Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun BAYRAMOV: Bölgədə sülhün təmin edilməsinə əsas maneə Ermənistanın təcavüzkar siyasətidir

Bu gün keçirdiyimiz görüşlərdə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamları əsasında möhkəm təmələ sahib olan Azərbaycan–Türkiyə əlaqələri hərtərəfli müzakirə edildi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Cey­hun Bayramov avqustun 11-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ceyhun Bayramov Azərbaycanın Xarici İşlər naziri olaraq ilk səfərini Türkiyəyə etməkdən məmnunluğunu ifadə edərək deyib: “Tarixi köklərə, qar­daşlığa əsaslanan Azərbaycan–Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, huma­nitar, hərbi və digər sahələrdə uğurla in­kişaf etdirilir. Etibarlı strateji tərəfdaşımız olan Türkiyə ilə münasibətlərin daha da dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Bu əlaqələrin inkişafında Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri xüsusi önəm kəsb edir”.

Nazir görüşdə, həmçinin regional inkişafa, sülhə, tərəqqiyə xidmət edən çoxsaylı layihələrlə bağlı müzakirələrin aparıldığını söyləyib. Bu layihələrin icrasının ölkələrimizin regional gücü­nü artırdığını, beynəlxalq mövqelərini möhkəmləndirdiyini bildirib.

Ceyhun Bayramov müzakirələrdə ölkələrimizin iştirakı ilə üçtərəfli və dördtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycanın Xarici İşlər naziri deyib: “Qardaş Türkiyə hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib və dəstəkləyir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayo­nu istiqamətindəki son təxribatı zama­nı biz bir daha bu dəstəyin şahidi ol­duq. Bölgədə sülhün təmin edilməsinə əsas maneə Ermənistanın təcavüzkar siyasətidir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində bu münaqişənin həlli yolları aydın şəkildə ifadə edilib. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi qətidir və dəyişməzdir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

12 2020 04:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə