Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belaruslular növbəti dörd il üçün dövlətin inkişafı naminə seçim etdilər

Avqustun 9-da Bela­rusda keçirilən prezident seçkiləri dünyada ən çox izlənilən hadisələrdən biri oldu. Seçki öncəsi baş verən proseslər, namizədlərin siyasi baxışlarının fərqliliyi seçkilərə marağı daha da artırmışdı.

Bu seçkinin daha bir maraqlı cəhəti 26 ildir hakimiyyətdə olan Aleksandr Lukaşenkonun yenidən prezident seçkilərində iştirakı oldu. Prezidentliyi dövründə Aleksandr Lukaşenkonun Belarusun iqtisadiy­yatının yüksəldilməsində, ölkədə sabitliyin qorunmasında, coğrafi mövqeyinə görə strateji məkanda yerləşən dövlətin uğurlu siyasi kur­sunun davam etdirilməsində böyük xidmətləri olub. Bu gün Belarus beynəlxalq siyasi tədbirlərin keçirildiyi məkana, hərbi, maşınqayırma, kənd təsərrüfatı məhsullarının ixracatçı­sına çevrilib. Bütün bunlara görə, Lukaşenkonun opponentlərindən daha şanslı olduğu heç kimdə şübhə doğurmurdu. Beş namizəd arasında göstərdiyi nəticələr, liderlik xüsusiyyətləri onun böyük üstünlüklə növbəti dəfə Belarusun Prezidenti seçiləcəyinə əminlik yaradırdı. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Aleksandr Lukaşenko seçicilərin 80 faizindən çoxunun etimadını qazanıb. Bu isə ikinci yerdə qərarlaşan prezidentliyə namizəd Svetlana Tixanovskayadan təxminən 70 faiz çox səs deməkdir. Bu rəqəm onu deməyə əsas verir ki, Belarus xalqı yenidən sabitliyə, sülhə və inkişafa səs verib. Sözsüz ki, Be­larusun inkişafını istəməyən tərəflərin ölkədə dağıdıcı qüvvələr vasitəsilə gərginlik yaratmaq arzusu sezilir. Xüsusilə, Belarusun qonşu ölkələrlə münasibətlərinə sərinlik gətirmək istəyən qüvvələr seçki öncəsi və səsvermədən sonra fəallaşmağa başladılar. Ancaq bu cür cəhdlər heç zaman nəticə verə bilməz, çünki hakimiyyətlə xalq arasında birlik hər zaman sarsılmaz və keçilməz olur.

Artıq Aleksandr Lukaşenko­nun yenidən Prezident seçilməsi münasibətilə xarici ölkələrin dövlət başçıları onu təbrik etməyə başlayıb­lar. O cümlədən ilk təbrik edənlər ara­sında Azərbaycan Prezidenti İlham Əliyev də var. Azərbaycan dövlətinin başçısı Aleksandr Lukaşenkonu prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Dövlət başçıları ölkələrimiz arasında stra­teji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər. Bu, onu göstərir ki, Azərbaycan Belarusu özünə daim dost ölkə hesab edib və onun inkişafında maraqlı olub.

Nəticədə, Belarusda prezidentliyə digər namizədlərin qalib tərəfi təbrik etməkdən başqa variantı qalmayıb. Aleksandr Lukaşenko çıxışlarında həmişə bəyan edib ki, siyasi müzakirələrə açıqdır. Ancaq bu siyasi müzakirələr ölkədə kütləvi iğtişaşlara səbəb olmamalıdır. İctimai asayişi, sabitliyi pozmaqla hakimiyyəti qeyri-qanuni şəkildə dəyişməyə yönələn cəhdlər Belarusu “maraqlı” dövlətlərin poliqonuna çevirə bilər. Bunu isə ölkəsini sevən hər bir belaruslu anlayır və ona görə də növbəti dörd il üçün dövlətinin inkişafı naminə seçimini edib.

Emil HÜSEYNLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

11 Avqust 2020 04:07 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2020 | 00:48
İlk elastik ekranlı kompüter
1 Oktyabr 2020 | 00:47
9,4 milyon dollar təzminat
1 Oktyabr 2020 | 00:10
Yeni raket hazırlanır
1 Oktyabr 2020 | 00:09
Generalın bəyanatı

Köhnə versiyamızdan xəbərləri izlə