Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni qurğu ölkəmizin neft sənayesinin növbəti parlaq uğurudur

Bu il avqustun 10-da Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yata­ğının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Qeyd edək ki, neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Bakı Dərin Özüllər Zavodunda tiki­lib. Dayaq bloku “Qarabağ” ya­tağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazır­lanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq.

Mütəxəssislərin fikrincə, dayaq blokunun quraşdırılma­sı “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasila­tının həyata keçirilməsində böyük rol oynayacaq. Bu fakt ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır. “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niffalı bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Mən dövlətimizin başçısı möhtərəm İlham Əliyevin iştira­kı ilə keçirilən tədbiri, eləcə də cənab Prezidentin Azərbaycan Televiziyasına müsahibəsini böyük maraqla izlədim.

Prezident xatırlatdı ki, “Qarabağ” yatağı müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Ab­şeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur.

Sevindirici haldır ki, artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoy­malarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialı­na xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır.

Sözügedən tədbiri izləyərkən öyrəndim ki, hazırda dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır. Belə nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların ti­kintisi, əlbəttə, ölkəmizdə əmək məşğulluğunu artırır. Yaxşı hal­dır ki, burada işləyənlərin orta əməkhaqqları da yüksəkdir.

Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın neft-qaz sənayesinin inkişafı uğurla davam edir. Deməli, dövlətimiz iqtisadi cəhətdən daha da güclənir, əhalinin maddi rifahı yaxşılaşır.

Yeni qurğu, eyni zamanda müstəqil dövlətimizin günbəgün güclənən qüdrətini nümayiş etdirir. Möhtərəm Prezidentin xüsusi qeyd etdiyi kimi, bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

12 2020 04:18 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə