Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial layihələr ixtisar edilməyib, artıqlaması ilə icra olunur

Avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə son ay­lar ərzində sosial sahədə görülmüş işlərin həcmindən bəhs edərək demişdir: “Biz, təqribən, 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır.

760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir”.

Həqiqətən də ölkəmizin rəhbərinin bildirdiyi kimi, altı yüz min işsiz vətəndaşın, o cümlədən, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insanın dövlət tərəfindən qayğı ilə əhatə olunması çox böyük miqyaslı olmaqla yanaşı, vətəndaşlara münasibət baxımından da dəyərləndirilməlidir. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir və hazırda Azərbaycanın 13 şəhər və rayonunda – sərt karan­tin rejimi tətbiq edilən yerlərdə bu kateqoriyaya aid insanlara avqust ayında da bu dəstək davam edəcək.

Bu, sadəcə olaraq, görülmüş işlərin bir hissəsidir. Nəzərə alaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib.

Məlumdur ki, pandemiyaya qarşı mübarizə, onun mənfi fəsadlarının aradan qaldırılması üçün geniş tədbirlər planı təsdiq olunmuşdu və bu tədbirlər planının ən əhatəli bölmələrindən biri də, məhz, məşğulluğa və sosial rifaha dəstək tədbirləri idi. Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri çıxış edərkən bildirdi ki, bu dəstək tədbirləri, dörd istiqamət olmaqla 12 sahəni əhatə edirdi. Burada həm məşğulluq, həm sosial müdafiə, həm də sosial təminat məsələləri öz əksini tapmışdır. Tədbirlər planının birinci istiqaməti – əmək müqaviləsi ilə işləyən insan­ların məşğulluğunun qorunması və onun təmin edilməsi ilə bağlı, həm dövlət, həm də özəl sektorda 1 milyon 660 min insanın məşğulluğu davam edib. Onların əməkhaqları, iş yerləri qorunub. Burada dövlətin təqdim etdiyi müxtəlif dəstək proqramları, eyni zamanda, inzibati tədbirlər və leqallaşma məsələlərinin də rolu olub. Əməkhaqqı fondu və əmək müqaviləsi ilə işləyən insanların sayı artıb.

İkinci bir istiqamət isə işsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslər idi ki, burada da 190 manatla bağlı ödəniş aprel, may, iyun aylarında tam şəkildə icra olunub. İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunub. Prezidentin tapşırığına uyğun olaraq, avqust ayı üzrə də 13 şəhər və rayonumuz üzrə bu ödənişlər həyata keçiriləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək. Bu istiqamətlər üzrə indiyədək 280 milyon manat vəsait xərclənmişdir. Əhalimizin rifahına sosial dəstək baxımından, əlbəttə ki, çox önəmli bir rəqəmdir.

Digər bir istiqamət işsiz və qeyri-formal işləyən şəxslər üçün xüsusi olaraq yaradılan haqqı ödənilən ictimai iş yerlərinin sayı da 90 minə qədər artırıldı. Hazırda işsizlikdən sığorta mexanizmi­nin sadələşdirilməsi və genişləndirilməsi üçün təkliflər hazırlanıb. Dördüncü istiqamət – pensiya, müavinət, təqaüdlər üzrə iki milyon şəxsi əhatə edən sosial ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz, yəni 590 milyon manat artıb və vaxtında, hətta, bir çox hallarda vaxtından əvvəl vətəndaşlarımıza ödənilib. Azərbaycanın minimum pensiya üzrə MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerdə, orta pensiya üzrə isə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerdə qərarlaşmasını təmin edilib.

Məlumdur ki, pandemiyaya baxmayaraq, ölkədə sosial təminat proqramları genişlənib, ün­vanlı sosial yardım proqramına əlavə 14 min ailə, 58 min şəxs cəlb olunub, digər tərəfdən, mənzil və avtomobil təminatı proqramı genişləndirilib. Cənab Prezidentin altı aylıq sosial-iqtisadi inkişafa dair keçirdiyi müşavirədə verdiyi tapşırığa uyğun olaraq, artıq 554 mənzil vətəndaşlara təqdim edilib. Təkcə son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Sevindirici haldır ki, Bakı şəhərində yerləşən binanın açılış mərasimində dövlət baş­çısı iştirak edib və şəhid ailələrinə bu mənzilləri təqdim edib. Müşavirədə, həmçinin bildirildi ki, sosial layihələrimizin davamlılığının qorunması, sosial infrastrukturun genişlənməsi baxımından da artıq dörd reabilitasiya mərkəzinin təmir-tikintisi yekunlaşıb. Yaxın günlərdə Sumqayıt, Lənkəran, Xaçmaz və Şəkidə yeni reabilitasiya mərkəzləri vətəndaşlarımızın istifadəsinə veriləcək.

Prezident İlham Əliyevin bildirdiyi kimi, pandemiya dövrü bir daha göstərdi ki, biz belə çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra edilib və edilir.

Aydın HÜSEYNOV, Milli Məclisin deputatı

11 2020 04:10 - CƏMİYYƏT
CƏMİYYƏT
24 Sentyabr 2020 | 00:44
Samuxdan xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə