Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yoluxmaların azalması arxayınlıq yaratmamalıdır

Çünki COVID – 19 hələ ram edilməyib

Bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmaya­caq, gərək yenə də sərtləşdirək.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Dünyada “israrla” davam edən koronavirus pandemiyası, ona qarşı aparılan mübarizə metodları, dövlətlərin təcrübə mübadiləsi yaratmaq istiqamətində atdığı addımlar və beynəlxalq səviyyədə əməkdaşlıq edilməsi bəşər övladına çoxsaylı həqiqətləri başa saldı. Həmin həqiqətlərin biri də odur ki, dövlət öz xalqını hansısa bəladan qorumaq istəyirsə, xalq bu addımı yüksək qiymətləndirir və öz dövlətinə dəstək olur.

Azərbaycan dövlətinin bu ilin əvvəlindən bəri COVID -19 pandemiyasına qarşı atdığı qabaqlayıcı addımlar, bu bəladan zərər çəkən insanların maddi və mənəvi cəhətdən dəstəklənməsi, ölkə iqtisadiyyatına dəyən ziyanın aradan qaldırılması üçün həyata keçirilən tədbirlər əhali tərəfindən birmənalı ola­raq yüksək qiymətləndirildi və dəstəkləndi. Daha sonra Prezi­dent İlham Əliyevin təşəbbüsü və şəxsi nəzarəti altında yeni klinikaların, tibbi maska və gigiyena vasitələri istehsal edən müəssisələrin açılması, pande­miya ilə mübarizənin önündə gedən həkimlərin və digər tibbi personalın əməkhaqlarının kifayət qədər artırılması bütün insanlar tərəfindən alqışlandı və yüksək qiymətləndirildi.

Son iki ayda isə ölkə ictimaiyyəti bu istiqamətdə atılan daha bir möhtəşəm addımın şahidi oldu. Belə ki, koronavirusla mübarizədə böyük uğurlar qazanan Azərbaycan həkimlərinin xarici həmkarları ilə təcrübə mübadiləsi aparma­ları üçün Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, İtaliya, Kuba və digər ölkələrin tanın­mış mütəxəssislərinin ölkəmizə müxtəlif müddətli səfərləri təşkil edildi. Lap son günlər isə onla­ra Çin Xalq Respublikasından gəlmiş həkimlər də qatıldılar. Bu, sadəcə bir fakt və ya informasi­ya deyil, Azərbaycan dövlətinin öz vətəndaşını qorumaq üçün heç nəyi əsirgəmədiyinin göstəricisidir. Bir sözlə, Azərbaycan dövləti Tanrının koro­navirus sınağından, sözün həqiqi mənasında, üzüağ çıxmağı ba­cardı. Təbii ki, xalqın dəstəyi ilə.

Ancaq beynəlxalq aləmdən gələn bəzi xəbərlər bizi narahat etməyə bilməz. Belə ki, xarici mətbuatın verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası­nın gəlməsi ehtimalını irəli sürürlər. Britaniyalı tədqiqatçılar xəbərdarlıq edirlər ki, İngiltərədə daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qışda indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək. Bildirilir ki, Almaniyada da oxşar vəziyyətdir – bu ölkənin Həkimlər Birliyi pandemiyanın ikinci dalğasının artıq başladığını elan edib və bildiriblər ki, xəstə sayının artmasına məhz gigiyena tələblərinə məhəl qoyulmaması yol açır. Fransadan və Estoni­yadan da buna bənzər xəbərlər gəlməkdədir.

Yaxın qonşumuz olan Ru­siya Federasiyasının paytaxtı Moskvada da vəziyyət olduq­ca mürəkkəbdir. Şəhərin meri Sergey Sobyanin koronovirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini bildirib və xəbərdarlıq edib ki, paytaxt sakinləri əvvəlki aylarda olduğu kimi, maska, sosial məsafə, gigi­yena qaydaları tələblərinə əməl etməlidirlər.

Qardaş Türkiyədə isə av­qustun 7-də koronovirusla bağlı bütün karantin dövründə ən genişmiqyaslı yoxlamalar apa­rılıb – bütün şəhərlərdə valilər, bələdiyyə rəhbərləri və dövlət orqanları, hüquq-mühafizə orqan­larının nümayəndələri səfərbər edilblər. Bazarlarda, ictimai nəqliyyatda, ticarət obyektlərində, restoran və kafelərdə, taksilərdə -- hər yerdə insanların sosial məsafə, maska, gigiyena ilə bağlı tələblərə əməl olunması ilə bağlı intensiv yoxlamalar aparılıb. Bü­tün bunlar sübut edir ki. COVID – 19 tam şəkildə ram edilməyib. Yəni görüləsi işlər hələ çoxdur.

Təbii ki, biz dövlətin daim – cənab Prezidentin dediyi kimi, gecə-gündüz öz vətəndaşının yanında olduğuna görə xeyli arxayınıq. İnanırıq ki, dövlət bizi qoruyacaq. Ancaq bu arxayın­lıq, inam biganəliklə, laqeydlikə əvəzlənərsə, vəziyyətin nə dərəcədə mürəkkəbləşəcəyini heç kəs təxmin edə bilmir. Doğ­rudur, ölkəmizdə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində 100-dən aşağı düşüb, sağalan­ların sayı xəstələnənlərin sa­yından 3 dəfə çoxdur. Bir daha təkrar edirəm ki, qazanılmış bu göstəricilərin əldə saxlanılması üçün dövlətlə yanaşı, hər bir vətəndaşın da üzərinə vəzifələr düşür.

ÜST ekspertlərinin fikrincə, pandemiya bir qədər geri çəkilsə də, ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər. Viru­sa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına, şəxsi gigiyenaya riayət etməkdir. Azərbaycan rəsmiləri xəbərdarlıq edirlər ki, biz nə qədər həmrəy olub həm özü­müz, həm də ətrafda olan insan­lar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər sağlamlığımızı və təhlükəsizliyimizi etibarlı təmin edə bilərik.

Dövlət bu istiqamətdə nələr etməyib? Üstəlik, Prezident İlham Əliyevin bilavasitə bu məsələyə həsr olunmuş müşavirədəki tapşırığına əsasən növbəti sosial dəstək tədbiri kimi, avqust ayında sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi qərara alınıb. Xatır­ladaq ki, “Məşğulluq və sosial rifaha dəstək” tədbirləri təqribən 5 milyon nəfəri əhatə edir. Rəsmi məlumatlarda bildirilir ki, dövlət sektorunda çalışan 900 min nəfərin 80 faizi işə çıxmasa da iş yeri və əmək haqları qoru­nub. Özəl sektorun rəhbərləri isə 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısını alıblar. Əlavə edək ki, ilin əvvəlindən əmək müqavilələrinin sayı 19 faiz, əmək haqqı fondu isə 15 faiz artıb.

Bildirilir ki, işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslər üçün nəzərdə tutulan 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə -- aprel-may aylarında ölkə üzrə 600 min şəxsə 225 mil­yon manat məbləğində ödənilib. Yaxud, sərt karantin rejimi tətbiq edilən iyul ayında 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göy­göl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki) üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin ölkəmizdə koronavi­rus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 6 avqust 2020-ci il tarixdə video­formatda keçirdiyi müşavirədəki tapşırığına əsasən növbəti sosial dəstək tədbiri kimi, avqust ayında sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayon üzrə (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonları) 190 ma­nat birdəfəlik ödəmə veriləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Pre­zident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin mü­diri Şahmar Mövsümov opera­tiv qərargahın avqustun 8-də keçirilən brifinqində ölkəmizdə sərt karantin rejiminin yumşaldıl­ması ilə bağlı tədricən addımların atılacağını söyləmişdir: “Qarşı­mızda duran ən vacib məsələ bu virusun yayılmasının sürətinin aşağı salınmasıdır. Burada da üç əsas istiqamət var. Birincisi tətbiq olunan karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Yəni, tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və digər xüsusi tələblərə əməl etmək. Bu ən önəmli məsələdir və hər birimizdən asılıdır. Bu qaydalara əməl etsək virusun yayılma sürətini aşağı salaca­ğıq. İkinci istiqamət qoyulmuş tələblərə nəzarətin həyata keçirilməsidir. Bu, məsələdə əsas yük hökumətin üzərinə düşür və bununla bağlı ciddi addımlar atılır və atılacaq. Üçüncü istiqamət isə yoluxma hallarının erkən müəyyən edilməsi və yoluxanların erkən təcrid olunmasıdır.”

Ölkə rəhbərliyinin əzmi və qətiyyəti sayəsində hər üç istiqamətdə ciddi irəliləyişə nail olundu. Atılan addımlar Azərbaycanda Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın təbirincə desək, “hər şeyin insan üçün” olduğu­nu bir daha əminliklə vurğula­mağa əsas verdi. Azərbaycan dövlətinin hər sıravi vətəndaşının təhlükəsizliyinin, sağlamlığı­nın keşiyində durmasına mən bu mürəkkəb şəraitdə şəxsi təcrübəmdə yenidən əmin oldum. Şübhəsiz, insan problemlə üzləşmədən onun ağırlığını tam mənada dərk edə bilmir. Mən də dünyanın hər yerində hökm sürən koronavirusun “dəhşətləri” ilə atam bu bəlaya mübtəla olduğu zaman üz-üzə qaldım. Həkimlərin dediyinə görə bu xəstəliyin peyvəndi tapılmadığına görə yoluxma ehtimalı çoxdur və biz öz ailəmizin timsalında həmin arqumentin şahidinə çevrildik.

Fövqəladə Hallar Nazirliyinin modul xəstəxanasında müalicə alan atamın yanına buraxılma­saq da, hər gün oraya gedir və olduqca mürəkkəb vəziyyətdə çalışan həkimlərin məsuliyyətini, qayğıkeşliyini və hər bir xəstəyə öz doğmaları kimi münasibət bəslədiklərini görürdüm. Hər kəsin insanlardan uzaq durma­ğa, yan gəzməyə çalışdıqları bir dönəmdə “Qırmızı zona”ya girib- çıxmaq cəsarətinə malik qəhrəmanların yerində özümü təsəvvür belə edə bilmirəm. O üzdən real təhlükədən qorxma­dan həyatımızı xilas etməyə çalışan bu qəhrəmanlara minnətdarlığımızı ifadə etmək üçün sözlər yetərsizdir.

İndi atam tamamilə sağalıb və evdədir. O, mənim bu dəhşətli virusla bağlı mətbuatda çıxış etmək istəyimi biləndə dedi ki, onun təşəkkür və minnətdarlığını ilk növbədə dövlət başçımız İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həm də adıçəkilən xəstəxananın kollektivinə çat­dırım. Bizi doğmalarıtək qəbul edən Rəhim həkimə, təlaş içində olan xəstə yaxınlarını belə diqqətdən kənarda qoyma­yan Zaur həkimə, Şirin həkimə, bütün tibbi heyətə həm insanları yaşatdıqlarına, həm də onların ailələrini xoşbəxt etdiklərinə görə sayğımız sonsuzdur. Biz atamın timsalında bir daha gördük ki, Azərbaycan dövləti istənilən vətəndaşın yanındadır və onun sağlamlığının qorunması üçün heç nəyi əsirgəmir. Belə dövləti, belə liderləri olan xalq hər cür çətinliyə sinə gərə bilər.

Elmira ZEYNALOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsinin dekanı, dosent

12 2020 04:13 - CƏMİYYƏT
CƏMİYYƏT
24 Sentyabr 2020 | 00:44
Samuxdan xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə