Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın neft strategiyasının növbəti uğuru

Bu gün Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ulu öndər Heydər Əliyevin milli neft strategiyasının əsasını zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipi təşkil edir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yaradılmasını və əldə olunan gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutur.

Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda “Qarabağ” yatağı­nın dayaq blokunun dənizə yola salın­ması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı “Qarabağ” yatağında dəniz işlərinə start verilməsinin çox əlamətdar hadisə oldu­ğunu bildirərək, dayaq blokunun dənizə yola salınmasını yatağın işlənməsində önəmli mərhələ kimi dəyərləndirib. Ölkə rəhbəri daha sonra deyib: “Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq”.

Xatırladaq ki, SOCAR və Norve­çin “Equinor” şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda, Ba­kıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağı müstəqillik dövründə kəşf edilən ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən çoxdur.

Bu barədə müsahibəsində fikir bildirən dövlətimizin başçısı 1990-cı illərdə Heydər Əliyev neft strategiya­sının icrası nəticəsində pay bölgüsü haqqında kontraktın imzalandığını, həmin dövrdə sözügedən yataqda 3 quyu qazıldığını, lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmadıqlarına görə müqavilyə xitam verildiyini diqqətə çatdırıb. “Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük po­tensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir”, – deyə ölkə rəhbəri vurğulayıb.

Prezidenti İlham Əliyev müsahibəsində “Qarabağ” yatağının dayaq blokunun mürəkkəb və nəhəng konstruksiyaya malik olması barədə də fikirlərini xatırladıb. Ölkə rəhbəri dayaq blokunun çəkisinin 16 min tondan çox, hündürlüyünün isə təqribən 190 metrə yaxın olduğunu qeyd edib: “Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır...”.

Dövlətimizin başçısı bunun səbəbini sovet dövründə Azərbaycanda belə texnologiyaların olmaması ilə əlaqələndirib. Bildirib ki, həmin problem üzündən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də müstəqillik dövrünə qədər toxunulmaz qalıb. Əgər belə olmasaydı, quruda olduğu kimi, dəniz yataqları da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı: “Ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparı­lan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur”.

Prezident İlham Əliyev Azərbaycanın qüdrətini göstərən, sırf Azərbaycan istehsalı olan və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcək qurğunun hazırlandığı Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda hazırda 5 minə yaxın insanın çalışdığı­nı, müəssisədə işləyənlərin isə əsasən peşəkar olduqlarını, orta əməkhaqqının təqribən 1200-1500 manat həddində olduğunu da bildirib.

Prezident İlham Əliyev müsahibəsində “Qarabağ” yatağından hasilatın başlanması vaxtı ilə bağlı fikirlərini də diqqətə çatdırıb. Bildirib ki, əgər hər şey plan üzrə getsə, iki ildən sonra – 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir: “Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var”.

Dövlətimizin başçısı hasilatla bağlı isə bildirib ki, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz çıxarılacaq. Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaq.

Müsahibədə Azərbaycanda digər nəhəng neft-qaz layihələrinin icra vəziyyətinə də toxunulub. “Azəri”, “Çı­raq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlərin plan üzrə getdiyi, dünyanın ən böyük qaz-kondensat yataq­larından olan “Şahdəniz-2” layihəsinin uğurla reallaşdırıldığı, gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatının gözlənildiyi, “Şəfəq–Asiman” yatağı üzrə işlərin qrafik üzrə aparıldı­ğı, hazırda orada qazma işlərinin icra edildiyi, bunlarla bərabər əsas diqqətin Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldildiyi, bu layihənin dördüncü və sonuncu hissəsinin – TAP-ın artıq başa çatmaq üzrə olduğunu diqqətə çatdırıb.

Burada bir məqamı da qeyd etmək istərdik. Bu da yatağın adının “Qarabağ” olması ilə bağlıdır. Belə ki, dövlətimiz növbəti dəfə bütün dünyaya bəyan edir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və döyünən ürəyidir. “Qarabağ” yatağının işlənilməsi Azərbaycanın neft gəlirlərini əhəmiyyətli dərəcədə artıra­caq. Onun gələcək nəsillərə verəcəyi töhfəyə gəlincə, yatağın istismarı davamlı inkişafı təmin etməklə ölkə iqtisa­diyyatının şoklara qarşı immunitetini daha da möhkəmləndirəcək. Bu da, öz növbəsində, iqtisadi müstəqilliyimizi təmin etməklə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artıracaq.

Dövlətimizin başçısı müsahibəsində bu barədə, həmçinin deyib: “1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, – əgər belə analogiya aparmaq mümkündürsə, – Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımı­zın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qara­bağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Yuxarıda qeyd edilənlərdən görün­düyü kimi, Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda Prezident İlham Əliyevin iştirakı ilə SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilən neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq blokunun dənizə yola salınması Azərbaycanın neft strategiya­sının növbəti bir uğurudur. Xatırladaq ki, dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb.

“Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR tarixində həm qabarit ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksi­yadır. Blokun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislərdir. İnşaat əməliyyatları əməyin təhlükəsizliyi qaydalarına tam əməl olunmaqla, eyni zamanda, heç bir bədbəxt hadisə baş vermədən yekunlaşdırılıb. Blokun tikintisi nəzərdə tutulan vaxtda – iki il müddətində tamamlanıb. Hazırlanma əməliyyatlarına 3 milyon 200 min adam/saat sərf olunub.

SOCAR-ın məlumatında bildirilir ki, “STB-1” daşıma barjına sürüşdürmə üsulu ilə yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Dənizin 182 metr dərinliyində quraşdırılacaq dayaq blokunun diafraqmalar üzrə hündürlüyü isə 187 metrdir. Dayaq bloku 10 ədəd əsas, 10 ədəd köməkçi ayaqlara malikdir. Bundan başqa, dayaq blokunda perimetr üzrə gediş yolları da quraşdırılıb.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997- 1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılma­sı nəzərdə tutulur. “Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.

Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq.

Bakı Dərin Özüllər zavodu 1984-cü ildə tikilərək, istifadəyə verilib. İl ərzində 60 min ton metal-konstruksi­ya istehsal etmək gücünə malik olan müəssisə Azərbaycanın enerji sekto­runun gələcəyinə qoyulan nəhəng bir sərmayəyə çevrilib. Zavod işə salınan­dan sonra Azərbaycan dənizin 200 metr dərinliyində yerləşən yataqlardan neft çıxarılması üçün zəruri konstruksiyala­rın istehsalı üzrə unikal imkanlara sahib olub. Müəssisənin mövcudluğu əfsanəvi “Əsrin müqaviləsi”nin bağlanılması üçün təməl yaradıb və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirib.

Qeyd edək ki, “Əsrin müqaviləsi”ni imzalamazdan əvvəl zavod artıq dənizin 100 metrdən başlamış 163 metrədək dərinliyində neft və qaz çıxarmaq üçün 11 stasionar dəniz platforması quraş­dırmışdı. 1995-ci ildən başlayaraq Bakı dərin özüllər zavodu beynəlxalq enerji bazarının nəhənglərindən olan Petrofac, McDermott, Caspian Shipyard Com­pany LTD, Star Gulf FZCO və British Petroleum (BP) şirkətləri ilə əməkdaşlağa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırıb.

Bakı Dərin Özüllər zavodunun güclü istehsalat qabiliyyəti “BOS Şelf”in gələcək uğurlarının əsas elementinə çevrilib. Müəssisənin infrastrukturun­dan istifadə etməklə “BOS Şelf” iri layihələrin həyata keçirilməsinə başla­yıb. Zavodun operatoruna çevrildikdən sonra “BOS Şelf” burada yenidənqurma işlərinə start verib. Hazırda “BOS Şelf”in idarəetməsi altında Bakı dərin özüllər za­vodu tədricən təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin ən iri tikinit-quraşdırma müəssisəsinə çevrilməkdədir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

12 2020 04:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə