Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəngərlilərin son generalı...

Azərbaycanın ünlü hərb xadimi, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri, Kəngərli nəslindən olan axırıncı general Cəmşid Xan Naxçıvanski (Cəmşid Xan Cəfərqulu Xan oğlu Naxçıvanski 1895-ci il avqustun 10-da, Naxçıvan, İrəvan quberniyasında doğulub. Süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərqulu Xan Naxçıvanskinin övladıdır. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənib.

    C.Naxçıvanski 1904-cü ildə Tiflis kadet korpusuna daxil olub və 1911-ci ildə həmin məktəbi, 1915-ci ildə Qərbi Ukrayna Qvardiya Məktəbini bitirib. I Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari bölüyünün komandiri olub, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak edib. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski, igid süvari zabiti kimi gümüş silahla ödülləndirilib, II Müqəddəs Anna ordenli ilə təltif olunub.

    C.Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunub. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il (30 oktyabrda isə) Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülüb. C.Naxçıvanski hərbi şücaətinə görə 15 aprel 1917-ci ildə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif edilib.

    Güney-Batı cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb. C.Naxçıvanskinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi fəaliyyəti xüsusi önəm daşıyır. 15 sentyabrda Qafqaz Türk-İslam Ordusu Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak ermənilərdən ibarət olan və ingilislərə arxalanan “SentroKaspi diktaturası” qüvvələrindən təmizləyib. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski inamla vuruşub. Xalq Cümhuriyyətinin naziri, ünlü artilleriya generalı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli Əmri ilə I Süvari Tatar Alayının komandiri yarbay C.Naxçıvanski, II Qarabağ süvari alayının komandiri təyin edilib.  1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və ümumən düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib. Həmin ilin aprelində N.Nərimanov Şuşaya, C.Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərib. C.Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilib, yüksək ixtisaslı hərbi kadr hazırlığında önəmli rol oynayıb.

     C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada Frunze adına Ali Hərbi Akademiyanın qısamüddətli kurslarında oxuyub, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olub.1922-1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Hərbi bilik” jurnalının redaktorlarından biri olub.

     1931-ci ildə C.Naxçıvanskinin həbs olunması haqqında order verilib (həmin orderin surəti hazırda Naxçıvan şəhərində yerləşən “Xan sarayı” Muzeyindədir). C.Naxçıvanski Moskvaya – Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilib, 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılıb, 3 il ümumi taktika kafedrasına rəhbərlik edib, akademiyada əsas fakultənin kurs rəisi olub və 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunub.

      XX yüzilin 30-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi “casus təxribat dəstəsi” ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbalı xanla sıx bağlantı qurmaqda təqsirləndirilərək repressiyaya məruz qalıb. (Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Davudxan və Kəlbalı xan İrana gedib, qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatıb; sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər edib, “nota”lar verib; sonda, Kəlbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılıb. C. Naxçıvanskinin sovet ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah onları güllələtdirib).

    Kütləvi repressiyaların başladığı bir dövrdə C.Naxçıvanski (20 may 1938-ci ildə) antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edilib. 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, sovet hökumətinin devrilməsi məqsədi ilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edilib. C.Naxçivanski, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edilib və elə həmin gün güllələnib. O, Moskvadan 26 km. aralıda – Kaluqa şossesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş bağında, “Kommunarka” adlanan (gizli obyekt adı ilə tanınan – Stalin repressiyasının bir çox qurbanlarının uyuduğu…) qardaşlıq məzarlığında dəfn olunub.

1938-ci il avqustun 12-də “Sovet hökumətinin qatı düşməni, müqəssir” Cəmşid xan Naxçıvanskiyə elan olunan ittihamnamədə deyilir:- “Azərbaycan Milli Mərkəzi” adlanan Azərbaycan antisovet millətçi təşkilatın fəal iştirakçısıdır. - Azərbaycanda sovet hökumətinin devrilməsi planının hazırlanmasında və Azərbaycanın Sovet İttifaqından ayrılmasında fəal iş aparmış, hərbi üsyan planını şəxsən özü hazırlamışdır. - İran ordusunda xidmət edən qardaşı, mühacir Kəlbalı xana Azərbaycanda üsyan başlayarkən mühacirlərdən ibarət hərbi dəstələr göndərmək tapşırığı vermişdir.  - 1931-ci ildə həbsdən azad olunduqdan sonra …“Azərbaycan Milli Mərkəzi”ndə antisovet fəaliyyətini daha da gücləndirmiş və mərkəzin işlərində yaxından iştirak etmişdir.- Antisovet hərbçilərlə əlaqə saxlamış, onlara “Azərbaycan Milli Mərkəzi”nə kömək göstərəcəyi barədə razılıq vermişdir.  Və s.

    Bu ittihamlardan 14 gün sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası qapalı məhkəmə iclası keçirib. Hərbi Kollegiyanın sədri V.V.Ulrixin və üç nəfərin şahidliyi ilə 15 dəqiqə çəkən məhkəmə iclası general Cəmşid xan Naxçıvanskiyə ölüm hökmü oxuyub. Sonra ona son söz deməyi təklif edilib. Döyülüb ağır yaralar almış Cəmşid xan şər və iftira dolu ölüm hökmü kəsiləndən sonra vida sözünü deməyi qüruruna sığışdırmayıb... O, 1956-cı ildə tam bəraət alıb. Bakıda hərbi lisey və paytaxt küçələrindən birionun adını daşıyır. Naxçıvanda Xatirə muzeyi fəaliyyət göstərir.

Görkəmli hərbi xadiminin 120 illik yubileyi, Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə təntənə ilə qeyd olunub.

RUHU ŞAD OLSUN!

 

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

 

11 2020 14:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə