı məktub və  Mələk Qədirlinin ifasında gənc YAP fəalı Rəna Süleymanlının polkovnik İlqar Mirzəyevə həsr etdiyi şeir tədbir iştirakçılarına duyğusal anlar  yaşatdı.

Tədbirin sonunda şəhid polkovnik İlqar Mirzəyevin oğlu, YAP Nəsimi gənclər birliyinin fəalı Elvin Mirzəyev atasının qəhrəmanlığından, onun Vətən, dövlət və millət sevgisindən fəxrlə danışdı.  Şəhid oğlu  Ali Baş Komandanın ona zəng etməsindən, atasının hünər dolu şücaətindən danışmasından qürur duyduğunu bildirdi və gələcəkdə onun da atasının yolunu davam etdirəcəyinə Ali Baş Komandana söz verdiyini bildirdi. O, Tovuz şəhidlərinin xatirəsinə belə  bir tədbirin təşkil olunduğuna görə ailəsi adından minnətdarlıq etdi.

Əliqismət BƏDƏLOV,
 “Xal qəzeti”

12 Avqust 2020 12:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə