Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəffaflıq və hesabatlılıq təmin ediləcək

İslahatların əsas hədəfi Azərbaycanı müasir, inki­şaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qur­maqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Dünya enerji və fond bazarlarındakı durğunluq, koronavirus pande­miyası səbəbindən tətbiq olunan məhdudiyyətlər nəticəsində iqtisa­diyyatda müşahidə olunan geriləməyə baxmayaraq, Azərbaycan milli iqtisadiyyatında tənəzzülə apara biləcək vəziyyət yaranmayıb. Bunun əsas səbəbi son illər respublikada biznes mühitinin yaxşılaşdırılması və iqtisadiy­yatın şəffaflaşdırılması ilə əlaqədar layihələrin uğurla gerçəkləşdirilməsidir. Qeyd edək ki, koronavirus pandemiyası investisiya proqramlarının həyata keçirilməsində hər hansı bir gecikməyə də səbəb olmayıb. Cari ilin əvvəlindən dövlət büdcəsinin gəlirləri tam, hətta, profisitlə icra edilib. İşsizli­yin qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində cüzi artım olsa da, ölkədə inflyasiya sabit qalıb. Valyuta bazarında tam sabitlik bərqərar olunub. Neftin qiymətinin dəyişkənliyi bir qədər səngiyib və Azərbaycanın makroiqtisadi vəziyyətinə uyğun bir səviyyədə tarazlaşıb.

 

 

 

Bütün bunlar təsadüfi xarakter daşımır. İdarəetmə sisteminə nova­tor düşüncə tərzi, dinamizm və mü­asirlik çalarları gətirən dövlətimizin başçısı İlham Əliyev daim hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini nəzarətdə saxlayır, habelə ölkənin strateji re­surslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxım­dan, son 17 ildə regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılma­sı, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imza­ladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerində tanış ol­maq, sıravi vətəndaşlarla bir­başa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilk mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqət çəkir.

İndiki pandemiya şəraitində bu və digər mütərəqqi meyar­lara söykənən çevik idarəetmə modelinin formalaşdırılması da Azərbaycan üçün kifayət qədər aktual məsələdir. Yeni dünya reallıqlarını obyektiv dəyərləndirən Azərbaycan Prezidentinin son illərdə yürütdüyü məqsədyönlü siyasət də, bu mənada, təkcə dün­yada mövcud böhranın ölkəmizə mənfi təsirlərinin maksimum dərəcədə azaldılmasına deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəldilib.

Dövlətimizin başçısının həyata keçirdiyi struktur isla­hatları da dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti na­rahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr baza­sının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli məqsədini daşıyıb.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan İnvestisiya Holdinqi­nin yaradılması haqqında” 7 avqust 2020-ci il tarixli Fərmanı ilə adı çəkilən qurumun yaradılmasında da əsas məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən, həyata keçirdikləri investisiya proq­ramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması olub.

Fərmanının girişində bu barədə ətraflı bəhs edilərək bildirilib ki, respublikada həyata keçirilən davamlı struktur islahatları iqti­sadiyyatın səmərəliliyinin daha da artırılması məqsədinə xidmət edir. Bu istiqamətdə ölkədə ins­titusional və tənzimləyici çərçivə təkmilləşdirilib, milli iqtisadiyyatın özəyi olan təsərrüfat struktur­larında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılıb.

Sözügedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirib. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf edib, yeni strateji mərhələnin çağırış­larına adekvat formada qurulan idarəetmənin çevikliyi artıb.

Ötən müddətdə struktur islahat­larının əhəmiyyətini nəzərə alaraq dövlət xidmətləri və məhsul istehsalı sferasının da qabaqcıl prinsiplər əsasında idarə olunmasına xü­susi önəm verilib. Bu istiqamətdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi üçün bir sıra işlər görülüb, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilib.

Müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkün­dür. Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

Azərbaycan Prezidentinin 2020- ci il 7 avqust tarixli fərmanı ilə təsdiq edilən Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Nizamnaməsində bildirilir ki, bu qurum publik hü­quqi şəxs olaraq, idarəetməsinə verilən dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən, həyata keçirdikləri inves­tisiya proqramlarının şəffaflığının, habelə iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlı­lığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərəcək.

Fərmanla AİH-ə müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, həmin siyasəti reallaşdır­maq, müvafiq sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq münasibətləri qurmaq, qabaqcıl beynəlxalq təcrübədən yararlanmaqla dövlət müəssisələrində idarəetməni gerçəkləşdirmək, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə resurslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək və digər bu kimi səlahiyyətlər verilib.

AİH qarşısına, eyni zamanda, yuxarıda sadalananlarla bərabər, dövlət müəssisələrinə ayrılan investi­siyaların səmərəli istifadəsinə nəzarəti gerçəkləşdirmək, bunun monitorinqini aparmaq, xidmətlər bazarına özəl inves­tisiyalar yatırmaq, dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdır­maq, xərclərin optimallaşdırılması və maliyyə şəffaflığının qorunması ilə bağlı tədbirlər görmək, dövlət müəssisələrinin özəlləşdirilməyə (tam və ya qismən) hazırlanmasında iştirak etmək kimi vəzifələr qoyulub.

Sonda AİH-in yaradılmasını şərtləndirən bir neçə məqama da toxun­maq istərdik. Bununla bağlı əvvəlcə onu qeyd edək ki, Azərbaycan iqtisadiy­yatında dövlət müəssisələrinin xüsusi çəkisi böyükdür. Dövlət müəssisələrinin məşğulluqda payı təqribən 25 faizdir. On beş ən iri dövlət müəssisəsinin aktivinin həcmi ölkənin ÜDM ilə müqayisə edilə bilən səviyyədədir. Dövlət səhmdar ola­raq dövlət müəssisələrinin müasirləşməsi, texnoloji yenilənməsi, kapitallaşması və maliyyə dayanıqlığını təmin edərək onların keyfiyyət və səmərəlilik baxımın­dan yeni inkişaf səviyyəsinə keçidi üçün zəmin yaradıb.

Ekspertlər bildirirlər ki, dövlət AİH-in yaradılması ilə dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunması, idarəetmə strukturları və konsepsiya­larının təkmilləşdirilməsi, aparıcı özəl müəssisələrə məxsus səmərəlilik, şəffaflıq və hesabatlılıq əsasında fəaliyyətləri təmin ediləcək.

Səmərəliliyin artırılması onla­rın beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb ola­caq. Azərbaycan dövlət müəssisələrinin xarici bazarlara çıxdıqca və ya xaricdə fəaliyyətlərini genişləndirdikcə, (məsələn, SOCAR) rəqabət qabiliyyətliliyin önəmi daha da artacaq. Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər dövlət müəssisələrinin, həm də ixrac potensiallarının artmasına töhfə verəcək.

Dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyi aydın, ölçülə bilən və şəffaf səmərərəlilik göstəriciləri vasitəsilə müəyyən ediləcək. İnvestisiya Holdin­qi dövlət müəssisələrinin korporativ idarəetmə orqanlarında iştirak etməklə onların Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verməsini şərtləndirəcək.

Yeri gəlmişkən, dövlət müəssisələrini idarə edən investisiya holdiqnləri beynəlxalq təcrübədə geniş yayılıb. Hazırda Sinqapur (Temasek), Malayziya (Khazanah), Qazaxıstan (Samruk Kazına) və digərləri uğur nümunələri olaraq qəbul edilir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

9 Avqust 2020 13:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə