Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə su təsərrüfatı problemləri həllini tapır

Məlum olduğu kimi, 1994-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilib. Hazırda Azərbaycan da daxil olmaqla 170 dövlət həmin konvensiyaya qoşulub. Sənəddə dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən, bu barədə maarifləndirmənin aparılması təklif olunur. Bu mövzuya müraciət edərkən, nədənsə, yadıma mərhum xalq yazıçısı Süleyman Rəhimovun “Su ərizəsi” hekayəsi düşdü. Əsərin qəhrəmanı Qədim kişinin mirab (su işlərinə baxan) Zülqədərə dediyi sözlər qulaqlarımda səsləndi: “Yaz ki, mən rəiyyətəm, yaz ki, mən, Əzim oğlu Qədim pambığıma su istəyirəm, torpağım qovrulur...”

Əlbəttə, Qədim kişi çar Rusiyası dövrünün adamı idi və o zaman Azərbaycan kəndlilərinin hüquqsuzluğu, çar hökuməti məmurlarının laqeydliyi, bürokratçılığı hökm sürürdü. İndi isə biz müasir Azərbaycan Respublikasının vətəndaşlarıyıq və dövlətimiz davamlı surətdə sosial-iqtisadi inkişafı təmin edir, müasir infrastruktur quruculuğu siyasəti yürüdür. Həm regionlarda iqtisadi fəallığın artması üçün münbit şərait təmin edilir, həm də insanların yaşayış şəraiti yaxşılaşdırılır. Sosial siyasətə uyğun olaraq, bölgələrdə əhalinin içməli su təminatının yüksək səviyyəyə qaldırılması, əkin sahələrinin suvarılmasının dolğun təmin olunması strateji hədəf kimi müəyyənləşdirilib.

Ümumiyyətlə, hazırda bütün dünya üzrə su təchizatı ilə bağlı statistika heç də ürəkaçan deyil. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, neftin ötən əsrdəki yerini yaxın gələcəkdə suyun tutacağı ehtimalı var. Dünyanın bir çox guşələrində baş verən geosiyasi kataklizmlərin həm də bu və ya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa dövlətlərə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir. Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib.

Məlumatlarda Yer üzündə, təxminən, 1,5 milyard nəfərin içməli su çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Bir neçə il öncə BMT qlobal miqyasda su çatışmazlığı ilə bağlı xüsusi hesabat yayıb. Həmin sənəddə vurğulanıb ki, dünyada su qıtlığı çəkənlərin sayı durmadan artır. Mütəxəssislər BMT-nin hesabatına əsasən 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insanın bu müşküllə üz-üzə qalacağını proqnozlaşdırıblar.

Su çatışmazlığı problemi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı da həyəcan təbili çalıb. Qurumun rəsmi məlumatına əsasən, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür. İçməli suyun keyfiyyət göstəriciləri də narahatlıq yaradır. ÜST bildirir ki, müxtəlif ölkələrdə xəstəliklərin, təxminən, 80 faizi keyfiyyətsiz su ilə qidalanma səbəbindən yaranır və nəticədə, hər il 3 milyon insan dünyasını dəyişir. Bu və ya digər faktlar hazırda su təminatının milli dövlətlər üçün necə ciddi məsələyə çevrildiyi barədə konkret təsəvvür yaradır.

Azərbaycan öz potensialından bəhrələnərək dünyada su təminatı ilə bağlı meydana çıxan aktual çağırışları önləməyə çalışır. Respublikamızda əhalinin su təminatının yaxşılaşdırılmasının davamlı olaraq diqqət mərkəzində saxlanılmasını zəruri edən bir mühüm amil isə əsas su mənbələrimizin ölkə hüdudlarından kənarda formalaşması və su ehtiyatlarının qeyri-bərabər paylanmasıdır. “Azərsu” ASC-nin məlumatına əsasən, hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20- 21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir.

Respublikamızda 2004-cü ildən bəri uğurla reallaşdırılan regional inkişaf dövlət proqramlarında bölgələrdə əhalinin su təminatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı konkret müddəalar öz əksini tapıb və indiyədək ayrı-ayrı bölgələrdə onlarca layihə reallaşdırılb. Bununla bağlı statistika kifayət qədər zəngindir. Əhalinin su təminatında müsbət dinamika yaranıb. Hazırda ölkədə fasiləsiz su təminatı 70 faizə çatdırılıb. Bakıda bu rəqəm 82 faizdir. Müqayisə üçün bildirmək yerinə düşər ki, müvafiq dövlət proqramlarının icrasına start verilməzdən öncə ölkə üzrə fasiləsiz su təminatı 25-30 faiz səviyyəsində idi. Azərbaycanın regionlarında əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə müxtəlif variantlardan istifadə edilir. O cümlədən, son illərdə bölgələrdə modul tipli qurğuların quraşdırılması geniş vüsət alıb.

Regionların sosial-iqtisadi inkişafına dair ilk dövlət proqramının icrasına başlandığı vaxtdan indiyədək kəndlərdə 1500-dən çox artezian quyusu qazılıb. Yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Suvarma üçün bu il 400-dən çox subartezian quyusunun qazılması nəzərdə tutulur. Ölkənin cəmi bir neçə şəhərində içməli su və kanalizasiya layihələrinə başlanmayıb. Yəni digər şəhərlərin hamısında bu işlər tamamlanıb, yaxud davam etməkdədir. Yaxın gələcəkdə elə bir şəhərimiz olmayacaq ki, gecə-gündüz Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin edilməsin.

Prezident İlham Əliyevin bu il martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində iştirakı əhalinin içməli su ilə, kənd təsərrüfatının isə meliorasiya suyu ilə təmin olunmasına göstərilən diqqətin daha bir aydın təzahürü oldu. Tədbirdə qeyd edildi ki, Şəmkirçay su anbarının relyef baxımından Gəncə, Şəmkir, Samux şəhərlərindən yüksəklikdə yerləşməsi yaşayış məntəqələrinin özüaxımlı rejimdə dayanıqlı su təchizatına imkan yaradır. Bütün bunlar nəzərə alınaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı gündə 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa edilib. Bu kompleks məhsuldarlığına görə Azərbaycanın regionlarında tikilmiş ən böyük içməli sutəmizləyici qurğudur. Cənab İlham Əliyev çıxışında bildirdi ki, quraqlıq proqnozlarının o qədər ürəkaçan olmamasına görə, bu cür böyük layihələrin həyata keçirilməsi bizi böyük problemlərdən sığortalayır.

Sadə həqiqətdir ki, yay aylarında su daha çox tələb olunur. Azərbaycanın bir neçə qərb rayonu, o cümlədən, Tərtər içməli və təsərrüfat suyunu Tərtər çayından götürür. Ancaq 180 kilometrlik Tərtər çayının 100 kilometri və onun üzərində vaxtilə tikilən böyük su anbarı Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın təcavüzkar əməllərindən əziyyət çəkən 7 rayonumuz işğalçıların yaratdığı başqa bir təhlükə ilə də üz-üzə qalıb. Qırx yeddi ildən çox istismarda olan Sərsəng su anbarı artıq qəza vəziyyətinə düşüb. Betonlaşdırılmış divarlarda çatlar əmələ gəlib, sahilbərkitmə işləri aparılmadığından bənddə aşınma prosesi başlayıb. Hidrotexniki qurğular sıradan çıxmaqdadır. Əgər milyon tonlarla suyu saxlayan bənd dağılsa, bu, ən azı yeddi rayonumuza əsl humanitar fəlakət gətirər. Güclü sel əkinləri yuyub aparar, infrastrukturu dağıdar və s. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası Sərsəng su anbarında baş verə biləcək təhlükənin qarşısının alınması üçün qətnamə layihəsi qəbul edib. İlk təqdimatdan bu qətnamə xeyirxah addım təsiri bağışlayır. Amma məsələnin mahiyyətinə varanda aydın görünür ki, layihənin avropalı müəllifləri yenə də ermənilərin siyasi maraqlarını təmin etmək niyyəti güdürlər.

İyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilmiş müşavirədə dövlətimizin başçısı bildirib ki, bundan sonra da içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. “Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”.

Ölkəmizdə həyata keçirilmiş nəhəng su layihələri olmasaydı, bu gün əhalinin su təminatı acınacaqlı ola bilərdi. Mingəçevir su anbarı, Baş Mil – Muğan kollektoru, Oğuz–Qəbələ– Bakı su kəməri, Taxtakörpü su anbarı, Ceyranbatan su anbarının yenidən qurulması, Şəmkirçay su anbarı, bunlarla parallel olaraq, Göytəpə və Tovuzçay su anbarları – son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir ki, bu da özlüyündə çox böyük rəqəmdir. Prezidentin təşəbbüsü ilə əksər şəhərlərdə içməli su və kanalizasiya layihələri icra olunub. Amma ölkə rəhbərinin də müşavirədə söylədiyi kimi, bəzi hallarda suyun mənbələri düzgün seçilməyib və təbiətin dəyişməsi, iqlim dəyişikliyi, o cümlədən, son iki il ərzində yaşanan quraqlıq və bunun riskləri hesablanmayıb. Ona görə içməli su layihələri başa çatan bəzi yerlərdə su qıtlığı yaranıb. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində ciddi problemlər yaranıb. Fermerlər, sahibkarlar bundan yuxarı instansiyalara şikayətlər yazırlar. Odur ki, cənab Prezident müşavirədə layihələrin səmərəliliyinin artırılmasının vacibliyini, işlərin koordinasiya şəklində aparılmasını önə çəkib.

Müşavirədə Neftçala rayonundakı mövcud vəziyyət də ciddi müzakirə edilib. Qeyd olunub ki, orada Kür çayının səviyyəsinin aşağı düşməsi və Xəzər dənizinin suyunun çaya qarışaraq onu şorlaşdırması üzündən vəziyyətin çətinləşməsi bir sıra problemlər yaradıb və hazırda operativ tədbirlər görülməkdədir. Xatırlayırıq ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyev “Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sərəncamın icrası sürətləndirilib. Artıq 44 kilometrlik Salyan-Neftçala su xəttinin 10 kilometrədək hissəsi çəkilib. Əlavə olaraq son müşavirədə verilən tapşırıqlardan biri də ondan ibarət olub ki, rayon ərazisində fəaliyyət göstərən 42 modul tipli sutəmizləyici qurğular yenidən analiz olunsun, onların həqiqətən işlək vəziyyətdə olub-olmaması öyrənilsin.

Sözügedən müşavirədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Neftçalanın su təminatının və əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün müvafiq qurumlar, ətraf rayonların yerli icra hakimiyyəti orqanları tərəfindən rayona 22 yeni sudaşıyan texnika cəlb olunub. Hazırda əlavə 18 su çəni qurulub və onların ümumi sayı 65-ə çatıb. Müşavirədə verilən tapşırıqların icrasından sonra Neftçala əhalisinin içməli suya tələbatı ilkin olaraq 2 dəfə artacaq və bu rəqəm artıq 50-60 faizə çatacaq.

Hazırda Neftçaladakı 42 modul tipli sutəmizləyici qurğudan 36-sı fəaliyyətdədir. Rayonun yeddi kəndi suyun şorlaşmasından əziyyət çəkməyib. Bu kəndlərdən üçünün suyu Akkuşa çayından götürülür, digər dörd kənd isə Salyan–Neftçala sərhədində yerləşdiyi üçün orada suyun şorlaşması müşahidə olunmayıb. Əkin sahələrinin suvarılması ilə bağlı o qədər də ciddi problem yaşanmayıb. Problemlərin həlli istiqamətində operativ tədbirlər həyata keçirmək məqsədilə bütün məsələlər müzakirə olunur. Yüksək atmosferli sutəmizləyici qurğular işə salınmaqla, əhali davamlı olaraq içməli su ilə təmin edilə biləcək.

Onu da qeyd edək ki, videoformatda keçirilmiş müşavirədən sonra Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Həmin sənədlə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir.

Əkin sahələrinin vaxtında və səmərəli suvarılması məhsuldarlığın artmasına şərait yaradan amillərdəndir. Bölgələrimizdə buna nail olunması üçün konkret işlər görülür. Məsələn, mövcud olan 25 min hektara yaxın əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlar olan Masallıda əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı və 3 milyon kubmetr su tutumu olan Babaser su anbarı vasitəsilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9892 hektar torpaq sahəsi (40 faiz) suvarma suyu ilə təmin edilir. Sahələrin 4500 hektarı qapalı şəbəkələr, 5392 hektarı isə açıq torpaq kanalları vasitəsilə suvarılır. Ölkə başçısının göstərişi ilə hazırlanan yeni layihədə Viləşçay su hövzəsinin həcminin 132 milyon kubmetrə çatdırılacağını vurğulayan nəhəng su müəssisəsinin rəhbəri – su anbarının ikinci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 20 min hektardan çox əkin sahələrin suvarma suyu ilə təmin ediləcək. Layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalanacaq. Ölkənin digər rayonları üzrə də konkret əməli işlər həyata keçirilməkdədir.

Azərbaycan əhalisi bu qənaətdədir ki, son müşavirədə Prezident İlham Əliyevin rayonlardakı vəziyyətə xüsusi diqqət yetirməsi dövlətimizin başçısının bütün vətəndaşların problemlərinə həssas yanaşdığını, onları narahat edən məsələlərin həllinə böyük önəm verdiyini göstərir.

Bəli, ölkəmizdə su təsərrüfatının qayğıları həllini tapır. Bu isə o deməkdir ki, dünyada müşahidə olunan su qıtlığının törətdiyi fəsadlar Azərbaycanda kəskin formada hiss edilməyəcəkdir.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

11 Avqust 2020 03:56 - EKOLOGİYA
EKOLOGİYA
2 Sentyabr 2020 | 16:19
Sentyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə