Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial layihələrin icrası prioritet vəzifədir

Son 17 ildə  ölkəmizdə həyata keçirilən siyasətin  prioritetini sosialyönümlülük təşkil edir.  Bunun nəticəsidir ki, son illər dövlət büdcəmiz məhz sosialyönümlülük üzərində qurulub.  Sosial sahəyə  ayrılan vəsaitlər digərlərindən önəmli və əhəmiyyətli dərəcədə fərqlənib. Bugünlərdə Milli Məclisin növbədənkənar sessiyasının 3 günlük plenar iclasında  müzakirəyə çıxarılan 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərdə,  dürüstləşdirilməsində  məhz sosial sahəyə diqqət əsas yerlərdən birini tutdu. Ümumiyyətlə, bəşəriyyətdə və onun önəmli bir hissəsi olan ölkəmizdə yeddi aya yaxın müddətdə davam edən ağır koronavirus pandemiyası şəraitinə baxmayaraq, məhz  sosial layihələrin icrasında heç bir geriliyə və ya  geçikməyə yol verilməyib. Əksinə, bu istiqamətdə dövlət büdcəsindən böyük vəsait ayrılıb və nəzərdə tutulan layihələr uğurla icra olunur.

Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və göstərişi ilə Nazirlər Kabineti tərəfindən hazırlanmış tədbirlər planında əksini tapan məsələlərin icrası və həlli üçün 3,5 milyard vəsait ayrıldi və son bir neçə ay ərzində 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Avqustun 6-da da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə ölkə Prezidenti qeyd etdi ki, məlum pandemiya şəraiti ilə bağlı dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir. Ancaq dövlət tərəfindən əməkhaqqı alır. Bu baxımdan da 760 min insana lazımı maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Çünki, əks təqdirdə 760 min insan işsiz qala bilərdi. Eyni zamanda,  600 min işsiz insan, o cümlədən, qeyri-formal məşğulluqla fəaliyyət göstərən, müvəqqəti olaraq öz işini itirən aztəminatlı təbəqəyə aid olan insanlar dövlət tərəfindən qayğı ilə əhatə olunur. Artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Dövlət başçısı bu sosial dəstəyin bundan sonra da davam etdirilməsini, hazırda sərt karantin tətbiq edilmiş 13 şəhər və rayonda bu kateqoriyaya aid insanların müvafiq dəstəklə bundan sonra da əhatə olunmasının vacibliyini dilə gətirdi. Avqust ayında da onlara birdəfəlik 190 manat müavinətin verilməsini tapşırdı.

Artıq Baş Nazirin qərarı ilə sərt karantin rejimi tətbiq edilən 13 rayonun adıçəkilən kateqoriyadan olan sakinlərinə  190 manatlıq birdəfəlik müavinətin verilməsi özünün müsbət həllini tapıb və müşavirə zamanı ölkə Prezidenti sosial dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirərək vətəndaşların, Azərbaycan xalqının yanında olduğunu nümayiş etdirdi. Bütün bunlar bir daha onu deməyə imkan verir ki, Azərbaycan dövləti, ölkə Prezidenti vətəndaşların həm sağlamlığının təmin edilməsi, həm də onların sosial durumunun yaxşılaşdırılması, pandemiyanın ağır fəsadlarına məruz qalmaması üçün əlindən gələni edir. Bütün bunlar, öz növbəsində, Azərbaycan dövlətinin gücündən, qüdrətindən, inkişafından və ölkə Prezidentinin iradəsindən qaynaqlanan məsələlərdir. Bütün bunlara görə, həm dövlətimiz, həm də dövlət başçımızla fəxr edir, ona güvənir və etibar edirik.

 

Kamilə ƏLİYEVA,
Milli Məclisin deputatı,  Səhiyyə komitəsinin üzvü, professor

11 2020 11:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə