Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə ictimaiyyəti operativ qərargahın son qərarını məmnunluqla qarşıladı

Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Nazirlər Kabineti yanında operativ qərargah dövlət başçımızın tapşırığı əsasında avqustun 8-də toplaşaraq, xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib. Ölkə əhalisini məmnun edən məsələlərdən biri də odur ki, həmin müzakirələr nəticəsində avqustun 10-dan qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla), müxtəlif istehsal sahələrinin fəaliyyətinə icazə verilir.

Mən yaradıcı ziyalı olduğuma görə ticarətlə qətiyyən əlaqəli deyiləm. Amma bu koronavirus bəlasının yorğun saldığı, usandırdığı milyonlardan biri kimi, həmin qərarın qəbul edilməsindən çox məmnun oldum. Bir məsələni də xüsusilə vurğulayım ki, ölkədə COVID-19-a yoluxanların və həmin bəladan vəfat edənlərin sayının sürətlə azalması dövlətimizin mühüm uğurlarından biridir. Ona görə də biz – həmin qərarın qəbul edilməsinə sevinən milyonlarla insan dövlətin koronavirusla mübarizəsinə öz töhfələrimizi verməliyik.

Xatırladım ki, bu qərarın verilməsi üçün aparılan müzakirələr zamanı ölkənin Baş Naziri Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev avqustun 6-da keçirdiyi videoformatda müşavirə zamanı hökumət və müxtəlif dövlət orqanlarına karantin rejiminə nəzarətin gücləndirilməsinə dair ciddi tapşırıqlar verib. Ona görə də operativ qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılması zərurətini nəzərə alaraq, avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edib. Tapşırıq ondan ibarətdir ki, sanitariya qaydalarına ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir.

Bu zaman biz sakinlər, ölkə əhalisi , sadə vətəndaşlar nəzərə almalıyıq ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə həmin yaşayış məntəqələrini rəhbərləri əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirəcəklər. Yəni insanların biganəliyi və ya qanun-qaydaya əməl etməməsi bizi sərt karantin günlərinə qaytara bilər. Gəlin, on milyonluq əhali – birlikdə səy göstərək ki, həmin günlərə qayıtmayaq. Mən inanıram ki, Azərbaycan xalqı bu qaydalara əməl edəcək və dövlətin koronavirusla mübarizəsinin səmərəsini artıracaq.

Ağaverdi PAŞAYEV, Xalq artisti, professor

11 2020 04:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə