Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritetidir

Azərbaycanın inkişaf strategiyasının əsas xətti yalnız paytaxt Bakı şəhəri və Abşeron yarımadası ilə məhdudlaşmır. Elə bu səbəbdəndir ki, regionların da sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Regionların iqtisadiyyatını möhkəmləndirməklə yanaşı, burada yaşa­yan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində də əməli işlər görülür. Təkcə İsmayıllı rayonunun inkişaf statistikasına nəzər yetirsək, görərik ki, 2003-cü illə müqayisədə 2019-cu ildə məhsul buraxılışı 3,4 dəfə, sənaye 1,8 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, əsas kapitala yönəldilmiş vəsait 80,9 dəfə artmışdır. Bundan əlavə, rayonda görülmüş işlər sırasında Təzəkənd– Ağbulaq – Qoşakənd avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi bu yaşayış məntəqələri arasında, eləcə də rayon mərkəzinə əhalinin gediş-gəlişinin rahatlaşdırılması baxımından son dərəcə mühüm addımdır.

Regionlarda sosial problemlərin həlli də ən prioritet məsələlərdən biridir. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, yol­ların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir.

Prezident İlham Əliyev ölkə regionlarının sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayır. Regionların inkişafı dövlət başçısının həyata keçirdiyi siyasətin prioitet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi paytaxt Bakı ilə yanaşı, bütün regionların hərtərəfli və davam­lı inkişafına nail olunmasıdır. Ölkə başçısının bu günlərdə Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarına səfəri də bu faktı bir daha təsdiq edir.

Ölkəmizdə pandemiya şəraitinin hökm sürməsinə və bu səbəbdən iqtisadiyyatımızın inkişaf tempinin nisbətən azalmasına baxmaya­raq, regionlarda sosial layihələrin reallaşdırılması işinə fasilə verilmir. Yeni xəstəxanalar tikilir, xəstələrin müalicəsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətin heç bir sosial layihəni ixtisara salmaması, əksinə, sosial tədbirləri daha da gücləndirməsi cənab Prezidentin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial siyasətin təzahürüdür. “Azərbaycan Respub­likası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ixtisar edilmədən planlı və ardıcıl şəkildə müvəffəqiyyətlə həyata keçirilir.

Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlam­lığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür. Cənab Prezidentin müxtəlif bölgələrə müntəzəm səfərləri isə regionla­rın tarazlı şəkildə inkişafına və müasirləşməsinə birbaşa xidmət edir. Dövlət başçısının Qobustan, İsmayıllı, Şəki və Qəbələdə koro­navirusa qarşı mübarizə məqsədilə modul tipli xəstəxanaların, Balakəndə “ASAN xidmət” mərkəzinin, Balakən Şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında, İsmayıl­lıda “DOST evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində və digər mühüm tədbirlərdə iştirak etməsi, sonra isə həmin rayonların sosial-iqtisa­di inkişafına xidmət edən mühüm sərəncamlar imzalaması bir daha təsdiq edir ki, Azərbaycanda regionla­rın inkişafı həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir. Balakən rayonunun Yeni Şərif, İsmayıllı rayonunun Sumağallı kəndində yeni ümumtəhsil məktəbi binalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı Bas­qal–Qıçatan–Tağlabiyan-Kəlfərəc– Zeyvə–Kürdüvan–Xankəndi–Mücü– Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi məqsədilə verilən sərəncam, İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi­nin tabeliyində “DOST evi” Yaradıcı­lıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında, Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması­na və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında, ümumilikdə, rayonların sosial-iqtisadi inkişafına xidmət edən mühüm sərəncamların imzalanması bir daha təsdiq edir ki, Azərbaycanda regionların inkişafı həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir. Balakəndə regional “ASAN xidmət” mərkəzinin açılışı region əhalisinə paytaxt əhalisi ilə eyni həyat standartlarının çatdırılması baxımın­dan son dərəcə mühüm addımdır.

Eyni zamanda, pandemiya şəraitini nəzərə alaraq, koronavirusla mübarizə tədbirləri çərçivəsində, ümumilikdə, ölkə üzrə 10 modul tipli xəstəxananın quraşdırılması nəzərdə tutulub. Ölkə başçımızın rayonlara olan bu səfəri çərçivəsində Qobustan, İsmayıllı, Şəki, Qəbələ rayonların­da dörd modul tipli xəstəxananın açılması pandemiya ilə mübarizə istiqamətində atılmış mühüm addım­lar sırasındadır.

Bu gün Azərbaycanda 9 mo­dul tipli xəstəxana artıq istifadəyə hazırdır. 10-cu xəstəxananın bu ay istifadəyə verilməsi gözlənilir. Görülən tədbirlərin real nəticəsidir ki, Azərbaycanda koronavirus xəstəliyinin nəzarət altında saxlanıl­ması mümkün olmuşdur.

Azərbaycanda yeni xəstəxanaların açılması nəticəsində əlavə 6 minlik çarpayı fondu yaradılır.

Azərbaycan dövləti insanların tezliklə sağalması və ağır vəziyyətdən az itkilərlə çıxması üçün bütün im­kanlarını səfərbər edib və lazım olan zəruri işlər görülür. Heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır.

Şəbnəm HƏSƏNOVA, politoloq

11 2020 03:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə