Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi güc ölkənin qüdrətini və insanların rifahını yüksəldir

Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdimat mərasimində iştirak edərkən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma məlumat verərkən bildirib ki, dövlət tərəfindən bu binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil hədiyyə edilib. Qeyd edib ki, bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub. Hamısı ikiotaqlı olan bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8 min 18 mənzil və fərdi ev təqdim olunub. Onlar təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub.

Ölkəmizdə Qarabağ müharibəsi əlillərinin avtomobillə təminatı məsələsi də uğurla icra edilib. 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə, 150 avtomo­bil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması nəzərdə tutulub. Onu da deyək ki, təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir. Ümumiyyətlə, iyulun 21-də verilən 50 avtomobil də daxil olmaqla, indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub.

Dövlətimizin başçısına və birinci xanıma sosial təminat və birdəfəlik ödəmə, 2020-ci ildə məşğulluq tədbirləri, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti, sosial xidmətlər və reabilitasiya, şəhid ailələrinə və müharibə əlillərinə qayğı, DOST mərkəzlərinin fəaliyyəti, elektronlaş­ma və innovativ həllər, pandemiya ilə əlaqədar olaraq məşğulluğa və sosial rifaha dəstək tədbirləri barədə də məlumat verib. Ümumilikdə, Azərbaycanda xüsusi kateqoriya­dan olan şəxslər üçün güzəşt və imtiyazların ildən-ilə daha da ço­xalması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bildirildi ki, şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelində, təxminən, 100 faiz artıb.

Əlillərin rebilitasiya vasitələri ilə təminatı da uğurla icra olunur. Son zamanlar bu kateqoriyadan olan­lara reabilitasiya vasitələri səyyar formada yaşadıqları ünvanlarda təqdim olunur. Bu ilin ilk 6 ayında müharibə əlillərinə 1435 reabilitasi­ya vasitəsi verilib. Hazırda bir çox şəhər və rayonda bərpa və uşaq bərpa mərkəzlərinin inşası və təmiri davam edir. İlin birinci yarısında 1, 2 və 3 saylı DOST mərkəzlərinə 61057 vətəndaş müraciət edib. Vətəndaş məmnunluğu isə 96 faizdir. Tezliklə Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdədə DOST mərkəzlərinin açılması nəzərdə tutulur.

Cənab Prezident təhvil verilən yeni yaşayış yeri ilə tanış olduq­dan sonra bu məkanın çox gözəl təəssürat bağışladığını, müasir standartlara cavab verən ev tikil­diyini, mənzillərin də çox geniş və tam təmirli olduğunu bildirmişdir. Yəni, sadəcə olaraq, mebeli gətirib yaşamaq mümkün olacaqdır. Bu, Azərbaycan dövlətinin Vətənin müdafiəsi uğrunda canlarından keçən şəhidlərin ailələrinə və bu müharibədə sağlamlıqlarını itirənlərə diqqətinin təzahürüdür.

Dövlət başçımız şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin daim diqqət mərkəzində olduğunu, son illər ərzində bu istiqamətdə çox böyük işlər görüldüyünü diqqətə çatdıraraq demişdir: “Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik.

Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə ildə 500 – 600 – 700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır.

Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail ola­cağıq. Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsait nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranla­rını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur”.

Dövlət başçısı məcburi köçkünlərin məişət problemlərinin həllindən də danı­şaraq, bu il bu sahədə də rekord göstərici gözlənildiyini diqqətə çatdırmışdır. Bu il 7 mindən çox məcburi köçkün ailəsinin mənzillərlə təmin ediləcəyini qeyd edərək, bildirmişdir: “Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik, bunu təmin edirik və şadam ki, mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Bildiyiniz kimi, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Eyni zaman­da, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib”.

Prezident bunun, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürü kimi, həm də, dövlət və özəl sektor tərəfindən bu kate­qoriyadan olan insanlara qayğının əlaməti kimi qiymətləndirmiş, eyni zamanda, ölkəmizin gücünü göstərdiyini vurğula­mışdır. Çünki siyasət düz, niyyət xoş ola bilər, amma əgər bunu icra etmək üçün imkan yoxdursa, onda niyyət elə niyyət kimi qalacaq.

Ölkədə son illər ərzində iqtisadi sahədə böyük potensial yarandığından, bu gün bu işlər görülür. Dövlət başçı­sının qeyd etdiyi kimi, əgər bu poten­sial olmasaydı, bu işlər nəyin hesabına görülərdi, bu məsələdə kim bizə kömək göstərərdi? Erməni işğalı nəticəsində yiyəsizlik ucbatından yurdlarından didərgin düşən, respublikamızın müxtəlif bölgələrinə səpələnən köckünlərimiz vaxtilə müxtəlif ünvanlarda, hətta, çadır­larda məskunlaşmışdılar. İllər keçdikcə, onların da həyatında dönüş yarandı. Ailə quranlar, yeni övlad sahibi olanla­rın hesabına onların sayı daha da artdı. Çadır şəhərcikləri mərhələ-mərhələ, davamlı olaraq yeni-yeni şəhərciklərin tikilməsi ilə tarıxə köçdü. Yataqxana­larda məskunlaşanlar, darısqal, şəraitsiz evlərdə yaşayanlar, qohum evinə sığı­nanlar yeni mənzillərlə təmin olundular. Məcburi köçkünlər üçün salınmış “Qobu Park – 1”, “Qobu Park – 2” və “Qobu Park – 3” yaşayış kompleksləri ailələrin yeni mənzil intizarına son qoydu və onlara böyük sevinc yaşatdı. Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində dövlətin belə imkanları yox idi və məhz buna görə köçkünlər çadırlarda yaşa­yırdı, şəhid ailələri üçün evlərin təqdim edilməsi, ümumiyyətlə, mümkün deyildi. Bununla paralel olaraq, dövlətimizin güclü sosial siyasəti var. Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqla­rını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar.

Açılış mərasimində çıxış edən Prezident, həmçinin, sosial sahədə çox böyük işlər görüldüyünü, şəhid ailələrinin müavinətinin 20 faiz artırılaraq, 250 manatdan 300 manata çatdırıldığını, köçkünlər üçün müavinətlərin 50 faiz, bəzi müavinətlərin 100 faiz artırıldı­ğını qeyd etmişdir. Keçən il insanların sosial problemlərinin həlli üçün bir neçə milyard manat vəsait xərcləndiyini, bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insanın dövlət tərəfindən maddi dəstəklə əhatə olunduğınu bildirmişdir.

Həqiqətən də pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir: yeni sağ­lamlıq ocaqları, xüsusən, modul tipli xəstəxanalar tikilir, istər stasionar, istərsə də evdə müalicə alan xəstələr dövlət hesa­bına, dərmanlarla təchiz edilir. Ölkəmizə Rusiya, Türkiyə, Kubadan mütəxəssislər, həkimlər cəlb edilib. Bütün bunlar isə böyük maliyə vəsaiti hesabına başa gəlir. Dövlət başçısı İlham Əliyev bununla bağ­lı demişdir: “Biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Ona görə edə bilirik ki, bizim imkanımız var. İmkanı da biz öz işimizlə, məqsədyönlü fəaliyyətimizlə yaradırıq. Həm xarici siyasətimiz, həm daxili siyasətimiz bir məqsədi güdməlidir ki, ölkə daha da qüdrətli olsun, insanlar daha da yaxşı yaşasınlar”.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

 

9 Avqust 2020 13:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə