Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tələblərin məqsədi insanların sağlamlığını qorumaq və karantin rejimi ilə vidalaşmaqdır

Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da videoformatda keçirdiyi müşavirədə öncə COVID –19-a qarşı mübarizə işində müsbət dinamikanın müşahidə olunduğundan söz açdı. İyulun 16-dan bu günə qədər müsbət dinamikanın olmasını vaxtında görülmüş tədbirlərin nəticəsi olduğunu bildirdi. Bu müddətdə yoluxanların sayının sağalanların sayından xeyli aşağı olduğunu, müsbət dinamikanın davam edəcəyinə əminliyini, xəstəliyin bundan sonra da nəzarət altında saxlanacağını diqqətə çatdırdı.

Həqiqətən də ölkədə COVID – 19-a qarşı mübarizə lazımi səviyyədə aparılır. Xəstəxana fondu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdı­rılıb. Bu gün 46 xəstəxana ancaq korona­virus xəstələrinə xidmət göstərir. Qeyd etməliyik ki, bu xəstəxanların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, həmçinin müasir avadanlıqlarla təchiz olunub.

Pandemiya başlayandan, həm də, testlərin keçirilməsi ilə əlaqədar uğur­lu addımlar atılıb. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Prezidentin tapşırığı ilə qısa müddətdə laboratoriyaların sayı 5 dəfə artırılıb. Nəzərdə tutulub ki, bütövlükdə, labora­toriyaların sayı 45-ə çatdırılmalıdır. Eyni zamanda, ölkəyə yeni təcili tibbi yardım maşınları gətirilib. Dövlət başçısının tapşırığına əsasən, yüz maşının gətirilməsi nəzərdə tutulub, amma hələlik, onlardan 40-ı Bakıdadır. Xəstə vətəndaşlarımıza lazımi tibbi xidmətin, təcili tibbi yardımın göstərilməsi üçün bu maşınların da çox böyük əhəmiyyəti vardır.

Prezident çıxışında bildirdi ki, xəstələrin sayı hər gün artdığından və mövcud xəstəxanaların kifayət qədər imkanları genişləndirilsə də yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi: “Bu məqsədlə, modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü bir gün ərzində – iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılı­şı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı, bütövlükdə, 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpa­yılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. Biz iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi, yəni, uyğunlaşdırma məsələlərini həll etmək üçün qısa müddət ərzində hazır vəziyyətə gətirdik. Artıq bu komplekslərin hər birində, lazım olarsa, 300-ə yaxın xəstə müalicə ala bilər. Hələ ki, buna eh­tiyac yoxdur, ancaq əgər ehtiyac yaransa, biz, əlbəttə, bu imkanlardan da istifadə edə bilərik”.

Həyata keçirilən ardıcıl tədbirlər, maarifləndirmə işlərinin aparılmasının nəticəsidir ki, artıq son üç həftə ərzində xəstələnənlərin sayı azalmaqda davam edir. Bütün bu addımlar, əlbəttə, imkan ve­rir ki, bu vəziyyətdən xalqımız az itkilərlə çıxsın. Müşavirədə, ölkədə həkimlərin sayının artırılması ilə əlaqədar təbii çətinliklərin olduğunu qeyd edən dövlət başçısı xaricdən həkimlərin dəvət edilməsi məsələsinə də toxundu. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadalarının Azərbaycana gəldiyini və artıq xəstələrin müalicəsi ilə məşğul olduqlarını diqqətə çatdırdı. Çünki həm bu ölkələrdə səhiyyə sahəsi inki­şaf etmiş sahədir, orada təcrübə yüksək səviyyədədir və əlbəttə, həm xəstələrin müalicəsi, həm də təcrübə mübadiləsi məsələləri burada kompleks şəkildə həll olunur. Müşavirədə cənab Prezident bu barədə belə dedi: “Bundan sonra da insan­ların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm, – bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqe­yimizi bilir, – bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”.

Baş Nazir Əli Əsədov bildirdi ki, cənab Prezidentin tapşırığı ilə fevral ayının 27-dən başlayaraq bu xəstəliyin qarşısını almaq və əhalinin sağlamlığı üçün mübarizəni gücləndirmək məqsədilə operativ qərargah yaradılmışdır. Bu günə qədər operativ qərargahda iştirak edən bütün şəxslər, o cümlədən, qərargahın üzvü olmayan digər bütün hökumət üzvləri və dövlət qurumları bunu əsas vəzifə kimi görür və bu istiqamətdə gecə-gündüz çalışırlar. Bütün dünyada cərəyan edən xəstəliyi və digər ölkələrdə onunla mübarizəni hamı görür. Ən qısa müddətdə Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpa­yı yeri hazırlanmışdır. Bu dövr ərzində Azərbaycan həkimlərinin səyi nəticəsində 28 min 890 nəfər xəstəlikdən sağalaraq evlərinə getmişdir. Bu göstəricilər digər ölkələrlə müqayisədə həddindən artıq yaxşıdır. Bunlar faktlardır və statistikadır. Rəsmi statistika həm bizim qurumlar, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılır. İyunun 21-dən etibarən xəstəlik Azərbaycanın bəzi bölgələrində, Bakı şəhərində çoxalmağa başlamışdı. Hətta yoluxma sayı 590 olmuşdu. Bunu nəzərə alaraq, respublikanın 15 rayon və şəhərində sərtləşdirilmiş karantin rejimi tətbiq olundu. Bu zonalarda xü­susi sərtləşdirilmiş rejim tətbiq etməkdə məqsəd xəstəliyi cilovlamaq və bunun digər bölgələrə yayılmasının qarşısını almaq idi. Görülmüş tədbirlərin nəticəsi iki həftədən sonra özünü göstərdi. Ən pik vəziyyət bizdə 11 iyul tarixində qeydə alınmışdır. Respublikada aktiv xəstələrin sayı 8 min 651 nəfər idi və görülmüş tədbirlər nəticəsində dünənə olan statisti­kaya əsasən müalicə alan xəstələrin sayı Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublika üzrə azalaraq 3 min 787 nəfər olub. Pandemiya ölkəmizdə 476 nəfərin ölümünə səbəb olub.

Hazırda fəaliyyət göstərən 31 labora­toriya var və onların sayı qısa müddətdə 40-a çatdırılacaq. Bu günə qədər 760 minə yaxın test aparılmışdır. Bu da bizim əhalimiz üçün çox yüksək nəticələrdir. Xəstəliyin yüngül formasını keçirənlər xəstəxanada yox, öz arzularına uyğun olaraq, ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti altında müalicə alırlar. Belə ki, respublikadakı 87 poliklinikada bu nəzarət funksiyası yaradılıb, onun da 40-ı Bakı şəhərindədir. Koronavirusla mübarizədə iştirak edən tibbi personala əməkhaqqının 3-5 misli qədər müddətli əlavələr verilir. Mart-iyun ayları ərzində 64 min 38 nəfər tibbi personala 58 milyon 300 min manat ödənilib Bu işlər davam etdirilir. Bununla yanaşı, böyük təcrübəyə malik olan həkim personalı Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadan Azərbaycana gəlmişlər. Bu gün, ümumilikdə, 215 nəfərdən ibarət tibbi heyət bizim həkimlərlə bərabər fəaliyyət göstərir.

Görülmüş preventiv tədbirlər nəticəsində və xüsusi karantin rejimi tətbiq olunandan sonra riskli zonalarda əhalimiz bu məsələlərdə daha diqqətli olmağa baş­layıblar. Bu, özünü həm izolyasiyada, həm də maskalardan istifadə və digər epidemi­oloji tədbirlərə əməl edilməsində göstərir. Bunun nəticəsi olaraq, operativ qərargah görülmüş işlər, xəstəliyin cilovlanması və azalması sayəsində avqustun 5-dən bəzi yumşalma proseslərinə başlamışdır. O cümlədən, əvvəlki 16 şəhər və rayonun 3-ü – Lənkəran, Samux və Siyəzən rayon­ları bu zonadan kənarlaşdırılmışdır. Həmin bölgələrdə vəziyyət normaldır. Qalan 13 şəhər və rayonda yumşalma prosesləri başlanılıb. Yay fəsli nəzərə alınaraq qərara alınıb ki, insanlar çimərliklərdən istifadə etsinlər. Əsas məqamlardan biri də ondan ibarətdir ki, SMS və icaze.e-gov.az portalı vasitəsilə icazə mexanizmi ləğv olun­duqdan sonra vətəndaşlar sərbəst hərəkət edə bilirlər. Amma insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epide­mioloji qaydalara hələ uzun müddət riayət etməlidirlər. O cümlədən, həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək. Vətəndaşlar bilməlidirlər ki, bu nəzarətin, tələblərin, qaydaların yalnız bir məqsədi var: əhalinin sağlamlığını qorumaq, eyni zamanda, karantin rejimi ilə vidalaşmaq.

Prezident müşavirədəki yekun nitqində də, məhz, bu barədə dedi:”Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorub. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Çünki bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insan­ları qorumaq, yoluxmaların sayını azalt­maq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atı­lacaq. Karantin rejimi nə vaxt mümkünsə, yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yum-şalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin”.

Unutmaq olmaz ki, aprelin sonun­dakı yumşalmadan sonra insanların məsuliyyətsizliyi üzündən yoluxma­lar yenə artmışdı. Hər halda, yaxşıya doğru ümid etməyə səbəb var. Ope­rativ qərargahın avqustun 10-na olan məlumatına görə 79 yoluxma, 278 sağal­ma faktı qeydə alınmışdır. İndiyədək 790 min 141 test edilib, 33 min 647 yoluxan olub. Onlardan 30 min 642 nəfər sağalıb, 492 nəfər vəfat edib. İndi də, təbii ki, qoruyucu vasitələrə əhəmiyyət verilməzsə, onda yoluxmanın yenidən alovlanma­sı ehtimalı böyükdür. Belə halda yenə də sərtləşdirilmiş tədbirlərə gedilməsi zərurəti yaranacaq. Məhz bunları nəzərdə tutan dövlət başçısı bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edərək, onları məsuliyyətli olmağa səslədi.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

11 2020 04:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə