Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət müəssisələrinə ayrılan investisiyaların səmərəli istifadəsinə nəzarət gücləndiriləcək

Fəaliyyətində hər zaman şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verən Ədliyyə Nazirliyi vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də nazirliyin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə edilir.

COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tətbiq olunduğu bir şəraitdə bu kimi tədbirlər xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan dövlətimizin baş­çısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

Azərbaycan Prezidenti tərəfindən aparılan islahatların məntiqi davamı olan Azərbaycan İnvestisiya Holdinqi­nin yaradılması respublikada yerli və xarici investisiyaların sağlam təməllər üzərində reallaşdırılmasına da öz müsbət təsirini göstərəcək. Çünki bu gün Azərbaycana investisiya yatırmaqda maraqlı olan iri şirkətlər var. Pandemiya ilə bağlı layihələrin sürəti hazırda bir qədər zəifləsə də, postpandemiya dövründə onların Azərbaycan iqtisadiyyatının inkişafın­da rolu, şübhəsiz ki, güclənəcək. Ən əsası isə xarici investisiyaların fəal şəkildə iqtisadiyyata cəlb edilməsi sürətlənəcək.

Ümumiyyətlə, Azərbaycan İnves­tisiya Holdinqinin yaradılması yuxa­rıda vurğulanan məsələlərin həlli ilə yanaşı, həm də dövlət müəssisələri vasitəsilə yatırılan investisiyaların səmərəsinin artırılmasına, investisi­yalardan əldə olunan əlavə dəyərin iqtisadiyyata yönəldilməsinə böyük töhfə verəcək.

Ekspertlərin fikrincə, ölkəmizdə davamlı struktur və institusional isla­hatlar həyata keçirilir və bu islahatlar bütün sektorlarda üfüqi və şaquli vektor üzrə aparılır. Yəni, islahatlar yeni tipli idarəetmədən, optimallaş­dırmanı həyata keçirmək üçün yeni mobil qurumların yaradılmasından başlamış cəmiyyətin bütün sosial-is­tisadi sahələri üzrə hər gün bir qədər daha əhatəli və daha köklü forma alır. Azərbaycan İnvestisiya Holdin­qinin yaradılması da bu baxımdan struktur və institusional islahatlara dəstək verən strateji bir qərardır və milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtaracağına real zəmin yaradır.

Heç kimə sirr deyil ki, dövlət şirkətlərinin idarə olunması hazırda bir sıra ciddi problemlərlə diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pan­demiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçir­diyi müşavirədə bununla bağlı deyib: “Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir.

Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Bax­mayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyek­ti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlana­caq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırıl­ması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.

Azərbaycan İnvestisiya Holdinqi­nin yaradılmasında da məqsəd məhz yuxarıda vurğulanan nöqsanların aradan qaldırılması, iqtisadiyyatı­mızda böyük bir hissə təşkil edən dövlət şirkətlərinin idarə olunmasında səmərəliyin artırılmasıdır.

Holdinqin nizamnaməsində də dövlət müəssisələrində müasir şərtlərə uyğun şəffaf idarəetmə sisteminin qurulması qarşıya mühüm vəzifə kimi qoyulub. Başqa sözlə, bu, həm də Azərbaycanda bir çox sahələrdə liberallaşma prosesinin sürətlənməsi deməkdir. Holdinqin təsis olunması, idarəetmədə effektivliyin artırılması, qeyri-neft sahələrinin effektiv idarə edilməsi həmin sahələrin inkişafına təkan verəcəkdir.

Azərbaycan Prezidentinin 2020-ci il 7 avqust tarixli fərmanı ilə təsdiq edilən Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsində bildi­rilir ki, bu qurum publik hüquqi şəxs olaraq, idarəetməsinə verilən dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramla­rının şəffaflığının, habelə iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlı­lığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərəcək.

Fərmanla holdinqin müvafiq sahədə dövlət siyasətinin formalaş­dırılmasında iştirak etmək, həmin siyasəti reallaşdırmaq, müvafiq sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq münasibətləri qurmaq, qabaqcıl beynəlxalq təcrübədən yararlanmaqla dövlət müəssisələrində idarəetməni gerçəkləşdirmək, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə re­surslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək və digər bu kimi səlahiyyətlər verilib.

Holdinq qarşısına, eyni za­manda, yuxarıda sadalananlarla bərabər, dövlət müəssisələrinə ayrılan investisiyaların səmərəli istifadəsinə nəzarəti gerçəkləşdirmək, bunun monitorinqini aparmaq, xidmətlər bazarına özəl investisi­yalar yatırmaq, dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaş­dırmaq, xərclərin optimallaşdırılması və maliyyə şəffaflığının qorunması ilə bağlı tədbirlər görmək, dövlət müəssisələrinin özəlləşdirilməyə (tam və ya qismən) hazırlanmasında iştirak etmək kimi vəzifələr qoyulub.

Onu da qeyd edək ki, hazır­da qeyri-neft sektorunda dövlət müəssisələrinin payı yüksəkdir, onların məşğulluqdakı payı isə təqribən 25 faizdir. On beş ən iri dövlət müəssisəsinin aktivinin həcmi ölkənin ÜDM ilə müqayisə edilə bilən səviyyədədir. Dövlət isə səhmdar olaraq həmin müəssisələrin müasirləşməsi, texnoloji yenilənməsi, kapitallaşması və maliyyə dayanıqlı­ğını təmin edərək onların keyfiyyət və səmərəlilik baxımından yeni inkişaf səviyyəsinə keçidi üçün əlverişli zəmin yaradır.

Lakin onların səmərəli və yüksək səviyyədə idarə olunması zərurətinə bu gün daha çox ehtiyac duyulur. Bütün bunlara görə də Azərbaycan İnvestisiya Holdinqinin yaradılması mühüm önəm daşıyan bir addımdır.

V.BAYRAMOV, “Xalq qəzeti”

12 2020 04:16 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə