Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin soydaşlarımıza qarşı törətdikləri cinayətlər Avropa mətbuatında

Milli Məclisin deputatı, parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva Avropa mətbuatında dərc edilən məqaləsində ABŞ və Avropada yaşayan azərbaycanlıların dinc aksiyalarında ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə diqqət çəkib. Müəllif qeyd edir ki, xaricdə yaşayan azərbaycanlıların dinc aksiyalar keçirməsinin başlıca səbəbi iyulun əvvəlində Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun sərhədyanı ərazilərində Azərbaycanın mövqeyinə artilleriya silahları ilə hücum etməsi, ardınca həmin kəndlərdə yaşayan mülki əhalini atəş altında saxlaması və qətlə yetirməsi olub.

Məqalədə qeyd edilir: “Rəsmi İrəvan bu təxribatın törədicisi kimi, Azərbaycanı günahlandırmaqla məsuliyyətdən yayınmağa çalışsa da, Bakının Ermənistanla beynəlxalq səviyyədə tanınan dövlət sərhədinə Tovuzda – Azərbaycan üçün çox böyük strateji əhəmiyyət kəsb edən bölgəyə belə bir hücumu həyata keçirmək üçün hərbi məqsədinin olmadığı aydındır. Çünki Azərbaycanı Avropaya bağlayan enerji və nəqliyyat layihələri – xüsusilə, Tovuz rayonunun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı- Tbilisi-Ərzurum qaz kəmərlərinin vacibliyini qeyd etməliyik.”

Bununla yanaşı, bildirilir ki, rəsmi Bakı həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi sülh prosesində konstruk­tiv yanaşma nümayiş etdirir. La­kin qarşı tərəfdə bu konstruktivliyi müşahidə etmək mümkün deyil. Elə xaricdəki dinc etiraz aksiyalarında da sabitliyi pozan erməni diasporu­nun təmsilçiləri olublar: “Ermənilər sərhəddə törətdikləri təxribatın ardın­ca Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücum etdilər. Belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. 2020- ci il iyulun 21- də Azərbaycanın Vaşinq­tondakı səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində ölkəmiz əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni mediasında nümayiş etdirilib. Daha bir təxribat və hücum Los-Anceles şəhərində baş verib. Bir qrup erməni Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsul­luğunun yerləşdiyi binanı əhatəyə ala­raq, dinc aksiya keçirən Azərbaycan icması üzvlərinə hücum edərək, biri qadın olmaqla, yeddi azərbaycanlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Los-Anceles polisi buna görə cinayət işi açıb.

Baş verənlərlə bağlı Azərbaycan XİN-ə çağırılan ABŞ-ın Azərbaycadakı səfiri Earle Litzenber­qer bu hücuma heç bir əsas olma ­dığını vurğulayıb. Səfirin diqqətinə çatdırılıb ki, ABŞ söz azadlığı hüqu­qunu dəstəkləsə də, ermənilərin bu hərəkətləri tamamilə qəbuledilməzdir. Həmçinin iyulun 22-də Belçikada yaşayan ermənilər Brüsseldəki Azərbaycan səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyinin qarşı­sında nümayiş keçirdilər. Ermənilər binaya daş, kəsici alətlər və part ­layıcı maddələrlə hücum edərək, 6 Azərbaycan vətəndaşını, habelə “REAL TV” nin Avropa bürosunun əməkdaşını yaraladılar. Binaya və Azərbaycan icmalarından birinə məxsus bir avtomobilə ziyan vurmaq­la yanaşı, diplomatların ailələrinin ya­şadığı əraziyə də hücum cəhdi oldu.

K.Nurullayeva məqalədə, xüsusilə, erməni gənclərin terror təşkilatı – ASALA-nın simvollarını əks etdirən geyimlərdə aksiyalara qatılmasına diqqət çəkərək, terror təşkilatının qanlı tarixini də xatırladır: “Aksiyada iştirak edən ermənilərin əksəriyyəti üzərində ASALA (Ermənistanın Azad­lığı uğrunda Gizli Erməni Ordusu) yazılan və müvafiq rəmzlərin əks olunduğu geyimlərdə olan gənclər idi. 1975-ci ildə yaradılan ASALA təşkilatı Yaxın Şərqdə və Avropada fəaliyyət göstərib. ABŞ ASALA-nı terror təşkilatları siyahısına daxil edib. Yeri gəlmişkən, Belçika polisi də aksiyaçılara qarşı zorakılıq edən bir neçə ermənini saxlayıb. İyulun 24-də Avstraliya federal polisi tərəfindən Azərbaycanın Avstraliyadakı səfirliyinə planlaşdırılan hücumun da qarşısı alınıb.”

Ermənistanın sülh danışıqlarında və sərhəddə olduğu kimi, Avropa və ABŞ küçələrində də eyni təcavüzü davam etdirməsi məqalədə öz əksini tapıb: “Təəssüf ki, buvaxta qədər sülh danışıqlarında nəticə əldə olunma­yıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Ermənistanla Azərbaycan arasında atəşkəs elan edildiyi gündən bəri 850-dən çox azərbaycanlı hərbçi erməni hücumları nəticəsində ölmüş və ya yaralanmışdır. Ümumilikdə, 20 min nəfər həlak olmuş, 50 min nəfər əlil olmuş, münaqişə müddətində 6 mindən çox Azərbaycan vətəndaşı itkin düşmüş, əsir-girov götürülmüşdür.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

12 2020 04:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə