Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Konstitusiya Məhkəməsinin Plenumu əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun 47-ci və 48-ci maddələri baxımın­dan şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri E.Rüstəmovun, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru T.Piriyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun və mütəxəssis – Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyevin yazılı mülahizələrini, işin materiallarını araş­dırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respubli­kası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqın­da” Azərbaycan Res­publikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Res­publikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

11 2020 03:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə