Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnvestisiya proqramlarının şəffaflığı və iqtisadi səmərəsi yüksəldiləcək

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə dövlət şirkətlərinin fəaliyyətində ciddi nöqsanlara yol verildiyini diqqətə çatdırıb. Dövlət başçısı müşavirədə sözügedən sahədə nəzərəçarpan çatışmazlıqların aradan qaldırılması üçün yeni idarəetmə sisteminin qurulmasının zəruriliyini də bildirib. Məhz buna görə də ölkə rəhbəri bu il avqustun 7-də “Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” fərman imzalayıb. Azərbaycan iqtisadiyyatının inkişafında mühüm önəm daşıyacaq bu sənədlə qarşıya qoyulan əsas məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması olub.

Fərmanla Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, həmin siyasəti reallaşdırmaq, müvafiq sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq münasibətləri qurmaq, qabaqcıl beynəlxalq təcrübədən yararlan­maqla dövlət müəssisələrində idarəetməni gerçəkləşdirmək, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə resurslarını, habelə xarici borc­ların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək və digər bu kimi səlahiyyətlər verilib.

Mütəxəssislərin bildirdiyinə görə, bu gün dövlət şirkətlərində idarəetmədə şəffaflığın, ictimai iştirakçılığın ol­maması, kənar nəzarətin zəif təşkili və hesabatlılığın aşağı səviyyəsi bir sıra ciddi problemlər yaradıb ki, yeri yaradılan qurumun qarşısına həmin çətinliklərin aradan qaldırılması mühüm vəzifə kimi qoyulub. Bu barədə fərmanın giriş hissəsində, həmçinin adıçəkilən nizamnamədə ətraflı bəhs edilib. Eyni za­manda, fərmanda yeni idarəetmə sisteminə keçiddə dövlət və özəl şirkətlər arasında əməkdaşlıq formasının qurulması mühüm məsələ kimi vurğulanıb. Prosesə özəl sektorun cəlb olunması isə şəffaflaşma və vəsaitlərin idarəedilməsində səmərəlilik prinsiplərinin yüksəldilməsi məqsədi daşıyıb. Çünki aydın məsələdir ki, dövlət vəsaitlərinin səmərəli və şəffaf reallaş­dırılması dövlət siyasətində hər zaman prioritet istiqamət olub. Ölkə rəhbəri də öz fəaliyyətində bu amili daim diqqətdə saxlayıb, dövlət vəsaitinin şəxsi maraqlar istiqamətində yönləndirilməsinə, istifadə olunmasına qarşı ciddi mübarizə tədbirləri gerçəkləşdirib. Təkcə cari ilin ötən ayla­rında idarəetmə strukturlarında bununla bağlı görülən tədbirlər, daha dəqiq desək, bir sıra vəzifəli şəxslərin cəzalandırılması bunun bariz ifadəsidir.

Özəl sektorun sözügedən posesə cəlbi məsələsinə gəldikdə isə deyə bilərik ki, bu zaman maliyyə-təsərrüfat fəaliyyəti və xərclər şəffaflaşır, qurum daha səmərəli formada idarə olunur, gəlirlilik artır. Bu da son nəticədə təşkilatın mənfəətinin artımına, idarəetmənin təkmilləşməsinə gətirib çıxarır.

Ekspertlərin fikrincə, Azərbaycan İn­vestisiya Holdinqinin yaradılması ilə yeni idarəetmə sisteminə keçid dövründə özəl sektor daha sürətlə inkişaf edəcək. Belə ki, indiyədək tenderlərdə himayədarlıq prin­sipi ilə qaliblərin müəyyənləşdirilməsi, süni şirkətlərin yaradılması heç kəsə sirr deyildi. Bu, icraçıya daha az vəsaitin ödənilməsi və layihənin daha keyfiyyətsiz həyata keçirilməsi, dövlət vəsaitlərinin isə, necə deyərlər, havaya sovrulması ilə nəticələnirdi. Amma bundan sonra özəl sektorun prosesə daxil olması sözügedən istiqamətdə də rəqabəti gücləndirəcək. Çünki özəl sektor öz maraqlarını müdafiə edəcək, dövlətin vəsaitinin kimlərinsə maraqları istiqamətində istifadəsi isə məhdudlaşdıracaq. Bu da müəssisənin mənfəətlə işləməsinə, özəl sahibkarlığın yaxşılaşmasına, iqtisadi subyektlərin daha ədalətli formada iştirakına şərait yarada­caq.

Nazirlər Kabineti yanında opera­tiv qərargahda avqustun 8-də keçirilən brifinqdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycan İnvestisi­ya Holdinqinin yaradılması ilə dövlət müəssisələri vasitəsilə qoyulan investisi­yaların səmərəsinin artacağını vurğulayıb. O, daha sonra Azərbaycana investisiya yatırmaqda maraqlı olan iri şirkətlərin mövcudluğunu, postpandemiya dövründə iqtisadiyyatımızın inkişafında özəl sektorun rolunun daha da güclənəcəyini bildirib. Həmçinin Azərbaycan İnvesti­siya Holdinqinin təsis olunmasında əsas məqsədlərindən birinin məhz dövlət müəssisələri vasitəsilə yatırılan investisi­yaların səmərəsinin artırılması, investisi­yalardan gələn əlavə dəyərin iqtisadiyyata töhfəsi, iqtisadi inkişafa təsirin daha da artırılması və genişləndirilməsi olduğunu qeyd edib.

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Azərbaycan İnves­tisiya Holdinqinin yaradılmasına mühüm önəm verərək, bunu dövlət xərclərinə müxtəlif istiqamətlərdən nəzarətin daha da artırılması, habelə kölgə iqtisadiyyatının əhatə dairəsinin azalmasına yönələn ad­dım kimi dəyərləndirib: “Prezident İlham Əliyev dövlət şirkətlərində səmərəli və çe­vik idarəetmənin tətbiqi ilə bağlı mövzuya bir neçə dəfə toxunub və bu istiqamətdə xüsusi tapşırıqlar verib. Bunun əsasında dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi ilə əlaqədar ilkin qanunvericilik bazası formalaşdırılıb”.

Korporativ idarəetmə standartlarının tətbiqi ilə götürülən borcların səmərəli və nəticə əsaslı istifadəsinə şərait yaradacaq. Uzunmüddətli dövrdə isə tətbiq olunan qabaqcıl idarəetmə sistemləri nəticəsində dövlət şirkətlərinin daxili və ya xarici investorlar tərəfindən özəlləşdirilməsi mümkün olacaq. İnvestor tərəfindən qoyulan kapital üçün əsas zəmin mövcud təsisatların şəffaflığı və hesabatlılığıdır. Korporativ idarə qaydalarının tətbiqi ilə həmin şirkətlərdə müşahidə və audit komitələrinin məsuliyyəti və səlahiyyəti əvvəlkinə nisbətən daha çox olacaq. Bu da şirkətin şəffaflığını, uçotların düzgün aparılmasını, borcların idarə edilməsi istiqamətində hesabatlılığını artıracaq.

Beləliklə, Prezident İlham Əliyev tərəfindən müşavirədə qeyd edilən istiqamətlər üzrə aparılacaq islahatlar son nəticədə kölgə iqtisadiyyatının əhatə dairəsini zəiflədəcək, iqtisadi artımı dəstəkləyəcək. Bundan əvvəl də aparılan tədqiqat və təhlillər göstərir ki, son illər uçot və bəyan etmələrin şəffaflaşdırılması kölgə iqtisadiyyatı miqyasını azaldıb, büdcə yığımlarında artıma səbəb olub.

Yeri gəlmişkən, Azərbaycan İnvestisi­ya Holdinqinin yaradılmasını şərtləndirən bir neçə məqama da toxunmaq istərdik. Bununla bağlı əvvəlcə onu qeyd edək ki, Azərbaycan iqtisadiyyatında dövlət müəssisələrinin xüsusi çəkisi böyükdür. Dövlət müəssisələrinin məşğulluqda payı təqribən 25 faizdir. On beş ən iri dövlət müəssisəsinin aktivinin həcmi ölkənin ÜDM ilə müqayisə edilə bilən səviyyədədir. Dövlət səhmdar olaraq dövlət müəssisələrinin müasirləşməsi, texnoloji yenilənməsi, kapitallaşması və maliyyə dayanıqlığını təmin edərək onların keyfiyyət və səmərəlilik baxımın­dan yeni inkişaf səviyyəsinə keçidi üçün zəmin yaradıb.

Dövlət Azərbaycan İnvesti­siya Holdinqinin yaradılması ilə dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, qa­baqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunması, idarəetmə strukturları və konsepsiyalarının təkmilləşdirilməsi, apa­rıcı özəl müəssisələrə məxsus səmərəlilik, şəffaflıq və hesabatlılıq əsasında fəaliyyətləri təmin ediləcək.

Səmərəliliyin artırılması onla­rın beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb olacaq. Azərbaycan dövlət müəssisələrinin xarici bazarlara çıxdıqca və ya xaricdə fəaliyyətlərini genişləndirdikcə (məsələn, SOCAR) rəqabət qabiliyyətliliyin önəmi daha da artacaq. Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər dövlət müəssisələrinin, həm də ixrac potensialla­rının artmasına töhfə verəcək.

Dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyi aydın, ölçülə bilən və şəffaf səmərərəlilik göstəriciləri vasitəsilə müəyyən ediləcək. İnvestisiya Holdin­qi dövlət müəssisələrinin korporativ idarəetmə orqanlarında iştirak etməklə onların Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verməsini şərtləndirəcək.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

11 Avqust 2020 04:11 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Sentyabr 2020 | 00:58
Neft hasilatı 10 faiz azala bilər
26 Sentyabr 2020 | 04:28
Neftin qiyməti artmağa başlayıb

Köhnə versiyamızdan xəbərləri izlə